!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib

!Reklam – Yazi

Yanvarın 26-da Azərbaycan Respublikasının Baş Prokurorluğunda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon və şəhər, ərazi hərbi prokurorlarının iştirakı ilə prokurorluq orqanları tərəfindən 2017-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, кollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən Baş prokuror Zakir Qaralov Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu strateji əhəmiyyətli milli siyasətin möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə uğurla davam etdirildiyini, 2017-ci ilin ölkəmizdə dərin, köklü və nəticə verən iqtisadi islahatlar həyata keçirilməklə gələcək onilliklər üçün əsası qoyulmuş layihələrin təməlinin atılması ilə zəngin olduğunu bildirilib.

Yola saldığımız ildə Azərbaycanın əldə etdiyi mühüm nailiyyətlər sırasında ölkəmizin Davos Ümumdünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda reytinqdə daha iki pillə irəliləyərək 35-ci yerdə qərarlaşması, eyni zamanda həmin təşkilatın ənənəvi inklüziv inkişaf indeksində ölkəmizin dünyada inkişaf edən dövlətlər arasında 3-cü yerə layiq görülməsi, “Əsrin müqaviləsi”nin müddətinin 2050-ci ilədək uzadılması, Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yolun – Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı, idmançılarımızın mötəbər beynəlxalq yarışlarda yüksək nailiyyətlər əldə etməsi və s. uğurlar xüsusi vurğulannıb.

Baş prokuror işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində yeni qəsəbənin açılışı və Şıxarx qəsəbəsində yeni şəhərciyin salınması ilə “Böyük Qayıdış” prosesinə start verilməsini ölkəmizin həyatında mühüm hadisə olduğunu diqqətə çatdırılıb.

Xüsusi olaraq vətəndaş məmnunluğunun təmin edilməsində əvəzsiz rol oynayan “ASAN” xidmət mərkəzlərinin səmərəli fəaliyyəti qeyd edilməklə mərkəzlərə yarandığı gündən 20 milyona yaxın müraciət edilməsinin, həmçinin 2019-cu ilin sonuna qədər ölkəmizdə “ASAN xidmət” Mərkəzlərinin sayının 20-ə çatdırılmasının dövlət qulluqçusu – vətəndaş münasibətlərində dövlətin həyata keçirdiyi siyasətin mühüm təzahürü kimi vurğulanıb.

Cari hesabat dövrünün ölkəmiz üçün müsəlman Şərqində ilk demokratik, parlamentli respublikanın – Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illik yubileyinin təntənəli şəkildə qeyd edilməsi ilə əlamətdar olacağı bildirilməklə, Azərbaycan Respublikası Prezidentinin dövlətçilik irsimizə ehtiramın müstəsna nümunəsi kimi 2018-ci ili “Azərbaycan Xalq Cumhuriyyəti ili” elan etməsinin önəmi xüsusi qeyd edilib.

Bununla yanaşı, cari ilin prokurorluq orqanlarının yaradılmasının 100 illik yubileyinin qeyd edilməsi ilə də xüsusi əhəmiyyətə malik olacağı bildirilməklə, prokurorluq orqanlarının hər bir əməkdaşının səmərəli fəaliyyəti və üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməklə Cümhuriyyətin, o cümlədən Prokurorluğun yaradılmasının 100 illiyinə öz töhfəsini verəcəyinə əminlik ifadə olunub.

Hesabat məruzəsində bildirilmişdir ki, 2017-ci il Azərbaycan Respublikası Prokurorluğu orqanları üçün də uğurlu hesabat dövrü olmuş, daxili işlər və digər hüquq mühafizə orqanları ilə əlaqəli fəaliyyət göstərilməklə ölkədə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin həyata keçirilməsi təmin olunmuşdur. Bu dövrdə prokurorluq orqanlarının bütün səyləri, ilk növbədə Dövlət başçısının rəhbər göstərişlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə, müasir məzmunlu islahat tədbirlərinin eyni intensivliklə davam etdirilməsinə, fəaliyyət istiqamətləri üzrə işin keyfiyyətinin yüksəldilməsinə, müasir iş metodlarını tətbiq etməyə qadir olan kadr korpusunun formalaşdırılmasına, möhkəm nizam-intizam yaradılmaqla neqativ təzahürlərin vaxtında aradan qaldırılmasını təmin edən işlək nəzarət mexanizminin yaradılmasına istiqamətləndirilib.

