Baş nazirə atılan GÜLLƏ: Sui-qəsdin arxasında hansı qüvvələr var? – Qərbin Kremlə MESAJI

“Slovakiyanın baş naziri Robert Fitsonun güllələnməsi ilə bağlı indidən hər hansı bir nəticə çıxarmaq çox çətin və mürəkkəb məsələdir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Fikrət Sadıxov deyib.

Siyasi təhlilçi ötən gün Slovakiyanın baş naziri Robert Fitsoya qarşı həyata keçirilən sui-qəsd faktından söz açıb.

Onun sözlərinə görə, baş nazirə atəş açan yazıçı Yuray Sintulanın arxasında müəyyən qüvvələr var.

“Mən buna şübhə etmirəm. Hətta yazıçı bunu gizlətmədi və polisə verdiyi ifadədə etiraf etdi ki, Slovakiya liderinin fəaliyyəti onu qane etməyib. Hazırda Slovakiyada ruspərəst, eləcə də Qərbpərəst qüvvələr çoxluq təşkil edir. Qısacası, bu barədə nə isə demək çətindir, lakin bir ehtimal kimi bunu söyləmək olar ki, atəş açanın arxasında konkret qüvvələr dayanıb”, – deyə o bildirib.

Qeyd edək ki, Rusiyameylli siyasəti ilə nəzərə çarpan Robert Fitso Avropa İttifaqı daxilində macarıstanlı həmkarı Viktor Orbanla birlikdə qurumun Ukrayna siyasətini sərt tənqid edənlərdən biri olub. Belə ki, Fitsoya görə, Rusiya ilə əlaqələrin kəsilməsi, o cümlədən Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalar paketini qüvvəyə mindirməsi ittifaqdaxili narazılıqların baş verməsinə gətirib çıxarır.

Bundan əlavə, baş naziri sui-qəsdə məruz qalması Rusiya mətbuatı tərəfindən Qərbin Kremlə bir mesajı kimi də qiymətləndirilir. Moskvada hesab edirlər ki, Fitsonun anti-Ukrayna siyasətinə cavab olaraq müəyyən qüvvələr slovak liderə gözdağı vermək qərarına gəlib.

Rafi Müslümov

COP29