Baş nazirin BAHALAŞMA “SƏBƏB”İ: “Ölkədə süni qiymət artımını dövlət qurumları yaradır” – Sabiq millət vəkili

“Çox təəssüf edirəm ki, bunlar iqtisadiyyatdan və iqtisadi idarəetmədən uzaq olan adamlardır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin dünən keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatı təqdim edən baş nazir Əli Əsədovun qiymət artımı ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirən keçmiş millət vəkili Nazim Bəydəmirli deyib.

Nazim Bəydəmirli süni qiymət artımının bir sıra dövlət qurumlarının atdığı addımlar nəticəsində yarandığını və bunun hökumət tərəfindən gözardı edildiyini bildirib:

“Çox təəssüf edirəm ki, hökumətin başçısı digər üzvləri, adətən, istehlak mallarının bahalaşmasını onların birbaşa tabeçiliyində olan, qiymətləri Tarif Şurası tərəfindən müəyyən edilən enerji daşıyıcılarının, kommunal xidmətlərin tariflərinin, ümumiyyətlə, təbii inhisarçılar olaraq Azərbaycanda fəaliyyət göstərən, həmin sektorlara birbaşa təsiri olan qurumların atdığı addımları “qiymətləndirmədən” bahalaşmanı sahibkarların boynuna yıxmağa cəhd edirlər.

Guya sahibkarlar süni qiymət artımı yaradırlar. Bazar iqtisadiyyatında, normal tələb-təklif olan ölkələrdə süni qiymət artımı anlayışı yoxdur. Azərbaycanda süni qiymət artımını yaradan dövlət qurumlarıdır. Gömrük Komitəsi sahibkarların boynuna yıxılan süni qiymət artımını yaradan qurumdur.

Çünki idxal olunan məhsullara özlərinin havadan götürdükləri bəyannamə qiymətini tətbiq edirlər və bu qiyməti süni şəkildə artıraraq sahibkarların ölkəyə idxal etdiyi məhsulların qiymətinin artmasına səbəb olurlar. Nəticədə vergi ödəyicisi olan biz vətəndaşlar da həmin qiymət artımına məruz qalırıq.

Anti-inhisar qurumu da qanunla müəyyən olunmuş öhdəliklərini yerinə yetirmək əvəzinə, sahibkarlıq subyektlərinə reydlər təşkil edir, onları süni qiymət artımına görə cərimələyirlər”.

İqtisadçı inhisarçılığı yaradan məmur sahibkarlığının ləğv olunmasının zəruriliyini vurğulayıb:

“Başa düşmək lazımdır ki, sahibkar qiyməti artırırsa, təbii ki, o, bunu maya dəyərinə otuzdurur və artırdığı qiymətdən də vergi ödəyir. Bazar iqtisadiyyatında bunlar vergi vasitəsilə tənzimlənir. Qiymət artırmaq sahibkara sərf etməz, çünki belə olanda daha çox vergi ödəyir. O mənada, bazarın “görünməz əl”i bu qiymətləri tənzimləyir.

Bu sadə anlayışı başa düşməyənlər, görünür, Sovet İttifaqında, sosialist iqtisadiyyatında qalmış adamlardır və dövlətin iqtisadiyyata müdaxiləsini inzibati yolla tənzimləmək istəyənlərdir, bu arzuda olanlardır.

Hesab edirəm ki, onların vəzifələri iqtisadi fəaliyyəti stimullaşdırmaq, bazarda monopoliyanı aradan qaldırmaq, inhisarçılığı yaradan məmur sahibkarlığını ləğv etmək olmalıdır. Bunları etmək əvəzinə, müxtəlif bəhanələr gətirməklə məşğuldurlar. Çox təəssüf edirəm ki, bunlar iqtisadiyyatdan və iqtisadi idarəetmədən uzaq olan adamlardır”.

Aqil Bəkir