Baş Prokurorluq protest verdi – Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

“Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb.

Bu barədə Yenicag.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Əsgər Bayramov vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs halında Ural Hava yolları ilə Gəncə-Sankt-Peterburq reysinə uçuş biletləri alan 101 nəfər şəxsə neqativ nəticəli saxta COVID-19-a dair test sənədlərini hazırlayıb sataraq ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə edib.

Faktla bağla Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 320.1 və 320.2-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi baxılması üçün Yasamal rayon məhkəməsinə göndərilmiş, məhkəmənin 23 noyabr 2021-ci il tarixli hökmü ilə Əsgər Bayramovun əməli Cinayət Məcəlləsinin 308.1-ci maddəsinə tövsif edilməklə CM-ni 308.1, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinərək islah işləri cəzası təyin edilmiş və cəzası faktiki çəkilmiş hesab edilərək barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməklə məhkəmə iclas zalından azad edilib.

Dövlət ittihamçısı tərəfindən həmin hökmdən verilmiş protestə Bakı Apellyasiya Məhkəməsində baxılmış və 21 yanvar 2022-ci il tarixli qərarla hökm dəyişdirilmədən saxlanılıb.

Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən cinayət işi üzrə toplanmış sübutların məcmu qaydada qiymətləndirilməməsi, sübutların cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun tədqiq edilməməsi, bunun nəticəsi olaraq Əsgər Bayramovun əməlinin tövsifində səhvə yol verilməsi, həmçinin cəza təyini zamanı məhkum edilmiş şəxsin şəxsiyyətinə uyğun olmayan yüngüllüyünə görə açıq aydın ədalətsiz cəza təyin olunması əsası ilə dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilib.

Eyni zamanda, digər cinayət işi üzrə də – Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilən və Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2019-cu il tarixli hökmü ilə azadlıqdan məhrum edilmiş İlham Xıdırov və Nazim Mustafayevə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2021-ci il tarixli hökmü ilə bəraət verilməsi səbəbindən dövlət ittihamçısı tərəfindən irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq tədqiq edilib qiymətləndirilməməsi əsası ilə kassasiya protesti verilib.

COP29