Martın 15-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.
Yenicag.az xəbər verir ki, iclasda Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və hökumət üzvləri iştirak ediblər.
İclası açan spiker ötən iclasdan bəri Milli Məclisdə görülmüş işlər haqqında məlumat verərək bildirib ki, bu dövrdə Milli Məclisin 13 komitə iclası keçirilib, bir sıra qanunvericilik aktlarının layihələri ətraflı və geniş müzakirə edilib və plenar iclasda baxılmasına dair rəy verilib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi “Nəqliyyatın idarə edilməsində yeniliklər və çağırışlar” mövzusunda geniş ictimai dinləmə keçirib. Dinləmədə Milli Məclisin müxtəlif komitələrinin üzvləri, Aparatın müvafiq şöbələrinin işçiləri, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Yerüstü Nəqliyyat Agentliyinin rəhbər vəzifəli şəxsləri, habelə “Boston Consulting Group” şirkətinin nümayəndəsi və müstəqil ekspertlər də iştirak ediblər.
Ötən dövrdə Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafı sahəsində bir sıra tədbirlər həyata keçirilib.
Milli Məclisin sədri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Bolqarıstan Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkov, Böyük Britaniya parlamentinin üzvü Əfzəl Xan, Almaniya Bundestaqının Hüquq siyasəti komitəsinin sədri Elizabet Vinkelmayer-Beker və rəhbərlik etdiyi heyət, Avstriya parlamentinin Cənubi Qafqazla dostluq qrupunun rəhbəri Andreas Minnix və qrupun üzvləri, Gürcüstan Parlamentinin Təhsil, elm və gənclər məsələləri komitəsinin sədri Givi Mikanadze və komitənin üzvləri, UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Saca Faruq Abdullah ilə görüşləri barədə məlumat verib.
Bildirilib ki, Milli Məclisdə Türk Dövlətləri Parlament Assambleyasının Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının “TÜRKPA üzvü olan dövlətlərdə elmi və texnoloji inkişafda parlamentlərin rolu və qanunvericilik dəstəyi” mövzusunda 11-ci iclası keçirilib.
Həmçinin qeyd olunub ki, martın 13-də Avropa Parlamenti ölkəmizə qarşı qərəzli münasibətini bir daha nümayiş etdirərək “Avropa İttifaqı və Ermənistan arasında daha yaxın əlaqələr və Azərbaycanla Ermənistan arasında sülh sazişinə ehtiyac” adlı qətnamə qəbul edib. Milli Məclis anti-Azərbaycan xarakterli bu növbəti qətnaməyə yenə də öz qəti etirazını bildirib.
Sonra iclasın gündəliyi təsdiq olunub.
Spiker bildirib ki, bu gün Milli Məclisin yaz sessiyasının beşinci iclasıdır və Konstitusiyaya uyğun olaraq Nazirlər Kabineti ötən ildəki fəaliyyəti barədə hesabat verir. Nazirlər Kabinetinin yeni tərkibi formalaşdıqdan sonra hökumət üzvləri ilk dəfədir Milli Məclisin iclasında iştirak edirlər.
Milli Məclisin sədri bildirib ki, 2023-cü il milli inkişaf tariximizə “Heydər Əliyev İli” kimi daxil olub. Ötən il həm də İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü qeyd edilib. Keçdiyimiz tarixi dövrün təhlili göstərir ki, Ulu Öndərin rəhbərliyi ilə ölkə iqtisadiyyatında bərqərar edilmiş inkişaf dinamikası Prezidentin rəhbərliyi ilə ildən-ilə daha da möhkəmlənib və 2023-cü ilin uğurlu göstəricilərində yeni ifadəsini tapıb.
Spiker qeyd edib ki, ötən il ölkədə 123 milyard manatlıq ümumi daxili məhsul istehsal olunub. Bu, 2022-ci illə müqayisədə 1,1 faiz çoxdur. Sevindirici hal odur ki, artım qeyri neft-qaz sektorunun hesabına təmin edilib. Diqqəti çəkən məqamlardan biri də dövlətin strateji valyuta ehtiyatlarının 17 faizdən çox artması və 68,5 milyard ABŞ dolları təşkil etməsidir. 2023-cü ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün 20 milyard manatdan çox investisiya qoyuluşu həyata keçirilib. Bu isə əvvəlki illə müqayisədə 9,8 faiz çoxdur. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası üçün 2023-cü ildə 5,6 milyard manatadək vəsait xərclənib. Ötən üç ildə isə bu vəsait 12 milyard manatdan çox olub. Bütün bunlar dövlətimizin başçısının müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf strategiyasının həyata keçirildiyini, makroiqtisadi sabitliyin və maliyyə dayanıqlığının möhkəmləndirildiyini, iqtisadiyyatın şaxələndirildiyini və neft gəlirlərindən asılılığın azaldıldığını, infrastrukturun inkişafının və digər sahələrdə hökumətin fəaliyyətinin səmərəli qurulduğunu söyləməyə əsas verir. Bu gün ölkəmizin malik olduğu zəngin resurslar qarşıya qoyulan hər bir vəzifəni uğurla yerinə yetirməyə imkan yaradır.
Parlamentin sədri vurğulayıb ki, ötən il Milli Məclisdə Nazirlər Kabinetinin hesabatının müzakirəsi zamanı irəli sürülmüş təkliflər, həmişə olduğu kimi, yenə də hökumət tərəfindən diqqətlə araşdırılıb. Bu təkliflərin icra vəziyyətinə dair ətraflı məlumat təqdim edilib. Eyni zamanda, artıq 4 ildir ki, hesabata ayrıca olaraq, sosial və infrastruktur obyektlərinin əsaslı təmiri və tikintisi, xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması barədə Milli Məclis deputatlarının təkliflərinin icrası barədə məlumat da daxil edilir.
Sonra Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatı təqdim edib.
Ötən ilin Azərbaycan xalqı və ölkəmiz üçün çox əlamətdar və uğurlu il olduğunu qeyd edən Baş nazir ötən il bir günlük antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin edilməsinin tarixi əhəmiyyətindən söz açıb. Baş nazir vurğulayıb ki, Prezident İlham Əliyev suverenliyimizin tam təmin edilməsini müasir tariximizin yeni dövrünün başlanğıcı kimi dəyərləndirib.
Əli Əsədov ötən il Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin Prezident İlham Əliyevin prezidentlik fəaliyyətinin 20-ci ildönümünə təsadüf etməsini əlamətdar hadisə adlandırıb. O, Ulu Öndərin layiqli davamçısı olan Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə 2023-cü ildə də Azərbaycanda məqsədyönlü və genişmiqyaslı sosial-iqtisadi islahatların davam etdirildiyini, makroiqtisadi və maliyyə sabitliyinin təmin olunduğunu bildirib.
Belə ki, hesabat ilində ölkədə 123 milyard manatlıq və ya 2022-ci illə müqayisədə real ifadədə 1,1 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Hər nəfərə düşən ÜDM isə 0,5 faiz artaraq 12,1 min manat təşkil edib. 2023-cü ildə ÜDM istehsalı 2022-ci illə müqayisədə neft-qaz sektorunda 1,7 faiz azaldığı halda, iqtisadiyyatın qeyri neft-qaz sektorunda 3,7 faiz artıb. Bildirilib ki, hesabat ilində xarici ticarət dövriyyəmiz təxminən 45 milyard ABŞ dollarına çatıb, müsbət ticarət saldosu 10,3 milyard dollar olub. Qeyri-neft ixracı 9,8 faiz artaraq 3,3 milyard dolları üstələyib.
2023-cü ildə ölkənin strateji valyuta ehtiyatları 17 faiz artaraq 68,5 milyard dollar təşkil edib ki, bu da xarici dövlət borcunu 10 dəfədən çox üstələyir. 2023-cü ilin sonuna isə xarici dövlət borcunun məbləği 3,5 faiz azalaraq 6,46 milyard ABŞ dolları səviyyəsinə enib.
Baş nazir diqqətə çatdırıb ki, hesabat ili ərzində büdcə gəlirlərinin yüksək icrası şəraitində 2023-cü ilin dövlət büdcəsinin xərcləri dürüstləşmə zamanı 3,3 milyard manat artırılıb. Bütövlükdə, 2023-cü ildə dövlət büdcəsinin gəlirləri təxminən 35,6 milyard manat olub ki, bu da 2022-ci illə müqayisədə 4,9 milyard manat (və ya 16 faiz) çoxdur.
2023-cü ildə hökumət tərəfindən həyata keçirilən antiinflyasiya tədbirləri, valyuta bazarında tarazlığın qorunması, məzənnə sabitliyinin idxal inflyasiyasına azaldıcı təsiri, qəbul edilmiş büdcə qaydasının parametrləri və monetar siyasət qərarları inflyasiya təzyiqlərini yumşaldıb. Nazirlər Kabinetində inflyasiya proseslərinin və onun səbəblərinin araşdırılması və təhlili istiqamətində “İnflyasiya və qiymət monitorinqi” üzrə işçi qrup və qiymətlərin artım dinamikasını izləməyə, çevik müdaxilələr etməyə imkan verən “Qiymət İzləmə Tətbiqi” sistemi yaradılıb. Həyata keçirilən tədbirlər nəticəsində 2023-cü ildə 8,8 faiz orta illik inflyasiyaya nail olunub.
Hesabat dövründə həyata keçirilən əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərindən söz açan Baş nazir 2023-cü ildə əməkhaqlarının, pensiya məbləğlərinin, minimum əməkhaqqının, yaşayış minimumu və ehtiyac meyarının həddinin artımından bəhs edib.
Əli Əsədov hesabat ilində ölkəmizdə insanların həyat və sağlamlığının qorunması, səhiyyə xidmətlərinə çıxışın, dərmanlarla təminatın daha da yaxşılaşdırılması istiqamətində görülən tədbirlər barədə məlumat verib. Qeyd edib ki, icbari tibbi sığorta çərçivəsində dərman vasitələri təminatının əhatə dairəsi genişləndirilir, yerli istehsalın təşkili istiqamətində müvafiq tədbirlər görülür.
Baş nazir Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət və qayğısı ilə əhatələnən şəhid ailələrinin, müharibə əlillərinin, hərbi qulluqçuların və həssas təbəqədən olan digər şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, ölkə ərazisində qəzalı binalarla bağlı problemlərin həlli istiqamətində görülən işləri diqqətə çatdırıb.
Ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün 478 milyon manat vəsaitin ayrıldığını, 2024-cü il yanvarın 1-dən kənd təsərrüfatı sahəsi üzrə vergi güzəştlərinin daha 3 il müddətinə uzadıldığını deyən Əli Əsədov bildirib ki, su ehtiyatlarından səmərəli istifadə olunması, fermerlərin suvarma suyu ilə təchizatı və suvarma sahələrinin genişləndirilməsi tədbirləri üçün 2023-cü ilin dövlət büdcəsindən 408 milyon manat vəsait yönəldilib. Vurğulanıb ki, su sahəsində fəaliyyət göstərən qurumlarda institusional islahatlarının aparılması su ehtiyatlarından səmərəli istifadəyə və su təsərrüfatının təkmil idarə olunmasına ciddi töhfə verəcək.
Baş nazir deyib ki, Prezidentin birbaşa iştirakı və rəhbərliyi ilə ötən ildə işğaldan azad edilmiş ərazilərdə geniş quruculuq işləri davam etdirilib. O, işğaldan azad olunmuş ərazilərdə müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası istiqamətində görülən işlərdən danışıb. Diqqətə çatdırıb ki, 2023-cü ilin sonunadək işğaldan azad olunmuş ərazilərə ümumilikdə 1186 ailə (4691 nəfər) keçmiş məcburi köçkün köçürülüb. Məlumat verilib ki, azad edilmiş ərazilərdə 165 MVt gücündə 20 stansiya istismar edilməkdədir, həmin ərazilərdə “yaşıl enerji” potensialının yaradılması məqsədi ilə 122 MVt gücündə 17 Su Elektrik Stansiyası yenidən qurulub, tikilib və ya bərpa edilib, 73 MVt gücündə 9 SES-in tikintisi davam etdirilib. 2023-cü ildə ümumilikdə 53,1 min hektar ərazi minalardan təmizlənib.
Əli Əsədov deyib ki, hesabat ilində Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyində və nəqliyyat dəhlizlərinin inkişafında rolu daha da güclənib və Azərbaycan qazı ilə təchiz edilən ölkələrin sayı artıq 8-ə çatıb. Eyni zamanda, ölkəmizdə bərpaolunan enerjinin istehsalı, beynəlxalq nəqliyyat dəhlizlərinin ötürmə qabiliyyətinin artırılması istiqamətində mühüm işlər görülür.
Baş nazir çıxışının yekununda hökumətin qarşısında 2024-cü və gələcək illərdə duran əsas vəzifələri və çağırışları açıqlayıb.
O bildirib ki, müasir ordu quruculuğu prosesi və milli təhlükəsizlik potensialının artırılması, Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsi tədbirləri davam etdiriləcək. 2026-cı ilədək 34 500 ailənin (140 min nəfərin) doğma torpaqlarına qayıtması planlaşdırılır. Qarabağ və Şərqi Zəngəzur qeyri-neft iqtisadiyyatının inkişafında yeni drayverlərdən biri olacaq.
İqtisadi sahədə aparılacaq islahatlar çərçivəsində sağlam rəqabətə əsaslanan, şəffaf və sağlam biznesin inkişafı ilə bağlı zəruri addımlar atılacaq. Ölkədə pul və kapital bazarlarının inkişafının dəstəklənməsi, qiymətli kağızlar bazarında investisiyaların cəlbediciliyinin artırılması və ümumən investisiya aktivliyinin yüksəldilməsi, Azərbaycanın tranzit-logistika potensialının genişləndirilməsi istiqamətində zəruri işlər davam etdiriləcək. Büdcə xərclərinin səmərəliliyinin qiymətləndirilməsi, Ortamüddətli Xərclər Çərçivəsinin əhatə dairəsinin genişləndirilməsi və nəticə əsaslı büdcə mexanizminə keçidlə bağlı islahatlar sürətləndiriləcək. Baş nazir bildirib ki, Prezident İlham Əliyevin hökumət qarşısında qoyduğu hədəflərdən biri də 2030-cu ilin sonunadək Azərbaycanda 5 min meqavata yaxın bərpaolunan enerji istehsalına nail olmaqdır. Eləcə də ölkəmiz “Qara Dəniz yaşıl kabel” layihəsi ilə Avropaya yaşıl enerji ixrac edən vacib tərəfdaşlardan biri olmağı planlaşdırır. Baş nazir vurğulayıb ki, məhz cənab Prezident tərəfindən aparılan məqsədyönlü və uğurlu yaşıl enerji siyasətinin nəticəsidir ki, COP29 beynəlxalq konfransının Bakıda keçirilməsi qərara alınıb.
Əli Əsədov bildirib ki, bütün bu vəzifələrə və hədəflərə nail olmaq üçün dayanıqlı və diversifikasiya olunmuş iqtisadiyyatın inkişafı təmin edilməlidir. Heç şübhəsiz ki, müasir inkişafın Azərbaycan modelini yaratmış cənab Prezident İlham Əliyevin yenilməz siyasi iradəsi, müdrik rəhbərliyi ilə ölkəmiz bundan sonra da inamla, uğurla inkişaf edəcək və qarşıya çıxan bütün çağırışların və vəzifələrin öhdəsindən layiqincə gələcək.
Sonra hesabat məruzəsi ətrafında müzakirələr aparılıb.
