Baş bankirin “topdağıtmaz imperiyası” çökür? – Şirkətlərinin siyahısı

1417765304_bez-issmeni-1“Baş bankir”in broyler təsərrüfatından sonra bankı da zərərə düşdü

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmovun biznesinə daxil olan qurumlar ciddi böhran içərisindədir. Onların bir qismi ciddi zərərlə işləməyə başlayıblar.
Bu yaxınlarda məlum oldu ki, Azərbaycanın ən böyük broyler məhsulu istehsalçısı “SƏBA” (keçmiş “Dəvəçi Broyler”) ilk dəfə ziyana düşüb. Şirkətin hesabatına görə, 2014-cü ildə satış həcmi 1,5 mln manat artaraq 40,4 mln manatı keçib. İstehsal və digər xərclər il ərzində 6 mln 340,4 min manat artaraq 42,3 mln manat olub. Nəticədə “SƏBA” ASC-nin illik ziyanı 1 mln 943,9 min manat olub.
2014-cü ildə şirkət broyler məhsulu satışını 500,4 ton artıraraq 14,3 min tona çatdırıb.
Nizamnamə kapitalı 4,8 mln manat olan şirkətin xalis aktivləri 31,7 mln manatdır. İl ərzində xalis aktivlər 1,3 mln manat azalıb.

Xatırladaq ki, “SƏBA” broyler şirkətinin məhz Elman Rüstəmovun nəzarətində olduğunu ölkə KİV-i çoxdan yazır. Amma indiyədək bu iddia təsdiq olunmasa da, təkzib də edilməyib.
Dünənsə məlum olub ki, “Bank Respublika” 2015-ci ilin birinci yarısını 1 milyon 821 min manat zərər ilə başa vurub. Bankın zərəri 2015-ci ilin 1-ci rübündə 1 milyon 228 min manat, 2-ci rübündə isə 593 min manat olub.

Xatırladaq ki, adıçəkilən bank 2014-cü ilin birinci yarısında 7 milyon 896 min manat xalis mənfəət əldə etmişdi.

2015-ci ilin yanvar-iyun aylarında bankın cəmi gəlirləri 41 milyon 851 min manat, o cümlədən faiz gəlirləri 31 milyon 122 min manat, qeyri-faiz gəlirləri isə 10 milyon 729 min manat təşkil edib. Yarım ildə “Bank Respublika”nın xalis əməliyyat mənfəəti 14 milyon 710 min manat olub. Əməliyyat mənfəəti kreditlər üzrə zərərlərin ödənilməsi üçün ehtiyatın yaradılmasına ayrıldığından bank zərər edib. Əməliyyat mənfəətinin ehtiyatlara ayrılması bankda ödəmə vaxtı keçmiş kreditlərin məbləğinin kəskin artması ilə bağlıdır.

Qeyd edək ki, “Bank Respublika”nın da qeyri-rəsmi sahibi Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmovdur. Mətbuat bu haqda çoxdan yazsa da, indiyədək nə AMB rəhbəri, nə də “Bank Respublika” bunu təkzib etməyiblər.

Görünən odur ki, bank sektorundakı mənfi proseslər hətta ölkənin “baş bankirin”dən də yan keçmir. Onun nəzarətindəki bankın yarım ildə 2 milyon manata yaxın zərər etməsi də məhz bunun göstəricisidir.

Bir sözlə, Elman Rüstəmovun adı ilə bağlanan biznes quruluşları çətin günlərini yaşayır. Onların arasında zərərlə işləyənlərin sayı getdikcə artır ki, bu da “baş bankir”in özünün də maliyyə imkanları baxımından zəifləməyə başlamasının nümayişi hesab oluna bilər.

Onu da deyək ki, mətbuatda yazılanlara inansaq, yuxarıda sadalananlardan başqa, AMB rəhbərinin biznesinə “Planet” şadlıq sarayı, “Subaru”, “Bakı İnvest Holdinq”, “Bakı Sığorta”, , “Honda”, “Mitsubishi” və “Bakı taksi” kimi şirkətlər də daxildir, baxmayaraq ki, onların rəsmi sənədlərlə Rüstəmovun adı ilə bağlılığını söyləmək mümkün deyil.

Ötən il KİV-də gedən məlumatlarda Elman Rüstəmovun tikinti bazarında da geniş biznesinin olduğu bildirilirdi. Qeyd olunurdu ki, xüsusən “Şüşəli Bazar” ətrafında tikilən kooperativ evlər və Səudiyyə Ərəbistanın səfirliyinə kirayə verilmiş malikanənin ona məxsus olduğu iddia olunur. Təəssüf ki, Azərbaycanda əmlakla bağlı sənəd bazalarının qapalı olması jurnalistlərin bu sahədə geniş tədqiqat aparmasına şərait yaratmır./Azerinfo.org