Baş redaktorların Media Forumu təəssüratları…

klmkl

Aydın Quliyev: “Təklif etdim ki, bütün türk dövlətləri, türk dilində danışan toplumların mediası hər yerdə ermənilərin saxtakar niyyətlərinin ifşa olunması üçün özlərindən asılı olan addımları atsın” 

Hikmət Babaoğlu: “Nümayəndə heyətimiz Dağlıq Qarabağ probleminin transmilli mediada işıqlandırılması ilə bağlı çıxışlar etdi”

Türk Dünyası Media Platformasının  4-cü Forumunda istirak üçün bir qrup Azərbaycan media nümayəndələri Quzey Kıbrısda səfərdə olublar. Bu tədbir barədə təəssüratlarını bölüşmək üçün Yenicag.az saytı olaraq, orada iştirak edən bəzi media nümayəndələrimizin fikirlərini öyrəndik.

“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev Yenicag.az-a bildirdi ki, bu forum türk dünyasının birliyinin möhkəmlənməsi, düşmənlərimizə qarşı vahid cəbhədən çıxış etmək baxımından mühüm əhəmiyyət kəsb etdi: “Türkdilli dövlətlər və türk dilində danışan toplumların Media Forumu deyilən bir proses var. Bu prosesə 2010-cu ildə start verilib. Forumun yaradılmasında Azərbaycan mediasının, xüsusən də Mətbuat Şurasının böyük rolu olub. Onun ilkin yaradılma prosesi çərçivəsində ilk forum 2010-cu ildə Ankarada keçirilib. Orada Azərbaycandan nümayəndələr olaraq Mətbuat Şurasının sədri Əflatun Amaşov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli və digərləri iştirak edib. 2012-ci ildə ikinci forum isə Bakıda olub. Üçüncü forum keçən il Qırğızıstanın paytaxtı Bişkekdə baş tutdu. Ənənəyə görə bu forumu hər il türkdilli dövlətlərin birində keçirmək razılaşdırılıb. Gözlənilir ki, növbəti belə tədbir gələn il Qazaxıstan paytaxtı Astanada olsun. Artıq üçüncü dəfədir ki, bu forumların iştirakçısıyam. 2012, 2013 və bir də indiki forumun iştirakçısı olmışam.  Son forumda Əflatun Amaşov, Vüqar Səfərli, mən, Hikmət Babaoğlu, Elçin Mirzəbəyli, Sevil Yusifova, “Zaqatala” qəzetinin baş redaktoru iştirak edib. Tədbir çox maraqlı idi. Üç gün davam edən tədbirlə bərabər Kiprin noyabrın 15-ə təsadüf etmiş müstəqillik bayramına həsr olunan tədbirlərə də qatıldıq. Burada ölkənin prezidenti, baş naziri ilə görüşdük. Forumda maraqlı məsələlər müzakirə edildi. Bizim üçün əsas vacib məsələ olaraq etnik münaqişə adı altında təcavüzkar dövlətlərin, o cümlədən Ermənistanın Azərbaycan torpaqlarını qəsb etməsi və bu siyasətdə türkdilli medianın rolu mövzusu daha çox maraq kəsb etdi. Tədbir çərçivəsində bu məsələləri qaldırdıq. Bu məsələ ətrafında Əflatun Amaşov, mən, Hikmət Babaoğlu, Elçin Mirzəbəyli və digərləri çıxış etdilər. Qarabağ problemilə bağlı önəmli məsələləri qaldırdıq və həmin məsələlərin platformanın qətnaməsində yer almasına nail olduq. Məsələ qoydum ki, ermənilər qondarma genosidin 100 illiyini dünya miqyasında qeyd etməyə  çalışır. Belə bir tarixi fakt olmayıb, tamamilə yalandır. Hətta 70 illik sovet dövründə Ermənistan əhalisini güc-bəla ilə 2 milyona gətirib çıxarmaq mümkün oldusa, keçən əsrin əvvəlində Anadoluda 1,5 milyon erməninin yaşaması və qətlə yetirilməsi faktı tamamilə uydurmadır. Dediyim bu fakt forum iştirakçılarının diqqətini cəlb etdi. Burada onlara çağıtış etdim ki, türkdilli ölkələrin mediası saxta erməni genosidilə mübarizəni təkcə Türkiyə ilə Azərbaycanın mübarizəsi kimi qəbul etməsin. Bu bütün türk dünyasının problemi olmalıdır. Azərbaycanın bir neçə il əvvəl erməni separatizmi ilə əlaqədar hücum diplomatiyasına keçdiyini bildirərək, çağırış etdim ki, bizlər də növbəti foruma qədər erməni saxtakarlığı və təcavüzkarlığına qarşı hücum mediası kampaniyası élan edək. Qoy bütün türk dövlətləri, türk dilində danışan toplumların mediası hər yerdə ermənilərin saxtakar niyyətlərinin ifşa olunması üçün özlərindən asılı olan addımları atsın. Bütün tribunalar, qəzet və televiziyalarda həmişə bunu aydın  şəkildə vurğulasınlar ki, tarixdə erməni genosidi olmayıb, bu uyğurmadır. Ermənilərin bütün tarixi başdan ayağa saxtadır. Təklifim birmənalı olaraq dəstəkləndi. Güman edirəm ki, qarşıdakı il ərzində müəyyən ölkələrin mətbuatında bu istiqamətdə çıxışlar görəcəyik. Bu da erməni saxtakarlığına qarşı mübarizədə Azərbaycanın hücum diplomatiyasına beynəlxalq dəstəyin bir əlaməti olacaq. Bir sözlə Media Forumu haqda təəssüratlarım yüksəkdir. Forum türk dilinin müxtəlif ləhcəsində danışan vahid millətin eyni bir ədəbi dili və mətbuat dilinin formalaşmasında da böyük rol oynayır. Tədbirdə Başqırdıstan və Yakutiyadan gələnlər istisna olmaqla, digərləri öz dilində danışırdı və bir-birimizi tam olmasa da, 70-80 faiz anlayırdıq. Düşünürəm ki, türk dövlətlərinin böyük inteqrasiya prosesində mətbuatın nə qədər böyük qüvvə olduğunu bu forumlar tarix qarşısında sübut edəcək”

