Banklara növbəti ÇAĞIRIŞ: “Kredit ödənişləri 3 aylıq dayandırılsın”

“Böhran zamanı əksər banklar gecikmədə olan müştərilərinə kredit verə bilmədiyi üçün onları itirirlər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında yerli bankların xarici maliyyə institutları ilə əməkdaşlığının səviyyəsini və nəticəsini iqtisadçı Alxan Xələfov deyib.

Alxan Xələfova görə, xarici maliyyə institutları ilə əməkdaşlığın zəif olması böhran durumlarında və dolların məzənnəsində artım zamanı banklarımıza çox mənfi təsir edir:

“Barmaqla saya biləcəyimiz banklar var ki, xarici maliyyə institutları ilə əməkdaşlıq edirlər. Dolların məzənnəsində artım olduğu dönəmdə isə banklar risklərin idarə olunması üçün hüquq şöbələrinin manevrləri əsasında dollarla kredit verərək, özlərini sığorta etdiklərini düşünürlər.

Böhran zamanı əksər banklar gecikmədə olan müştərilərinə kredit verə bilmədiyi üçün onları itirirlər. Halbuki bankların daha çox müştəriyə xidmət edərək, gəlir əldə etmələri lazımdır”.

Alxan Xələfov hesab edir ki, koronavirus panemiyasının yaratdığı mövcud durumda banklar kredit ödənişlərini 3 aylıq dondurmalıdırlar. Lakin banklar dövlət dəstəyi olmadan belə bir qərar verə bilmirlər:

“Banklar ya xarici maliyyə institutu ilə çalışmadıqlarına görə lazımi vəsaitləri yoxdur, ya da risklərini düzgün analiz edə bilmirlər. Əslində, banklar kreditlərin dondurulmasında maraqlı olmalıdır. Çünki əvvəlki dövrlərdə problemli müştərilərin sayının çoxluğu onların verəcəyi kredit məhsulunun həcmində azalmaya səbəb oldu.

Son məqamda isə banklar bu gecikmələri nəzərə almadan həmin müştərilərə kreditlər verməli oldu. Azərbaycanda bank sektorunun inkişafının lazımı səviyyədə olmaması iqtisadiyyatımızın inkişafını əngəlləyir. Bu baxımdan, ölkə banklarının xarici maliyyə təşkilatları ilə çalışması və onların risk, analtika, müştəri analizi sahəsindəki təcrübəsini qazanaraq, bank sektorunu daha da möhkəmləndirməsi məqsədəuyğundur”.

Gülşən Şərif