!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Baş məşqçi: "Olimpiya çempionu da olsa komandadan qovacağıq"

!Reklam – Yazi

Sərbət güləş üzrə yığma komandanın baş məşqçisi Firdovsi Umudov Yeniçağ.az-a müsahibə verib:

– Firdovsi müəllim, Dünya kubokuna gənclərlə getməyiniz risk deyildimi?

– Sözsüz ki, risk idi. Risk olmayan yerdə nəticə də olmaz. Mən məğlubiyyət olacağından qorxsam, uşaqlar nə etməlidir?! Gərək öndə gedən məşqçi və ya komandir risk etsin ki, onun rəhbərlik etdiyi komanda da inamını itirməsin. Toğrul Əsgərov 19-20 yaşında Olimpiya çempionu olmuşdu. Artıq bu gənclərin də yaxşı nəticələr vermək vaxtı idi.

– Kimin güləşində təəssüfləndiz?

– Muradın görüşünə… Çünki o görüşdə 5:1 öndə olduğumuz halda hakimin ədalətsizliyi, haqsız yerə xəbərdarlıq verməsi doğrudan da çox gülməli bir hal idi.
Amma ümumilikdə, gənclərimiz özünü yaxşı tərəfdən göstərə bildilər.

– Olimpiya çempionu Toğrul Əsgərovun zədəli olması komanda üçün problem yaratdı?

– Sözsüz ki, Toğrul 70 kq. çəki dərəcəsində həmin yarışda iştirak etsəydi, komandamızın nəticəsi tamam başqa olardı. Amma onun zədəsinin çox ciddi olduğunu bilirdik. Hazırda Toğrul bir neçə müayinədən keçib. Yaxın zamanda əməliyyat olunacaq. Sözün düzü, onun getməməsi məni çox təəssüfləndirdi.

– O, nə vaxta qədər məşqlərdən, yarışlardan uzaq qala bilər?

– Buna əməliyyatdan sonra həkimlər qərar verəcək. Çünki boyun əməliyyatı çox ciddidir. Həkimlərin qərarından sonra bilinəcək ki, Toğrul nə vaxt güləşəcək. Hələ onun bərpa müddəti də var.

– Firdovsi müəllim, İrandakı bayraq məsələsinə görə sizin çox sərt reaksiya verdiyiniz deyilir. Bundan sonra üzr istəyənlər oldumu?

– Həqiqətən də yarışın təşkilat komitəsinə çox sərt etiraz etdim. Mən həmişə demişəm: Bayraq bizim qürurumuzdur. Qürurumuza toxunan insanlara, hərəkətə sakit durmaq mümkün deyil.
Əgər səhvlərini düzəltməsəydilər biz komandayla birgə qərar vermişdik ki, yarışa çıxmayaq. Yarışı boykot edəcəyimizi demişdik. Bütün dünyanın izlədiyi yarışda Azərbaycan bayrağının düzgün olmaması bizim üçün qəbuledilməzdir. Həm ay-ulduz arxaya çəkilmişdi, həm də ortadan iki ağ xətt gedirdi. Öz ağıllarına görə bayrağımıza bir bəzək vurmuşdular.

Mən də onlara etiraz edib dedim ki, sizin bayrağınıza ay-ulduz vursaq xoşunuza gələr? Biz ölkəmizdə keçirilən turnirlərdə, yarışlarda onların bayrağına qarşı belə bir haqsızlıq, təxribat etməmişik. Yaşından asılı olmayaraq, hər bir insan öz bayrağını sevməli, hörmət etməlidir. Belə halları gördüyümüz zaman mütləq qarşısını almalıyıq. Təəssüflər olsun ki, özümüzün içində də bayrağına, dövlətinə hörmətsizlik edənlər var.
Özünü azərbaycanlı sayan hər kəs bayrağını, dövlətini , millətini sevməldir. Hətta mən bunu arzu edirəm. Biz bu cür fikirləri məşqçisi olduğumuz komandaya da aşılayırıq. Tək yerlilərə yox, hətta əcnəbi idmançılara da başa salırıq ki, bizim bayrağımız altında mübarizə aparırsınızsa, hörmət də etməlisiniz.

Hörmətsizlik edən insan kimliyindən asılı olmayaraq, komandadan qovulur. İstər Olimpiya çempionu olsun, istərsə də Dünya ya Avropa çempionu… Yığmada tətbiq etdiyimiz nizam-intizam qaydalarından birincisi dövlətimiz, bayrağımız və millətimizə olan hörmətdir.

– İddia edilirdi ki, Riodakı Olimpiadadan sonra Şərif Şərifov və Toğrul Əsgərov karyerasını bitirə bilər. Olimpiya çempionlarımızın qərarını dəyişdirməsi, komandada qalması üçün hansısa danışıqlar oldu, ya ümumiyyətlə belə bir fikirləri olmayıb?

– Xeyr, elə bir fikir yoxdur. Onlar özləri də uşaq deyillər. Hər şeyi yaxşı dərk edirlər. Biz güləşçilərimizə inanırıq, onlar da bizə… Bu gün də hər şey öz axarıyla davam edir.

Olimpiya oyunlarından sonra onları yığma komandaya cəlb etdim, danışıqlar apardım. Bildirdim ki, siz gəncsiz, hələ güləşmək lazımdır. Onlar da mənim dediyimlə razılaşdılar. Hətta Ş. Şərifov səhhətində problem olmasına baxmayaraq, çəkisini azaldıb, bu yarışda iştirak etdi.

Toğrul Əsgərov da zəng edib deyirdi ki, “mən də bu Dünya kubokunda güləşmək, komandamın yanında olmaq istəyirdim”. Yəni onların ürəyində millimiz üçün güləşmək istəyi var. Təəssüflər olsun ki, səhhəti ona imkan vermədi. İnşallah sağalar, Tokio Yay Olimpiya Oyunlarında bayrağımızı qaldırıb, himnimizi səsləndirər.

– Qarşıda hansı yarışlar var?

– Bizi beynəlxalq turnirlər gözləyir. Kiyevdə, Türkiyədə və Bolqarıstanda yoxlama turnirlərimiz var. Ondan sonra isə Avropa çempionatı və İslam Həmrəylik Oyunlarında iştirak edəcəyik.
Heyəti indi açıqlamıram. Çünki bəzi çəki dərəcələrində idmançılarımızı yoxladıqdan sonra heyət barədə məlumat verəcəyik. Ola bilər ki, çəkilərdə də dəyişiklik olsun.

– Dünya kubokunda iştirak edən gənclərimizdən kimin növbəti Olimpiya çempionu olacağına inanırsınız?

– Sözün düzü, mən onların hər birinə inanıram. Buna görə də onları ilk yarışda dəvət etdim. Gənc güləşçilərimiz də ilk yarışda özlərini yaxşı tərəfdən göstərib, ümidimizi doğrultdular. Həm psixoloji cəhətdən, həm də də fiziki, taktiki baxımdan hazır olduqlarını sübut etdilər.

Zamanın axarına buraxaq, özünüz də görəcəksiniz ki, onların bir çoxu mütləq Olimpiya oyunlarının medalını qazanacaq.

 

Aygün İlqarqızı
Yeniçağ.az

Fotolar: Cəmalə Əlizadə

www.yenicag.az

910
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv