Banqkok partlayışına görə Türkiyə vətəndaşı həbs olundu

107822_res_01Tailand hakimiyyət orqanları ötən həftə Banqkok məbədində törədilmiş və 20 nəfərin həyatına son qoymuş partlayışla bağlı 28 yaşlı türkiyəlini həbs edib.

Britaniya və Türkiyə mətbuatı həbs edilənin Adem Karadag adlı şəxs olduğunu bildirir.

Bu, avqustun 17-də paytaxtın gur hissələrindən birində yerləşən Eravan ziyarətgahında törədilmiş partlayışla əlaqədar ilk həbsdir. Həlak olanların əksəriyyəti asiyalılar olub.

Çox sayda pasport

Şənbə günü onlarca bomba zərərsizləşdirən ekspert də daxil olmaqla 100-dək polis və hərbçi Banqkokun şərqində yerləşən Nonq Çok məhəlləsindəki yaşayış binasını əhatəyə almışdı.

Həbs edilən şəxsin mənzilində partladıcı qurğuların hazırlanması üçün hissələr və çoxsaylı pasportlar tapılıb.

“Biz əminik ki, bu şəxs ziyarətgahda partlayışın törədilməsində iştirak edib” – deyib polisin sözçüsü Pravut Thavornsiri.

O həmçinin bildirib ki, ziyarətgahdakı partlayışın ertəsi günü törədilmiş başqa bir partlayışda da bu şəxsin iştirakı olub. Turistlər arasında populyar olan körpüdə törədilmiş ikinci partlayışda tələfat olmayıb.

28 yaşlı şübhəliyə qarşı “partladıcı hazırlanması üçün qanunsuz materialların saxlanması” ittihamı irəli sürülüb.

Qisas aksiyası?

Tailand Daxili Təhlükəszilik Əməliyyatları Komandanlığının sözçüsü, polkovnik Banphot Funfien AFP agentliyinə bildirib ki, həbs edilən şəxs Türkiyə vətəndaşıdır.

Bəzi mənbələrin verdiyi xəbərə görə, tutulan şəxs partlayışın “qisas olaraq” törədildiyini deyib.

Artıq bir neçə gün idi ki, polis təhlükəsizlik kamerasına düşmüş əsas şübhəlini – əynində sarı mayka, bel çantasını ziyarətgahın içində qoyub gedən əcnəbi görkəmli şəxsi axtarırıdı.

Lakin polis həbs olunmuş Türkiyə vətəndaşının videodakı şəxslə əlaqəli olduğu barədə heç bir açıqlama verməyib.

“Biz onun otağında onlarca pasport tapmışıq və indi bu pasportların kimə məxsus ola biləcəyini araşdırırıq” – deyib sözçü.

Uyğur izi

Bundan əvvəl Tailandın “Kanal 3” televiziyasına müsahibə verən sözçü həbs edilən şəxsin evindən tapılmış materialların hər iki partlayışla əlaqəli olduğunu bildirmişdi.

Xəbər agentlikləri bildirirlər ki, hindu ziyarətgahında törədilən partlayışın Çinin müsəlman uyğur azlığı ilə əlaqədar olması barədə şayiələr yayılıb.

Şayiələrə görə, partlayış uyğurlara rəğbətli olan həmdinləri tərəfindən törədilə bilərdi.

Ötən ay Tailand öz ərazisinə qaçıb gəlmiş 100-dək uyğuru Çinin hakimiyyət orqanlarına təslim etmişdi.

“The Wall Street Journal” qəzeti yazır ki, həmin vaxt Türkiyədəki Tailand səfirliyinin qarşısında zorakı etiraz aksiyaları keçirilmişdi.(virtualaz.org)