Ölkədə baş verən ikinci devalvasiya “şoku” bankların acınacaqlı durumunu və bağlanma təhlükəsini bir daha ortaya çıxardı. İlin əvvəlində baş verən birinci devalvasiyanın təsirindən özünə gələ bilməyən bankların ikinci devalvasiyadan sağ çıxma ehtimalı azdır. Ekspertlər bildirirlər ki, bankların böyük əksəriyyəti 2016-cı ildən “sağ çıxmayacaq”.
Ekspert Natiq Cəfərli musavat.com-a açıqlamasında bildirib ki, devalvasiyadan ən böyük zərbə bank sisteminə dəyib:“Hətta birinci devalvasiyanı bank sistemi hələ həll edib problemlərdən qurtara bilməmişdi. İkinci, növbəti, daha kəskin, daha ağır devalvasiya bank sistemini çökdürəcək. Azərbaycanda fəaliyyət göstərən 40-dan yuxarı bankın ən azından yarısında ciddi problemlər yaşanacaq. İyirmidən artıq bankın ya bağlanması, ya birləşməsi gündəmə gələcək. Gələn ilin əvvəlində artıq biz bunu müşahidə edəcəyik. Bu problemlər ilk növbədə problemli kreditlərin artması ilə bağlı olacaq. Problemli kreditlər həddindən artıq çoxalacaq. Bu geri dönməyən kreditlərin artması bank portfelinin vəziyyətinə ciddi təsir göstərəcək. Onu da nəzərə almaq lazımdır ki, bankların xarici kreditorlar qarşısında valyuta ilə böyük öhdəlikləri, borcları var. Onların da qaytarılmasında ciddi problem yaşanacaq. Bankların aldıqları kreditin üzərinə bir il ərzində təqribən özü qədər faiz gəldi. Ona görə də bank sistemində vəziyyət çox ağır olacaq. Gələn ildən kəskin vəziyyətin məhz bank sektorunda olması, ciddi ixtisarların olması, bankların bağlanması, defolt elan olunması və yaxud da böyük banklar tərəfindən kiçik bankların ən yaxşı halda udulması prosesinin şahidi olacağıq. Bank sektorunda işləyənlərin böyük əksəriyyəti iş yerini itirəcək”.
Qeyd edək ki, ölkədə fəaliyyət göstərən bəzi kommersiya bankları həm manat, həm də dollar kreditləşməsini müvəqqəti dayandırıb. Kredit verilişinin dayandırılması əsasən istehlak kreditlərinə aiddir və müvəqqəti xarakter daşıyır. Həmin banklar kreditləşmənin qısa müddətdə, maksimum bu həftə ərzində bərpa olunacağını bildirib. İstehlak kreditləşməsində fəal olan banklar “Bank of Baku” ASC, “Unibank” ASC, “Bank Respublika” ASC kreditləşməni müvəqqəti olaraq dayandıranlar siyahısındadır. Banklardan bildirilib ki, kredit məhsullarının satışı cari vəziyyətlə əlaqədar olaraq müvafiq təhlil işlərinin aparılması məqsədilə müvəqqəti olaraq dayandırılıb. Təhlil prosesinin bir neçə gün davam edəcəyi gözlənilir. “Expressbank” ASC-dən isə kreditlərin taleyi ilə bağlı bu gün keçirilən iclasdan sonra qərarın açıqlanacağı bildirilib. Bununla yanaşı, “Dəmirbank” ASC, “Bank VTB (Azerbaijan)” ASC, “Kapital Bank” ASC, “Azər-Türk Bank” ASC kreditləşməni davam etdirir. “Kapital Bank” kreditləri yalnız manatla, “Azər-Türk Bank” dollarla, digərləri isə həm manat, həm də dollarla ayırır. Buna baxmayaraq, kreditləşməni davam etdirən banklarda proses məhdudlaşdırılıb.
Ekspert Vüqar Bayramov isə bildirib ki, bu dəfə də devalvasiyadan ən çox zərər çəkən sahə bank sahəsi oldu:”Mərkəzi Bank manatın məzənnəsinin aşağı düşməsinin bank sisteminə təsirlərinin minimuma düşməsi üçün addımlar atmalıdır. Manatın ucuzlaşması daha çox dollarla kredit götürən vətəndaşların ödəmə qəbiliyyətinə təsir göstərəcək. Bu da problemli kreditlərin daha da artmasına səbəb olacaq. Biz nəzərə alsaq ki, 21 fevraldan öncə dollarla kredit götürən vətəndaşların ödəyəcəyi məbləğin manatla ifadəsində təqribən iki dəfəyə yaxın, 21 fevraldan sonra kredti götürən vətəndaşların manat ifadəsində xərci isə 50 faizə yaxın artıb. Bu, o deməkdir ki, xarici valyuta ilə, xüsusilə də dollarla kredit götürən vətəndaşların ödəmə qabiliyyəti minimuma düşüb. Onlar öz kreditlərini ödəməkdə çətinlik çəkəcəklər. Bu baxımdan, Mərkəzi Bankın konkret addımlar artmasına ehtiyac var”.
Ekspertin sözlərinə görə, indiki halda, Mərkəzi Bank ya dollarla verilən kreditlər üzrə yaranan xərcin bir hissəsini kompensasiya etməlidir, ya da Rusiyada olduğu kimi güzəşt müddəti tətbiq etməlidir ki, vətəndaşlar dollarla götürdükləri kreditləri ödəyə bilsinlər: “Xərclərin kompensasiyası zamanı Mərkəzi Bank xərclərin bir hissəsini öz üzərinə götürməlidir ki, vətəndaş üçün ağırlıq yaratmasın. Digər məqam güzəşt müddətinin müəyyənləşdirilməsi və bu müddət ərzində vətəndaşlara öz öhdəliklərinin yerinə yetirilməsi imkanının tanınmasıdır”.
***
Unibank-dan “Qafqazinfo”ya bildirilib ki, bankda kreditləşmə ilə bağlı heç bir problem yoxdur: “Dünəndən kreditlərə start verilib”.