Bankların və kredit borcu olanların XİLAS formulu

Natiq Cəfərli: “Xarici oyunçular bazara girərsə həm faizlər aşağı düşər, həm də banklara inam artar”

Manatın iki ardıcıl devalvasiyası öz təsirini ən çox bank sektorunda göstərirdi. Problemli kreditlərin, xarici borcların həcminin artması bankları çıxılmaz vəziyyətə saldı. Bununla əlaqədar ötən il 12 bankın fəaliyyəti dayandırıldı. Ekspertlər iddia edirdilər ki, bankların bağlanması bununla kifayətlənməyəcək. Çünki, uzun illər aparılan yanlış pul-kredit siyasəti bankları iflas vəziyyətinə gətirib. Ancaq uzun zamandır ki, hər-hansı bir bankda maliyyə çatışmazlığı və ya bağlanma ehtimalı görünmür. Bununla bağlı ictimaiyyətə heç bir məlumat verilmir.

Son günlər manatın məzənnəsində baş verən bahalaşma bankların vəziyyətinə müsbət təsir göstərir. Bankların fəaliyyətinə nəzər saldıqda ilkin görüntü məhz bunu deməyə əsas verir. Ancaq iqtisadçılar hesab edirlər ki, banklarda yaranan problem bu qədər tezliklə həll oluna bilməz. Bankların böhrandan çıxması üçün ilk növbədə pul-kredit siyasətini dəyişmək vacibdir. Ancaq bu günə qədər heç bir bankın bu addımı atdığının şahidi olmadıq. Banklar kredit vermir, normal valyuta mübadiləsi aparmır. Bunlar isə bankın əsas gəlir mənbəyi hesab olunur.

Əgər bu əməliyyatlar normal deyilsə, bankın müsbət saldoya çatması mümkün deyil. Digər tərəfdən bu günə qədər yalnız 6-8 bank 2016-cı ilin yekunlarına dair hesabatda müsbət saldoya (gəlirə) çatdığını bəyan edib. Bu banklar isə Azərbaycanın ən böyük bankları sayılan və kifayət qədər aktivləri olan banklardır. Bəs digər banklarda vəziyyət necədir? Banklar böhrandan çıxdı? Bankların bağlanması niyə gündəmdən çıxıb?

 

“Cümhuriyət” qəzetinə açıqlamasında  iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, əslində bankların bağlanması gündəmdən çıxmayıb. Ekspert hesab edir ki, bir müddət sonra bankların birləşdirilməsi və ya bağlanması məsələsi yenidən gündəmə gələcək: “Sadəcə, bir müddət öncə  Mərkəzi Bank düzgün gedişlər etmədi. Birdən-birə bir neçə bankın bağlanması ajiotaja səbəb oldu. İnsanlar sağlam banklardan belə öz depozitlərini çəkməyə başladılar. Bankların depozitləri qaytarmasında da çox böyük problemlər yaşanırdı. Çünki, həmin dövrdə banklar əmanətləri qaytara bilmirdilər. Bu ajiotajı aşağı salmaq üçün sanki bir qərar verildi və bankların bağlanması prosesi dayandırıldı. “Bank Standart”da əmanətlərin həcmi kifayət qədər böyük idi və hökumət məcbur olaraq Əmanətlərin Sığortalanması Fonduna 450 milyon manat kredit ayırdı. Məhz bu kredit hesabına əmanətlərin qaytarılması mümkün oldu. 

Düşünürəm ki, bank sektoru hazırda elə bir həddə çatıb ki, sağlamlaşdırma addımları atılmasa bank sisteminin ayaqda qalması mümkünsüz hala gələcək. Çünki, həm problemli kreditlərin həcmi surətlə artır, həm də kreditləşmə demək olar ki, dayanıb. Ölkədə iqtisadi aktivlik zəiflədiyindən və faizlər kifayət qədər yüksək olduğundan vətəndaşlarda da kredit götürməyə həvəs qalmayıb. Əgər hər hansı bir bank verdiyi kreditləri yığa bilmirsə və yeni kredit xətləri açmırsa, təbii ki, gəlirləri azalır. Hesab edirəm ki, indiki vəziyyətə uyğun olaraq bir müddət sonra banklarda sağlamlaşdırma adı altında bir neçə bankın bağlanması yenidən gündəmə gələcək. Ən yaxşı halda ilin sonuna qədər 20 bankın ayaqda qalma ehtimalı var. Kiçik banklar isə daha tez sıradan çıxacaq”. 

N.Cəfərli vurğulayıb ki, problemdən çıxış yolu rəqabətli mühitin yaradılmasıdır. Onun sözlərinə görə, hökumət bütün bunlarla yanaşı, bank bazarına xarici oyunçuların girməsinə imkan yaratmalıdır: “O, zaman bu sektorda bir rəqabətli mühit yaranacaq. Biz bunu uzun zamandır tələb edirik və deyirik, amma heç bir tədbir görülmür. Xarici oyunçular bazara girərsə, həm faizlər aşağı düşər, həm də banklara inam artar. Əgər bu baş verməyəcəklərsə və sadəcə bankların bağlanmasıyla proses aparılacaqsa, bir müddət sonra ayaqda qalan bankların özündə də problemlər yaşanacaq. Ona görə də hesab edirəm ki, hökumət və Mərkəzi Bank tərəfindən bu məsələyə kompleks yanaşma olmalıdır. Həm bankların sağlamlaşdrılması, həm də bazar iqtisadiyyatına uyğun olaraq rəqabətli mühitin formalaşması üçün xarici bankları bazara gətirmək lazımdır. Bu əhali üçündə çox vacibdir. 

Çünki, iri xarici banklar bazara daxil olarsa, daha aşağı faizlə, daha keyfiyyətli kreditlər verməyə başlayacaq. Bu da əhalinin, iş adamlarının və ən əsası iqtisadi aktivliyin xeyrinədir. Amma, xarici bankların bazara daxil olmasına əngəllər yaradılacaqsa, yenidən bank sektorunda dalğalanmaların və təlatümlərin şahidi olacağıq”.

Vilayət Muxtar

 

COP29