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu da Yenicag.az əməkdaşı ilə söhbətində tədbirlə bağlı təəssüratlarının çox olduğunu dedi:

“Azərbaycan mediası öz inkişaf dövrünü yaşayır. Eyni zamanda, mediamız milli mətbuat olaraq dünyəvi və region mətbuatına inteqrasiya etməkdədir. Türkdilli ölkə və xalqların 4-cü Media  Platformasında müasir medianın aktual problemlərilə bərabər, türkdilli mətbuatın maraqlarının ifadəsi baxımından  problemlərlə bağlı maraqlı çıxışlar oldu. Habelə, türkdilli xalq və toplumların milli dəyəri kimi səciyyələndirilən ayrı-ayrı tarixi şəxsiyyətlərin, ictimai xadimlərin türkdilli medianın inkişaf tarixində xüsusi rol oynamış şəxsiyyətlərin bioqrafiyası haqda məlumatların verilməsi və onların bir dəyər kimi tanıdılması məsələsi də müzakirə olundu. Azərbaycan nümayəndə heyəti Dağlıq Qarabağ probleminin transmilli mediada işıqlandırılması və transmilli medianın bu problemə yanaşması ilə bağlı çıxışlar etdi. Müasir dövrdə medianın, ictimai firkin formalaşmasında nə qədər əhəmiyyətli rol oynadığı, ictimai, siyasi qərarların qəbulunda onun yaratdığı informasiya mühitinin əhəmiyyətli olduğu  barədə danışdıq. Bir daha vurğulandı ki, media heç də həmişə səmimi deyil. Bildirildi ki. hadisələrin işıqlandırılmasında siyasi platformada olduğu kimi, mediada da ikilli standartların şahidi oluruq. İndiki mərhələdə kifayətdir ki, türkdilli ölkə və xalqların həyatında baş verən hadisələr forum iştirakçılarının əhatə olunduğu ölkələrdə obyektiv işıqlandırılsın”.

Rüfət