Baş Prokurorluq Aram Nikolyanla bağlı xarici ölkələrə müraciətlər göndərir

Azərbaycanın Baş Prokurorluğu aprelin 14-də Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində milli nifrət və düşmənçiliyin salınmasına yönəlmiş cinayət əməlini törədən Aram Nikolyanın beynəlxalq məhkəmə məsuliyyətinə cəlb edilməsi məqsədilə xarici ölkələrin müvafiq orqanlarına müraciətlər göndərəcək.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Baş Prokurorluğunun yaydığı məlumatda qeyd edilib.

Vurğulanıb ki, milli nifrət və düşmənçiliyin salınmasına yönəlmiş bu cinayət əməlini törədən Aram Nikolyan və digərlərinin milli və beynəlxalq məhkəmə məsuliyyətinə cəlb edilmələri məqsədilə xarici ölkələrin müvafiq orqanlarına müraciətlərin göndərilməsi və onların cəzalandırılmaları üçün beynəlxalq təşkilatlarla əməkdaşlıq edilməsi təmin olunacaq.

Qeyd edək ki, Ermənistanda Azərbaycana qarşı etnik zəmində nifrət və düşmənçiliyin təcəssümü olan həmin faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 12.2, 283.2.1 (zor tətbiq edilməklə milli nifrət və düşmənçiliyin salınması), 12.2, 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli nifrət və düşmənçiliyin salınması) və 12.2, 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər) maddələri ilə cinayət işi başlanıb.