Müzakirələrdə parlamentin komitə sədrləri Zahid Oruc, Fazil Mustafa, Tahir Mirkişili, Əhliman Əmiraslanov, deputatlar Nurlan Həsənov, Soltan Məmmədov, Elnur Allahverdiyev, Kamran Bayramov, Vüqar Bayramov, Müşfiq Məmmədli, Elşad Mirbəşir oğlu, Musa Qasımlı, Aydın Mirzəzadə, Bəhruz Məhərrəmov, Sahib Alıyev, Eldar Quliyev çıxış ediblər. Deputatlar Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla başa vurduğu 2023-cü ilin əlamətdar və tarixi hadisələrlə yadda qaldığını söyləyiblər. Ötən il Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinin, Prezident İlham Əliyevin fəaliyyətinin 20-ci ildönümünün qeyd olunduğunu, ərazi bütövlüyümüzün tam bərpa edildiyini, dövlət başçısı tərəfindən bayrağımızın Xankəndində, Xocalıda ucaldıldığını, Qarabağda quruculuq işlərinin davam etdirildiyini, həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası sayəsində uğurlu nəticələrin əldə edildiyini, ölkənin hərbi potensialının, müdafiə qabiliyyətinin daha da gücləndirildiyini vurğulayıblar.
Bildirilib ki, dövlətimizin başçısının həyata keçirdiyi daxili və xarici siyasət, apardığı ardıcıl islahatlar, müvəffəqiyyətlə reallaşdırdığı iqtisadi strategiya ötən ildə də ölkəmizin hərtərəfli inkişafının davamlılığını təmin edib, bütün sahələrdə irəliləyişin əldə edilməsinə şərait yaradıb. Təqdirəlayiq haldır ki, bu inkişaf Qarabağ və Şərqi Zəngəzur İqtisadi rayonlarını da tam əhatə edir. Həmin bölgələrdə təhlükəsizliklə bağlı çətinliklərə baxmayaraq, işğaldan azad olunmuş ərazilərdə sənaye, infrastruktur, aqrar, ekologiya, tikinti, şəhərsalma və xidmət sahələrində xeyli işlər görülüb.
Hesabatı müsbət qiymətləndirən deputatlar onun struktur və məzmun baxımından əhatəli olduğu bildiriblər. Milli Məclisin və Hesablama Palatasının təklif və tövsiyələrinin icrasına da geniş yer ayrılmasını təqdir ediblər. Çıxışlarda hesabat ilində ölkəmizdə iqtisadi artımın qeyri-neft-qaz sektoru hesabına təmin edilməsi, neft-qaz sektorunun regional iqtisadi nüfuzumuzun güclənməsində aktiv rol oynaması, strateji ehtiyatlarımızın artmasının iqtisadi müstəqilliyimizi daha da gücləndirməsi, makro-iqtisadi sabitliyin qorunub saxlanılması yüksək qiymətləndirilib.
Fasilədən sonra Nazirlər Kabinetinin 2023-cü ildəki fəaliyyəti haqqında hesabata dair müzakirələr davam etdirilib.
Müzakirələrdə Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, komitə sədrləri Bəxtiyar Əliyev, Sadiq Qurbanov, Musa Quliyev, deputatlar Azər Badamov, Razi Nurullayev, Kamilə Əliyeva, Qüdrət Həsənquliyev, Azay Quliyev, Emin Hacıyev, Ceyhun Məmmədov, Müşfiq Cəfərov, Sevil Mikayılova, Səbinə Xasayeva, Naqif Həmzyev, Əli Məsimli, Sabir Rüstəmxanlı, Əziz Ələkbərov, Fəzail Ağamalı Nazirlər Kabinetinin hesabatında 2023-cü ildə qarşıya qoyulmuş vəzifələrin, onların uğurlu həlli istiqamətində görülmüş işlərin dolğun şəkildə əks olunduğunu qeyd ediblər. Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi, iqtisadi, institusional islahatlar, uğurlu xarici siyasət nəticəsində dövlətin müstəqilliyi daha da möhkəmləndirilib, əhalinin sosial rifahı yaxşılaşdırılıb, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilib. Qeyd olunub ki, ötən müddət ərzində Böyük Qayıdışa dair birinci dövlət proqramının və regionların inkişafı ilə bağlı dövlət proqramlarının icrası ilə bağlı həyata keçirilmiş tədbirlər yüksək qiymətləndirilməlidir.
Bildirilib ki, sənəddə iqtisadiyyatın bütün sahələrinin inkişafını, əhalinin sosial rifahının yaxşılaşdırılması məqsədilə atılmış addımları əks etdirən statistik rəqəmlər ölkəmizin daha da güclənməsinin göstəricisidir. Ötən il ərzində makro-iqtisadi sabitliyin möhkəmləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, sahibkarlığın və qeyri-neft sektorunun inkişafı istiqamətində əldə edilən nailiyyətlər mühüm əhəmiyyət kəsb edir. Vergi və gömrük inzibatçılığı sahəsində əsaslı islahatlar, maliyyə sisteminin şəffaflığının təmin edilməsi istiqamətində görülən işlər mövcud potensialımızdan istifadə üçün ciddi zəmin yaradıb. Diqqətə çatdırılıb ki, 2023-cü ildə bütövlükdə iqtisadiyyatın, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması üçün önəmli qanunvericilik tədbirləri də həyata keçirilib.
Çıxışlarda hesabat ilində müdafiə və təhlükəsizlik sahəsində görülən işlər, əldə edilən nəticələr müsbət qiymətləndirilib. Keçən müddət ərzində hüquqi islahatların aparıldığı, korrupsiyaya qarşı mübarizə sahəsində önəmli tədbirlərin ardıcıl həyata keçirildiyi söylənilib. Ötən il əhalinin sosial rifahının qorunması və sosial müdafiəsini təmin etmək üçün müvafiq qərarların qəbul edilməsi, pensiya, müavinət və digər sosial ödənişlərin məbləğınin artırılması, şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına göstərilən sosial dəstək proqramlarının uğurla davam etdirilməsi yüksək dəyərləndirilib. Təhsil, elm sahəsində görülən tədbirlərdən, dövlətin bu istiqamətdə diqqət və qayğısından bəhs edilib. Səhiyyə sahəsində, o cümlədən əhalinin sağlamlığının qorunması ilə bağlı əldə edilmiş uğurlar, həmçinin İcbari Tibbi Sığortanın tətbiqi, tibbi xidmətlər zərfinin genişləndirilməsi, səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi, əhaliyə göstərilən xidmətlərin əlçatanlığının artırılması təqdirəlayiq hesab edilib. Habelə energetika, ekoloji təhlükəsizliyin təmin olunması, ətraf mühitin mühafizəsi sahəsində məqsədyönlü tədbirlərin görüldüyü qeyd edilib.
Millət vəkilləri, həmçinin seçicilərin üzləşdiyi bəzi problemləri hökumət üzvlərinin diqqətinə çatdırıblar, bir sıra aktual məsələlərə toxunublar.
Deputatlar hökumətin 2023-cü ildəki fəaliyyətini qənaətbəxş hesab ediblər.
Müzakirələrin sonunda Baş nazir Əli Əsədov deputatların səsləndirdiyi fikirlərə münasibət bildirib, qaldırılan məsələlərə aydınlıq gətirib.
Spiker Sahibə Qafarova Nazirlər Kabinetinin hesabatı ilə bağlı 35 deputatın çıxış etdiyini və onların əksəriyyətinin hökumətin hesabatı haqqında müsbət rəy söylədiyini bildirib.
İclasda Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatın nəzərə alınması haqqında qərar layihəsi səsə qoyularaq qəbul edilib.
Sahibə Qafarova Baş nazirə, hökumət üzvlərinə, deputatlara bayram münasibətilə təbriklərini çatdırıb.
Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.