Baş prokurordan İsrail və HƏMAS liderlərinə qarşı həbs TƏKLİFİ: Beynəlxalq məhkəmə hansı qərarı verəcək?

“Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Baş prokuroru Kərim Əhməd Xan İsrailin baş naziri Benyamin Netanyahu, müdafiə naziri Yoav Qallant və bəzi HƏMAS liderləri üçün həbs qərarı verilməsi ilə bağlı müraciət edib”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib.

O, sözügedən məsələ ətrafında baş verən hadisələri şərh edib.

S. Zahidovun sözlərinə görə, burada prokurorluqdan kifayət qədər əsaslar təqdim olunub.

“Birincisi, burada söhbət HƏMAS liderlərinin tərkibindən – Yəhya Sinvar, İsmayıl Haniyə və digərlərindən gedir. Çünki oktyabrın 7-də baş verənlər əsaslı şəkildə qətliam və cinayət olaraq göstərilib. İkincisi isə İsrailin həyata keçirdiyi hərb nəticəsində bölgədə baş verən aclıq və 35 milyondan çox insanın ölümü Kərim Əhməd Xan tərəfindən müharibə cinayəti kimi göstərilib. Bu baxımdan, o, hər iki tərəfdən rəhbər şəxslərin həbs edilməsi üçün müraciət edib”, – deyə o bildirib.

Politoloq əlavəsinə görə, burada prosedur ondan ibarətdir ki, sözügedən əsaslar, ilk növbədə, araşdırılmalıdır:

“Eləcə də prosesdə başqa rəsmi nümayəndələr varsa, onlar çağırılır, dinlənilir və bundan sonra Beynəlxalq Cinayət Məhkəməsi bununla bağlı hökm verir. Bu proseslər aylarla, hətta illərlə belə davam edə bilər. Biz bilirik ki, Beynəlxalq Cinayət Məhkəməsi Ukrayna müharibəsində Rusiyanın törətdiyi cinayət əməllərinə görə, prezident Vladimir Putinin həbsinə order vermişdi. Hazırda da bu qərar qüvvədədir. Beynəlxalq Cinayət Məhkəməsinin üzvü olan hər bir ölkə də bu qərarı yerinə yetirməlidirlər. Yəni Putin hansısa bir ölkəyə səfər edərsə, sözsüz ki, o həbs olunmalı və Beynəlxalq Cinayət Məhkəməsinə təhvil verilməlidir”.

Onun fikrincə, indiki halda, əgər Vladimir Putinə qarşı bu kimi hökm tətbiq olunubsa, deməli, istənilən ölkəyə – İsrailə qarşı da tətbiq oluna bilər:

“Sadəcə, aydındır ki, İsrailin dünya üzrə diasporu daha qüvvətlidir, media və digər institutlarda İsrailin təsir imkanları kifayət qədər güclüdür. Əminəm ki, dünya ədalət sisteminə də onların təsir imkanları mövcuddur. Çünki hazırda Beynəlxalq Cinayət Məhkəməsində İsrailin soyqırımı törətməsi ilə bağlı məsələ gündəmdədir və Cənubi Afrika Respublikası bu məsələni qaldırıb. Düşürəm ki, konkret hökmün çıxması prosesi də illərlə davam edə bilər. Amma istənilən halda, potensial olaraq, İsrail və HƏMAS liderlərinə qarşı həbs qərarının çıxması perspektivi var. Lakin bu proses uzunmüddətli olsa, həmin ərəfələrdə İsrailin rəhbərliyində artıq Benyamin Netanyahu olmaya da bilər”.

Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi (ICC-BCM) Qərbin terror təşkilatı saydığı-HƏMAS-ın lideri Yəhya Sinvar və İsrailin baş naziri Benyamin Netanyahunun hərbi, habelə insanlıq əleyhinə cinayətlər ittihamı ilə həbsinə order verilməsini istəyir.

Bu barədə məhkəmənin baş prokuroru Kərim Xan CNN telekanalında bildirib. Məlumata görə, yekun qərarı BCM-nin hakimlər kollegiyası verməlidir.

Bundan əlavə, İsrailin müdafiə naziri Yoav Qallant, həmçinin HƏMAS-ın iki yüksək rütbəli lideri – “İzzətdin Əl-Qəssam” Briqadalarının rəhbəri Məhəmməd Deyf İbrahim əl-Məsri və qrupun siyasi lideri İsmayıl Haniyə barəsində də həbs orderləri istənilib.

Rafi Müslümov

COP29