Baş konsula ağır ittiham – Prezidentin göstərişi Sankt-Peterburqa çatmır?

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd etmək və bir sıra önəmli tədbirləri keçirmək məqsədilə Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə may ayının 25-də Rusiyanın Sankt-Peterburq şəhərinə yola düşdük. Axşam saat 23:00-da Sankt-Peterburq hava limanına çatdıq. Pasport qeydiyyatından sonra açıq havaya çıxanda örgəşmədiyimiz ağ gecə bizi salamladı. Əsasən may ayı sərin olan Peterburq qismətdən bizi isti hərarətlə qarşıladı. Avropanın dördüncü böyük şəhəri olan Peterburq adalar üzərində qurulmuş Neva çayı boyunca incə memarlıq üslubu ilə göz oxşayır. Tək havanın isti hərarəti deyil, həm də burada yaşayan soydaşlarımızın da isti münasibəti ilə qarçılaşdıq.

Beynəlxalq Diaspor Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Sankt-Peterburqda keçiriləcək tədbirlərə növbəti gün, mayın 26-sı start verildi. Şəhərin mərkəzində dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan parkda Sankt-Peterburq Diaspor Təşkilatı ilə birlikdə keçirilən bayram tədbirimiz dövlət himninin səsləndirilməsi ilə başladı. İlk öncə Sankt-Peterburq Diaspor Təşkilatının sədri Sabir Məsimov, Naxçıvan Cəmiyyətinin sədri İdris Qəhrəmanov, “Anaların səsi” Qadınlar Asossasiyasının sədri Sahibə Rzayeva çıxış edərək xalq cümhuriyyətinin tarixi əhəmiyyətindən danışdı. Daha sonra Beynəlxalq Diaspor Mərkəzinin sədri dr. İsmayıl Ağayev çıxış edərək, AXC-nin 100 illiyinin həm ölkəmizdə, həm də ölkədən kənarda dövlət səviyyəsində qeyd olunması istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin verdiyi fərmanı diqqətə çatdıraraq bunun tariximizə verilən yüksək qiymət olduğunu qeyd etdi. Tədbirdə daha bir neçə maraqlı çıxışlardan sonra “Çinar” qrupu milli rəqslərlə bayram şənliyinə rəngarənglik qatdı. Dahi Nizaminin abidəsi önünə toplaşan Sankt-Peterburqda yaşayan və təhsil alan soydaşlarımızın üzündə bayram sevinci vardı. Bu xoş təəssüratla cümhuriyyətimizin yubileyini axşam “Azerbaydjanskaya kuxnya” adlı restoranda davam etdik. Bu restoran və sahibi haqqında bir neçə kəlmə qeyd etməyi özümə borc bilirəm. Əvvəla içəri girdikdə o dəqiqə Azərbaycanı xatırladan bir məkana daxil olduğunu hiss edirsən. Azərbaycan mili ornamenti ilə dizayn edilmiş restoranın xalqımızın dahi şəxsiyyətlərinin, Heydər Əliyevin, Məhəmmədəmin Rəsulzadənin, General Şıxlinskinin, General Mehmandarovun, Zeynalabdin Tağıyevin və digər tarixi şəxsiyyətlərin portretləri ilə bəzədildiyini görürsən. Restoranın sahibi Xudaverdi Şərbətov milli keyfiyyətləri və içindən süzülüb gələn azərbaycançılıq ruhu ilə nəfəs alan bir soydaşımızdır. Məhz belə milli ab-havada cümhuriyyətimizin 100 illiyini Peterburqda yaşayan diaspor fəalları ilə qeyd etdik.

Səfərimizin növbəti günü mayın 27-də Piskaryov Memorial Xiyabanını ziyarət etdik. Burada İkinci Dünya Müharibəsində kütləvi surətdə həlak olmuş insanlar dəfn olunub. Xüsusilə 872 gün Alman mühasirəsində qalaraq aclıqdan tələf olmuş 600 mindən artıq insan da burada kütləvi surətdə dəfn edilib. Bu İkinci Dünya Müharibəsinin təkcə Leninqrad üçün ən ağır nəticəsidir. Leninqradın müdafiəsində və mühasirədən azad olunmasında azərbaycanlıların da müstəsna xidmətləri vardır. Bu məqsədlə xiyabanda Azərbaycan xalqına minnətdarlıq lövhəsi qoyulub. Azərbaycanlıların xatirəsinə qoyulmuş lövhəni ziyarət edərək burada həlak olmuş soydaşlarımızın ruhlarını yad etdik. Həmin gün qubernatorun dəvəti ilə Sankt-Peterburq şəhərinin yaranmasının 315 illiyi münasibətilə təşkil olunmuş tədbirə qatıldıq.