Belə ki, ötən il Respublikamızda insan hüquqlarının daha səmərəli təmin olunması, hüquq və qanunvericilik sisteminin inkişafının yeni mərhələsi sayıla biləcək Ölkə Başçısının “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli proqram xarakterli Sərəncamının bu istiqamətdə görülən işlər üçün yol xəritəsi əhəmiyyətinə malik olması qeyd edilib.

Ölkəmizdə uzun illər cinayətkarlığa qarşı aparılan barışmaz və effektiv mübarizənin məntiqi nəticəsi kimi qəbul edilmiş Sərəncamın əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən humanist siyasətin növbəti təzahürü olması bildirilməklə Sərəncamdan irəli gələn, prokurorluq orqanlarının üzərinə düşən vəzifələrin tam və dəqiq yerinə yetirilməsi, cəza siyasətinin liberallaşdırılması, cinayət təqibi ilə əlaqədar fəaliyyətin səmərəli təşkil edilməsi məqsədilə konkret tapşırıqlar verilib.

Kollegiya iclasında bildirilmişdir ki, 2017-ci ildə də cinayətkarlığa qarşı mübarizə gücləndirilmiş, mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiyaya qarşı mübarizə, o cümlədən vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahələrində zəruri tədbirlər görülüb.

Peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş, ağır və xüsusilə ağır, quldurluq, soyğunçuluq, oğurluq və dələduzluq cinayətlərinin açılma faizləri yaxşılaşmış, keçmiş illərdən bağlı qalmış 418 cinayətin açılması təmin olunub.

2017-ci ildə istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin daha səmərəli təşkili üçün görülən işlər müsbət nəticələrini vermiş, istintaq fəaliyyətini həyata keçirən Prokurorluq, Daxili İşlər, Ədliyyə, Vergilər, Milli Təhlükəsizlik və Fövqəladə Hallar nazirlikləri, Dövlət Gömrük Komitəsi və Sərhəd Xidmətinin müvafiq qurumları tərəfindən 12960 şəxs barəsində 10931 cinayət işinin istintaqı yekunlaşdırılaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin əməkdaşları tərəfindən bir sıra xüsusilə ağır və ağır cinayətlərin, habelə böyük ictimai rezonans doğuran hadisələrin yüksək peşəkarlıq səviyyəsində istintaq olunması, təqsirkar şəxslərin məsuliyyətə cəlb edilmələri təmin olunmuşdur. Buna misal olaraq, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirilyinin ayrı-ayrı vəzifəli şəxslərinin dövlət büdcə vəsaitlərinin mənimsənilməsi, sahibkarlıq fəaliyyəti subyektləri və digər şəxslərə qarşı törədilmiş qanunsuz azadlıqdan məhrum etmə, özgə əmlakını hədə-qorxu ilə tələb etmə, rüşvət alma, vəzifədən sui-istifadə etmə və sair qanunsuz əməlləri, həmçinin Bakı şəhəri, Nardaran qəsəbəsində hakimiyyət nümayəndələrinə qarşı silahlı müqavimət göstərilməklə onların qəsdən öldürülməsi, terrorçuluq və digər cinayətlər üzrə idarə əməkdaşları tərəfindən keyfiyyətli istintaq aparılması və qanunauyğun tədbirlərin görülməsi təmin olunub.

Xüsusi vurğulanmışdır ki, hesabat dövründə Prezident cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq korrupsiyaya qarşı mübarizə sahəsində prokurorluq orqanları tərəfindən ardıcıl və kəsərli tədbirlər davam etdirilmişdir. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2017-ci ildə rüşvətlə bağlı, vəzifədən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma və bu xarakterli digər faktlar üzrə 305 vəzifəli şəxs barəsində 214 cinayət işinin istintaqı tamamlanaraq aidiyyəti üzrə baxılması üçün müvafiq məhkəmələrə göndərilməsi təmin edilmiş, həmin işlər üzrə müəyyən edilmiş ziyanın ibtidai araşdırma mərhələsində 27 milyon 575 min manatının ödənilməsi, həmçinin qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə 15 milyon 381 min manat məbləğində qiymətləndirilən əmlak üzərinə həbs qoyulması müsbət iş göstəriciləri kimi dəyərləndirilib.

Hesabat müddətində hərbi prokurorluq orqanları tərəfindən Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlarla əlaqəli şəkildə hərbi birləşmələrdə törədilmiş bir sıra ağır və xüsusilə ağır cinayətlərin açılması təmin olunmuş, mürəkkəb və çoxepizodlu cinayət işlərinin istintaqı aparılıb.

