İyunun 16-da Baş Prokuror Kamran Əliyev ölkəmizdə işgüzar səfərdə olan Avropa Şurası (AŞ) Nümayəndələr Komitəsinin Demokratiya üzrə məruzəçilər qrupunun üzvü olan Türkiyə, İsveç, Estoniya və Finlandiyanın Avropa Şurası yanında daimi nümayəndəliklərinin rəhbərlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Yenicag-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Qonaqları səmimi salamlayan Baş Prokuror Azərbaycanla Avropa Şurası arasında əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, müxtəlif sahələrdə, o cümlədən insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində AŞ-nin qabaqcıl təcrübəsinin öyrənilməsinin önəmli olduğunu bildirib.
K.Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlar çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi istiqamətində aparılan hərtərəfli və institusional tədbirlər, kadr potensialının gücləndirilməsi, yeni nəsil prokurorların formalaşdırılması və peşəkarlığının artırılması, prokurorluq orqanlarında struktur dəyişikliyi ilə əlaqədar yeni yaradılmış idarələrin, o cümlədən Cinayət təqibindən kənar icraatlar və Xüsusi müsadirə məsələlərinin əlaqələndirmə idarələrinin fəaliyyət istiqamətləri barədə məlumat verərək bu sahədə AŞ-nin uğurlu təcrübəsindən geniş istifadə olunduğunu diqqətə çatdırıb.
Baş prokuror müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi nəticəsində 30 ilə yaxın işğal altında olan ərazilərimizin azad edildiyini və ərazi bütövlüyümüzün bərpa olunduğunu vurğulayaraq Qarabağda aparılan geniş quruculuq bərpa işləri haqda qonaqları məlumatlandırıb.
K.Əliyev AŞ İnsan Hüquqları və Qanunun Aliliyi Direktoratı tərəfindən prokurorların Şurada və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin katibliyində 1 illik staj keçməsinə dair vakansiyaların elan edilməsi və Azərbaycan prokurorluğunun 2 nəfər nümayəndəsinin həmin vakansiyalara qəbul olunaraq həmin qurumlara ezam olunması məsələsinə toxunaraq bu halın Azərbaycanla AŞ arasında olan münasibətlərin inkişafına dəyərli töhvə verəcəyini vurğulayıb.
Ölkəmizlə bağlı xoş təəssuratlarından danışan nümayəndə heyətinin rəhbəri, Demokratiya üzrə məruzəçilər qrupunun sədri Martin Ehnberq Azərbaycana səfərindən məmnunluğunu ifadə edərək, prokurorluqda həyata keçirilən islahatların Avropa Şurası tərəfindən təqdir edildiyini və dəstəkləndiyini bildirib. Martin Ehnberq Avropa Şurası ekspertlərinin azərbaycanlı həmkarları ilə bundan sonra da sıx qarşılıqlı əməkdaşlıq şəraitində işləmək niyyətini ifadə edərək ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi, cinayətkarlıqla mübarizə sahəsində görülən işləri yüksək qiymətləndirib.
Görüş zamanı AŞ-nin ölkəmizə dair 2022-2025-ci illər üçün Fəaliyyət Planının icra mexanizmləri, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının ölkəmizdə icra vəziyyəti, Avropa Komissiyasının Tvininq və TAİEX alətləri çərçivəsində aktual hüquqi mövzulara həsr olunmuş çoxsaylı tədbirlərin həyata keçirilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə səmərəli fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycanın AŞ yanında daimi nümayəndəliyinin rəhbəri Fəxrəddin İsmayılov iştirak edib.