Səfərimizin 3-cü günü 28 may tarixində Rusiya Təhsil Akademiyasının Smolnıy İnstitutunda cümhuriyyətimizin 100 illiyinə həsr olunmuş konfransımız keçirildi. Konfransda cümhuriyyət tariximiz haqqında sənədli film nümayiş olundu. Konfransda İnstitutun təsisçisi, akademik Heydər İmanov, fəlsəfə doktorları Kərəm Hümbətov, Müslüm Muradov, Sankt-Peterburq Diaspor Təşkilatının sədri, deputat Sabir Məsimov, Sankt-Peterburq şəhər deputatları, Elşad İmanov, Vidadi İmanov, gənc diaspor fəallarından Zakir Nəbizadə, işadamı Naib Paşayev, polkovnik Nadir Seyidovun cümhuriyyət tariximizin və müasir Azərbaycanın dünyaya tanıdılması ilə bağlı maraqlı və məzmunlu çıxışları oldu.

Səfərin 4-cü günü 29 may tarixində Sankt-Peterburq Millətlər Evində görüşümüz baş tutdu. Buradakı görüşü də Azərbaycanın tanıdılması, Rusiya-Azərbaycan ictimai əlaqələrinin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətli saymaq olar.

Səfərin 5-ci günü 30 may tarixində uzun illərdir Sankt-Peterburqda yaşayan, həm elm sahəsində, həm də Azərbaycanın təbliği istiqamətində bir sıra yaradıcı layihələrə imza atan Heydər İmanovun təşəbbüsü ilə Rusiya patriarxının sözçüsü Aleksandr Posadskiylə görüşdük. Bu görüşü də səfərimizin əhəmiyyətli hissəsi hesab edirəm. Xəzərətrafı ölkələri maraqlandıran problemlərdən tutmuş, Ermənistandakı “Metsamor”-a qədər geniş bir mövzunun müzakirəsini apardıq. Səfərin sonuncu günündə isə Sankt-Peterburq Diaspor Təşkilatının ofisində Azərbaycan diasporunun bu günkü vəziyyətini əhatə edən lazımlı müzakirələr aparıldı. Həm BDM sədri İsmayıl Ağayev, həm Sankt-Peterburq Diaspor Təşkilatının sədri Sabir Məsimov, deputat Elşad İmanov, BDM-in Sankt-Peterburq təmsilçisi Şirin Şirxanov və digər dostlarımız Sankt-Peterburqda diasporumuzun mövcud vəziyyəti və həyata keçirilməsi vacib olan işlərlə bağlı fikirlərini bildirdilər.

