Baş nazirdən yeni QƏRAR

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 may tarixli 687 nömrəli fərmanının 5.4-cü bəndində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən dövlət xidmətlərinin “KOB indeksi” üzrə qiymətləndirilməsi Qaydasının hazırlanması ilə bağlı tapşırıq verilib.

Nazirlər Kabinetindən Yenicag.az-a verilən məlumata görə, qayda dövlət xidmətlərinin mikro, kiçik və orta sahibkarlığa necə təsir etdiyini KOB indeksi üzrə qiymətləndirməyi nəzərdə tutur.

Bu qayda ilə müəyyən edilir ki:

– dövlət xidmətinin göstərilməsi ilə qarşıya qoyulmuş məqsədlərə nə qədər nail olunub;

– dövlət xidmətini tənzimləyən normativ hüquqi aktların tətbiqi zamanı hansı müsbət və ya mənfi nəticələr əldə olunub;

– sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı əsassız maneələrə səbəb olan hallar nədən ibarətdir;

– dövlət xidmətini tənzimləyən normativ hüquqi aktların təhlili aparılarkən mövcud boşluqların, ziddiyyətlərin və KOB-a mənfi təsir göstərən digər amillər hansılardır.

Dövlət xidmətlərinin KOB indeksi üzrə qiymətləndirilməsi zamanı aşağıdakı parametrlər əsas götürülür:

– dövlət xidmətinin KOB-un inkişafına təsiri;

– dövlət xidmətinin sadələşdirilməsinin və ya ləğvinin insan həyatına və sağlamlığına, ətraf mühitə, dövlətin iqtisadi maraqlarına təsiri.

Dövlət orqanları (qurumları) tərəfindən mikro, kiçik və orta sahibkarlara göstərilən dövlət xidmətlərinin “KOB indeksi” üzrə qiymətləndirilməsi:

– mikro, kiçik və orta sahibkarların fəaliyyətinə təsir edən və mövcud olan maneələrin aşkarlanmasına;

– KOB subyektlərinin izafi xərclərdən və əlavə vaxt itkisindən azad edilməsinə;

– daxili bazarın mövcud vəziyyətinin real göstəricilərinin aşkara çıxarılmasına imkan verəcək.

COP29