Kollegiya iclasında Baş prokuror tərəfindən İşgəncələrə qarşı Avropa Konvensiyası üzrə ölkəmizin götürdüyü öhdəliklərin, müvafiq qanunvericilik aktlarının və Baş Prokurorluq üzrə təsdiq edilmiş əmrin tələblərinə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorlar tərəfindən dönmədən əməl edilməsi, cinayət təqibi zamanı işgəncə vermə, yaxud digər formada fiziki və ya psixi zora məruz qalma ilə əlaqədar müraciətlərə təxirəsalınmadan baxılmaqla prinsipial yanaşma göstərilməsi, təqsiri müəyyən edilmiş şəxslər barəsində qanunla nəzərdə tutulmuş qəti tədbirlərin görülməsi barədə konkret tapşırıqlar verilib.

Eyni zamanda diqqətə çatdırılmışdır ki, ibtidai araşdırma zamanı işgəncələrin və insan ləyaqətini alçaldan digər hərəkətlərin qarşısının alınmasına gündəlik nəzarət həyata keçirilməklə hər bir əməkdaşın fərdi məsuliyyət hissi artırılmalı, bu cür faktlar üzrə dərhal müvafiq araşdırmalar aparılmaqla zərurət olduqda cinayət işləri başlanıb.

Hesabat məruzəsində adıçəkilən Konvensiyanın tələblərinə əməl edilməsi ilə əlaqədar prokurorluğun və daixli işlər orqanlarının struktur qurumlarına Baş prokuror və daxili işlər naziri tərəfindən imzalanmış göstəriş xarakterli məktubun göndərildiyi bildirilib.

Kollegiya iclasında qeyd edilmişdir ki, dövlətin həyata keçirdiyi sosial yönümlü siyasətin prioritetlərinə uyğun olaraq əvvəlki illərdə olduğu kimi, 2017-ci ildə də vətəndaşların müraciətlərinə və qəbulu məsələlərinə xüsusi diqqətlə yanaşılıb.

Azərbaycan Respublikası Prokurorluğu orqanları tərəfindən hesabat dövründə vətəndaş müraciətlərinə baxılması və onların qəbulu işinin daha da təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirildiyi vurğulanmışdır. 2017-ci ildə bütövlükdə prokurorluq orqanlarına 83 mindən çox, o cümlədən Baş Prokurorluğa 45 min ərizə və şikayət daxil olmaqla, onlardan 32 mininin müvafiq qaydada həlli, o cümlədən 4480 müraciət üzrə vətəndaşların qaldırdığı məsələlər təmin olunmuşdur. Prokurorluq orqanlarında 32 mindən çox, o cümlədən şəxsən prokurorlar tərəfindən 15 min, Baş Prokurorluqda isə 6 minə yaxın vətəndaş qəbul edilib.

Prokurorluğun əlaqədar qurumlarından tələb edilmişdir ki, müraciətlərə baxılması və vətəndaşların qəbulu sahəsində əməkdaşların məsuliyyətinin artırılması, yeni informasiya texnologiyalarının imkanlarından daha geniş istifadə olunması, müraciətlərə formal yanaşma və süründürməçilik, qəbula gələnlərə biganə münasibət göstərilməsi hallarına son qoyulması təmin olunsun.

Xüsusi vurğulanmışdır ki, Dövlət başçısının tapşırıq və tövsiyələrinə müvafiq olaraq Baş prokuror tərəfindən respublikanın 12 bölgəsində prokurorluğun rəhbər işçilərinin iştirakı ilə 290 vətəndaşın qəbulu keçirilməklə, qaldırılan məsələlərin yerində həll edilməsi və əsaslı müraciətlərin təmin olunması istiqamətində hərtərəfli tədbirlər həyata keçirilib.

Kollegiya iclasında qeyd edilmişdir ki, 2017-ci ildə prokurorluq orqanlarında kadr siyasətinin həyata keçirilməsi istiqamətində məqsədyönlü tədbirlər davam etdirilmiş, kadrların şəffaf və obyektiv meyarlar əsasında seçilib yerləşdirilməsi və vəzifədə irəli çəkilməsi, kadr korpusunun müsabiqə yolu ilə dərin biliyə malik yüksək ixtisaslı gənc hüquqşünaslar hesabına mütəmadi komplektləşdirilməsi üçün zəruri tədbirlər görülüb.

