Banket havasında yazılan MAHNI MƏTNLƏRİ: “İfası qadağan olunmalıdır” – ETİRAZ

“Hazırda pop musiqidə yalnız müğənni var – nə bəstəkar, nə də şair nəzərə çarpır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında yazıçı, şair, publisist Qurban Yaquboğlu “müasir mahnıların mətnləri ilə bağlı sualımızı cavablandırarkən deyib.

Konkret misallar çəkən yazar əksər misraların “eşq havasında yox, banket havasında” yazıldığını, heç bir bədii-estetik yükü olmadığını təəssüf hissi ilə bildirib:

“Məlum həqiqətdir ki, mahnı təkcə musiqi deyil, həm də sözdür, şeirdir, sözlə musiqinin sintezidir. Bu məsələdə bəzən söz, şeir musiqiyə güzəştə gedə bilər, amma tamamilə anti-sözə, anti-şeirə çevrilə bilməz. Hazırda pop musiqidə yalnız müğənni var – nə bəstəkar, nə də şair nəzərə çarpır”.

Şair fikrini bir neçə mahnının mətnini misal çəkərək, əsaslandırıb:

“Tanınmış gənc müğənni, daha çox muğam ifaçısı kimi tanınan Almaxanımın “Sən olmasan” mahnısının sözləri Leyla adlı müəllifindir:
“İcazə ver, baxışın nəfəs almağa səbəb olsun,
Qələmin məndən yazsın, yaşayım sözlərində”.
Bu misralardakı dolaşıq ifadələr bir yana (baxışın nəfəs almağa səbəb olsun…), mahnı yazıya, mətnə həsr oluna bilərmi?..
Samir Piriyevin “Sevginin özüsən” mahnısı (sözləri Anara Fatalinindir) belə bəsit misralarla başlayır:
“Həyatımın rəngi solanda,
Ümidlər boz dumana qarışanda
Alnıma yazılırmışsan gümanda
İnan ki, tam zamanında…”

Qurban Yaquboğlu belə mahnıların müəyyən auditoriyalarda ifasının qadağan olunmasını məqbul sayıb:

“Bu misralar eşq havasında yox, şübhəsiz ki, banket havasında yazılıb, onun bədii-estetik yükü yoxdur. Hətta müəyyən auditoriyalarda ifası qadağan olunmalıdır. Fikrimcə, müasir mahnı mətnləri ilə bağlı ayrıca tədqiqat aparılmalıdır”.

Cəvahir

COP29