Baş nazir postunu qorudu – nazirlərin aqibəti necə olacaq? – “Böyük dəyişikliklərə start veriləcəksə…”
“Prezidentin elan etdiyi kimi, böyük dəyişikliklərin startı veriləcəksə, köhnə nazirlər elə işləyərlər ki, təəccüb içində qalarıq”.
Bu fikirləri Əli Əsədovun yenidən baş nazir təyin edilməsindən sonra Nazirlər Kabinetinin tərkibində mümkün yenilənmə ehtimalını dəyərləndirən AĞ Partiyanın sədri Tural Abbaslı Yenicag.az-a açıqlamasında deyib.
Tural Abbaslı bildirib ki, fərqli yanaşma olmayacaqsa, nazirlər dəyişdirilsə belə, onların xələfləri ciddi nəyəsə nail ola bilməyəcəklər:
“Hökumətin yeni tərkibində dəyişikliklərin olub-olmayacağı ehtimalı əllinin-əlliyədir. Əksəriyyət belə hesab edirdi, Əli Əsədov baş nazir postuna yenidən təyinat almayacaq. Onun xələfi qismində müxtəlif fiqurların adları da hallanırdı.
Ancaq nəticədə Əli Əsədova yenidən etimad göstərildi. O baxımdan, nazirlərin çoxunun öz vəzifələrində qalacağını, yaxud dörd-beş nazirin istefaya göndəriləcəyini düşünmək mümkündür. Ümumiyyətlə, bu məsələdə ciddi dəyişikliyin baş verməsi fərqli yanaşmanın seçilməsi demək olardı.
Yeni yanaşma olmayacaqsa, dəyişən nazirlər də yeni heç nə edə bilməyəcək. Prezidentin elan etdiyi kimi, böyük dəyişikliklərə start veriləcəksə, köhnə nazirlər elə işləyərlər ki, biz də təəccüb içində qalarıq. Hətta öz-özümüzə sual verərik ki, bunlar həqiqətən, həmin nazirlərdir? Düşünürəm ki, kursun dəyişməsi şəxslərdən aslı məsələ deyil”.
Səxavət Məmməd