“Barama FinTech Hackathon” yarışmasının nəticələri açıqlandı

 

“Azercell Telekom” MMC-nin Barama İnnovasiya Sahibkarlıq Mərkəzinin təşkilatçılığı və PAŞA Bankın dəstəyi ilə proqramçıların sevimli müsabiqəsi “Barama FinTech Hackathon” yarışmasının qalibləri bəlli olub.

Bu, Barama İnnovasiya və Sahibkarlıq mərkəzi tərəfindən təşkil olunan sayca 6-cı Hackathon müsabiqəsi olub. Mütəxəssislər tərəfindən aparılan texniki dəyərləndirmənin ardından 28 noyabr tarixində baş tutan təqdimat və mükafatlandırma mərasimində iştirakçı komandalar yaratdıqları həlləri münsiflər heyəti qarşısında təqdim ediblər. Beləliklə, müsabiqədə “AXON” komandası (Ziya Bayramov, Tural Gülməmmədov, Rüfət Məmmədli) Mirza Aİ çat bot sistemini yaradaraq I yerə layiq görülüb. Qalib komanda Azercell-in Barama Mərkəzindən 2000 AZN dəyərində hədiyyə kuponu əldə edib. Müsabiqənin “KLMZ” adlı komandası (Seyid-Kənan Bağırov, Rüfət Abdullazadə, Məhəmməd Rüstəmzadə) müştəri istəklərini və bank təkliflərini birləşdirən platforması ilə II yerə çıxıb, mükafatı 900 AZN təşkil edib, “404” adlı komandası (Gunay Həsənova, Vüqar Suleymanov, Rəşid Şirəlizadə) isə tez və asan yolla depozit yaradan tətbiqetmə layihəsi ilə III yerin sahibi elan edilib və 500 AZN dəyərində hədiyyə ilə mükafatlandırılıb.

Qeyd edək ki, bu dəfəki müsabiqədə gənc proqramçıların qarşısına məqsəd kimi informasiya texnologiyalarının köməyi ilə müştəri məmnuniyyətinin artırılması, xidmətin operativliyi yönündə yeni  məhsullar və innovativ həllərin yaradılması qoyulmuşdu. 10 komandada təmsil olunan 45 iddialı proqramçı 36 saat ərzində fasiləsiz olaraq müsabiqədə iştirak edib. Qeyd edək ki, bu müddətdə bütün iştirakçılar PAŞA Sığorta tərəfindən tibbi sığorta ilə təmin olunub. Layihəyə media dəstəyi Technote Media Platform və Barama Media tərəfindən göstərilib.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz         

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

COP29