Baş məşqçi: “Son tura qədər əziyyət çəkəcəyik”

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXV turunda evdə “Səbail”ə 1:2 hesabı ilə məğlub olan “Sumqayıt”ın baş məşqçisi Samir Abasov oyundan sonra mətbuat konfransı keçirib.

Yenicag.az “Report”a istinadən bildirir ki, o, əvvəlcə oyun haqqında danışıb:

– Rəqiblərimizin məğlubiyyətindən sonra işimizi rahatlaşdırmaq üçün qalib gəlməli idik. Təəssüf ki, alınmadı. Pis oynamadıq. Qol epizodlarımız oldu, reallaşdıra bilmədik.

Son tura qədər əziyyət çəkəcəyik. Çətin Gəncə səfəri olacaq. Nə bacarırıqsa, onu edəcəyik. Heç kimi günahlandırmaq istəmirəm. Oyunçuların hamısı qalib gəlmək istəyirdi.

– Dünənki qarşılaşmaların nəticəsi bugünkü oyuna təsir etdi?

– Dünənki oyunlarda rəqiblər udsaydı, başqa cür oynayacaqdıq desəm, düz olmaz. Bu gün də pis oynamadıq. Qol buraxandan sonra təlaşa düşdük. Xoş hal idi ki, udmaq istəyirdik, yəni can yandırırdıq, işimizi daha da rahatlaşdırmaq istəyirdik. Bizə bu ilə sona qədər mübarizə aparmaq yazılıbsa, onu da edərik.

– Sizcə, “Səbail” qələbəyə layiq idi?

– Rəqib qələbə qazanıbsa, deməli layiqdir. Oyunun əvvəlindən hücumlar edirdik, düşünürdüm ki, biz qol vuracağıq. Rəqibin qələbəsini qiymətləndirməmək istəmirəm. Oyun heç-heçə olsaydı, yenə razı olmayacaqdım. Rəqibi təbrik edirəm. Əllərindən gələni etdilər, yaxşı oynadılar, əks hücumlarda effektli idilər. Vaxt uzatmadan da yaxşı istifadə etdilər. Qələbəyə biz daha istəkli idik, qalib gəlməli idik.

– İkinci hissədə meydana buraxdığınız heyəti start heyəti kimi qeydə alsaydınız, sizcə hesab fərqli olardı?

– İkinci hissədə məcbur olub heyəti dəyişdik. Bir sistemdə oynayırıq, ancaq futbolçular formadan düşəndə məcbur olub müəyyən dəyişikliklər edirik. Xəyalı ilk dəqiqələrdən riskə atmaq istəmədik. Rəşadın zədəsi var, ancaq Amil haqda bunu deməzdim. İstədiyimizi birinci hissədə gördüm, sadəcə alınmadı.

– Cavid İmamverdiyev sanki son 3 oyundur futbol oynamır. Bəlkə fikri başqa yerdədir?

– Bilmirəm, fikri hardadır. İnanmıram ki, oyundankənar nəsə düşünsün. Cavid bu komandaya ürəyini qoyub. Siz qəbul edin ki, futbolçuya təklif gəlməyi normaldır, oyununun alınmaması da normal. İnanmıram ki, Cavid hansısa təklifə görə tam mübarizə aparmasın.

– Vurğun Hüseynovun oynamadığı müddətdə komandanın nəticəsi heç də ürəkaçan olmur.

– Razı deyiləm, müdafiəçilərimizin hamısı yaxşıdır. Vurğun komanda ilə birlikdə məşqlərə başlayıb. Növbəti oyunda meydana çıxa bilər.