Beləliklə səfər müddətimiz başa çatdı. Amma bu müddət ərzində qeyd etdiyim tədbirlərdən başqa ayrı-ayrılıqda Sankt-Peterburqda yaşayan, işləyən bir çox soydaşlarımızla görüşlərimiz oldu. Bütün görüşlərimizdə iştirak edən köhnə və ya yeni tanış olduğumuz soydaşlarımızda şişirtmədən qeyd edim ki, vətənə olan məhəbbəti gördük. Lakin təəssüflər olsun ki, yuxarıda qeyd etdiyim xoş sözləri Sankt-Peterburqda fəaliyyət göstərən Baş konsulluğumuz haqqında deyə bilməyəcəm. Səfərimizdən bir həftə əvvəl Baş konsulluğumuza rəsmi müraciətimizə və daha sonra Sankt-Peterburqda BDM sədri İsmayıl Ağayevin Baş konsulla telefon əlaqəsi yaratmasına baxmayaraq, nə özü, nə də diplomatik korpusun digər nümayəndələri həyata keçirilən tədbirlərin heç birində iştirak etmədilər. Bizə və təşkilatımıza deyil, cümhuriyyət tariximizə və cənab prezidentin sərəncamına sayğısızlığı Baş konsulumuza yaraşdırmadım. Peterburq Rusiyanın elitar şəhəri olduğu kimi burada yaşayan soydaşlarımız da həqiqətən daha elitar və ziyalı insanlardır. Burada böyük bir potensial gördük. Həm elm sahəsində, həm iş dünyasında, həm də şəhər idarəçilik sistemində geniş potensiala malik olan soydaşlarımız var. Yaxşı, gəlin görək bizim diplomatik korpusumuz bu insanlarımızla, buradakı diaspor təşkilatlarımızla nə dərəcədə ünsiyyət qura bilir. İstər dövlət, istərsə də diaspor təşkilatı biz hamımız bir məqsədə nail olmaq üçün bir yerdə çalışıb, birgə mübarizə aparmalıyıq. Səfirliklərimizin fəaliyyəti ilə bağlı cənab prezident İlham Əliyev aşağıdakı fikirləri bildirib: “Əlbəttə, dövlət orqanları ilə Azərbaycan diaspor təşkilatlarının əlaqələri daimi olmalıdır, güclənməlidir. Diasporla İş üzrə Dövlət Komitəsi burada koordinasiya funksiyalarını icra edir. Eyni zamanda, bizim xarici ölkələrdə fəaliyyət göstərən səfirliklərimiz də bu işdə çox fəal olmalıdırlar. Mən onlara da dəfələrlə tövsiyə etmişəm, göstəriş vermişəm ki, diaspor təşkilatları ilə daim əlaqədə olsunlar. Mən xaricdə fəaliyyət göstərən səfirlərlə iki ildən bir görüş keçirirəm və hər bir çıxışda xüsusilə bu mövzuya toxunuram ki, onlar diaspor təşkilatlarına kömək göstərməlidirlər. Diaspor təşkilatları ilə səfirliklər arasında möhkəm əlaqələr olmalıdır və bu əlaqələr güclənməlidir. Çünki bir daha demək istəyirəm, biz bir məqsədə qulluq edirik, biz hamımız istəyirik ki, Azərbaycan daha da güclənsin. Hamımız istəyirik ki, xaricdəki azərbaycanlılar rahat yaşasınlar, yaşadıqları ölkələrdə yüksək mövqelərə malik olsunlar və Azərbaycanı ləyaqətlə təmsil etsinlər”. Ölkə başçımızın tövsiyyə və göstərişlərini Baş konsul Sultan Qasımova xatırlatmaq istəyirəm. Çox təəssüflər olsun ki, bəzi ölkələrdə Peterburqda olduğu kimi həm Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş rəhbərliyi (gedənin arxasıyla danışmaq istəmirəm), həm də səfirliklərimizin biganəliyi ucbatından parçalanmalar yaşanmaqdadır. Sankt-Peterburqdakı azərbaycanlılar keçmiş Baş konsul Qüdsi Osmanovla Azərbaycanlıların Milli Mədəni Muxtariyyətinin rəhbəri Vaqif Məmişovun müharibəsinin acısını çəkməkdədirlər. İki nəfərin arasında olan şəxsi münaqişə bu şəhərdə yaşayan Azərbaycan elitasını iki yerə bölüb. Nə yazıq ki, hazırki Baş konsul bu biabırçılığa son qoyub birləşmə yolu tutmaq əvəzinə parçalanmış bir qütbdə dayanmağa üstünlük verir. Vaqif Məmişov da bu xalqın nümayəndəsidir və onun da bəlli xidmətləri vardır. Baş konsul Vaqif Məmişovu da, digərlərini də bir araya gətirmək qabiliyyətində olmalıdır. Amma görünən odur ki, Baş konsulumuzun dağıstanlı dostuna sərf etdiyi vaxtı azərbaycanlılara və diasporumuza sərf etməyə həvəsi yoxdur. Bunları qeyd etməyi özümə borc bilməklə yanaşı Azərbaycan Xarici İşlər Nazirliyini bu məsələyə ciddi diqqət ayırmağa, eyni zamanda Diasporla İş üzrə Dövlət Komitəsinin yeni sədrini təbrik edərək Sankt-Peterburqdakı durumu nəzərdən keçirməyə çağırıram. Xaricdə yaşayan hər bir soydaşımız və diaspor təşkilatımız bizim üçün dəyərlidir. İxtilaf olanlar arasında ilk növbədə səmimi ünsiyyət münasibətləri yaradılmalıdır. Sizinlə bölüşmək istədiyim Sankt-Peterburq səfər təəsüratlarını xoş hisslərlə tamamlamaq istəyirəm. 6 gün ərzində bizə diqqət və qayğı göstərən Sankt-Peterburq təmsilçimiz Şirin Şirxanova, Sankt-Peterburq Diaspor Təşkilatına və yuxarıda adlarını qeyd etdiyim hər bir kəsə minnətdarlığımı bildirirəm. Eyni zamanda dostlarımız Radik, Nicat, Ramin və Ruslanın adlarını da qeyd etmək istəyirəm.

Cümhuriyyətimizin 100 illiyini vətəndən kənarda keçirmək, Sankt-Peterburq şəhərinin mərkəzində dövlət himnimizi dinləmək, tariximizi, keçmişimizi təbliğ edən bir layihəyə imza atmaq qürurvericidir. Tanrı cümhuriyyətimizi əbədiyyətə qədər yaşatsın, bayrağımızı daim ucalarda dalğalandırsın.

Samir Adıgözəlli

BDM sədrinin birinci müavini

DAK icra aparatının rəhbəri

Böyük Millət qəzetinin baş redaktoru

COP29