Hesabat dövründə xidməti fəaliyyətlərində müsbət iş göstəricilərinə nail olmaqla təşkilatçılıq bacarığı nümayiş etdirmiş 9 nəfərin ilk dəfə müstəqil rayon prokurorları vəzifələrinə təyin edildiyi, 107 prokurorluq işçisinin yuxarı təsnifatlar üzrə müxtəlif vəzifələrə irəli çəkildiyi, ölkəmizdə uğurla reallaşdırılan dövlət gənclər siyasətinə uyğun olaraq 2002-ci ildən başlayaraq keçirilən 17 müsabiqə üzrə prokurorluğa qulluğa qəbul edilmiş 780 gənc hüquqşunasın sayının prokurorluğun kadr tərkibinin 66 faizini təşkil etməsi, eləcə də 60 ştat vahidi üzrə elan edilmiş növbəti qəbul üzrə cari il ərzində vakant vəzifələrə təyinatların aparılacağı prokurorluq orqanlarında həyata keçirilən kadr islahatlarının uğurlu nəticələri kimi dəyərləndirilib.

Prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi istiqamətində ciddi tədbirlərin görülməsi, bütün struktur qurumlarda möhkəm nizam-intizam şəraitinin yaradılması, aşkar olunan hər hansı nöqsan və çatışmazlıqlara qarşı prinsipiallıq mövqeyindən yanaşılmaqla müvafiq nəticələrin çıxarılması 2017-ci ildə də əsas vəzifələrdən biri kimi diqqət mərkəzində saxlanılıb.

Qeyd edilmişdir ki, ciddi tələbkarlıq və prinsipiallıq şəraitinin yaradılmasına baxmayaraq, hesabat dövründə aparılmış xidməti yoxlamalar nəticəsində 37 nəfər prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilmiş, onlardan 26 nəfərə töhmət və şiddətli töhmət elan edilmiş, 1 nəfər aşağı vəzifəyə keçirilmiş, 7 nəfər vəzifədən azad edilmiş, 3 nəfər isə prokurorluq orqanlarından xaric olunmuşdur. Baş Prokurorluğun əlaqədar struktur qurumları və bütün tabe prokurorlardan möhkəm nizam-intizam yaradılması məsələlərində prinsipiallığın artırılması tələb edilib.

Kollegiya iclasında görülmüş müsbət işlərlə yanaşı, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil olunmaqla, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsində, cinayətkar hərəkətlər nəticəsində hüquqi və fiziki şəxslərə vurulmuş zərərin ödənilməsi, vətəndaş müraciətlərinə baxılması və onların qəbulu ilə əlaqədar işin təşkilində yol verilən çatışmazlıqların qısa müddətlər ərzində aradan qaldırılması üçün konkret tapşırıqlar verilmişdir. Baş Prokurorluğun əlaqədar struktur qurumları və müvafiq tabe prokurorlar tərəfindən daxili işlər orqanları ilə əlaqəli şəkildə 2017-ci ilin nəticələrinə görə artımı müşahidə olunan cinayətlərin profilaktikası istiqamətində zəruri tədbirlərin görülməsi, eyni zamanda, cəzanın labüdlüyü prinsipinin təmin edilməsi məqsədilə bağlı qalmış cinayətlərin açılması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması üçün müvafiq tədbirlərin görülməsinin zəruriliyi diqqətə çatdırılıb.

Kollegiya iclasında çıxış edən Naxçıvan Muxtar Respublikasının prokuroru Səbuhi Şahverdiyev, Baş prokurorun müavini – Respublika Hərbi prokuroru Xanlar Vəliyev, Baş prokurorun müavini Namiq Əsgərov, Baş Prokurorluğun Hüquqi təminat idarəsinin rəisi Natiq Hüseynov, Baş Prokurorluğun İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Murad Dadaşov və digər natiqlər çıxışlarında 2017-ci il ərzində görülmüş işlər barədə ətraflı məlumatlar verilməklə, “Prokurorluq haqqında” qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə fəaliyyətin səmərəliliyinin daha da artırılması, prokurorluq orqanlarının işinin müasir məzmunda təkmilləşdirilməsinə yönəldilmiş konkret təkliflər irəli sürülüb.

Kollegiya iclasına yekun vuran Baş prokuror prokurorluq orqanlarının kollektivi adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi əmin etmişdir ki, Azərbaycan Respublikası Prokurorluğunun kollektivi öz qüvvələrini səfərbərliyə almaqla, bundan sonra da digər əlaqədar dövlət təsisatları ilə birlikdə dövlətçiliyimizin maraqlarının, ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlığın qorunması, cinayətkarlığın bütün təzahürlərinə və hər cür qanunsuzluqlara qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün səlahiyyət hədləri daxilində zəruri tədbirlərin görülməsini təmin edəcək, dövlət müstəqilliyimizin möhkəmləndirilməsi yolunda öz xidmətlərini göstərəcəkdir.

www.yenicag.az

1514
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv