Barama istehsalında BÖYÜK ENİŞ: “Səbəb rəqabətin olmamasıdır”

“Azərbaycanda ipəkçiliyin inkişafı dövlət tərəfindən xeyli dəstəklənir. Lakin bu il barama istehsalı ötən illərə nisbətən 33% azalıb”.

Bu sözləri Yenicag.az-a açıqlamasında iqtisadçı Akif Nəsirli deyib.

Onun sözlərinə görə, barama istehsalının azalma səbəbləri müxtəlifdir:

“Belə ki, əsas səbəb baramanı becərən fermer və məhsulu alan şirkətlərdir. Çünki, məhsulun alış qiyməti şirkətlərdə çox aşağıdır. Bu da öz növbəsində fermerin barama saxlamaq üçün çəkdiyi xərci belə qarşılamır. Digər bir tərəfdən isə şirkətlər arasında rəqabətin olmamasıdır. Məhsulu alan şirkətlərin fərqli olmasına baxmayaraq, qiymətlər eynidir. Lakin şirkətlər arasında məhsulun alış qiyməti fərqli olsa, bu, məhsulun daha çoxalmasına, fermerlərin problemlərin həll olmasına və müştəri çoxluğuna səbəb olacaq”.

İqtisadçı ipəkçilik istehsalının az olmasının Azərbaycan iqtisadiyyatına mənfi təsirlərindən də danışıb:

“Təbi ki, ipək istehsalının azalması bu sahənin beynəlxalq bazarlarda itirilməsinə gətirib çıxara bilər. Bu da ölkənin qeyri-neft sektorunda valyuta gəlirlərinin azalmasına səbəb olur. İpəkçilik sektoru kənd təsərrüfatı və sənaye sahələrində bir çox insanlara iş yeri təmin edir. Bundan əlavə, istehsalın azalması kənd yerlərində işsizlik səviyyəsini artıra bilər və regionlardan şəhərlərə miqrasiyanı sürətləndirə bilər. Azalan istehsal ilə birlikdə ipəkçilikdən gələn vergi gəlirləri və ixracat gəlirləri də azalır. Bu da dövlət büdcəsinə əlavə təzyiqlər yarada bilər. İpəkçilik istehsalının bərpası üçün dövlət tərəfindən dəstək proqramları, innovasiyaların tətbiqi və beynəlxalq əməkdaşlıq vacibdir. Bu sahənin inkişafı həm kənd təsərrüfatı, həm də sənaye sektorunun güclənməsinə təkan verə bilər”.

Mayıl Soltanov