“Sülh sazişi imzalanmaya qədər Azərbaycan tərəfindən bir sıra tələblər səslənəcək. Həmçinin yekun müqavilə imzalanmasa, müharibə ehtimalı da gündəmdə olacaq”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.
Siyasi şərhçi Azərbaycanın Ermənistanla münasibətlərdə son günlər hücum diplomatiyasına keçməsinin pərdəarxası məqamlarına toxunub.
“Xüsusilə də Ermənistanın sürətli şəkildə silahlanması, Qərbin ayrı-ayrı birləşmələrinin Ermənistan ərazisinə gəlməsi, bu ölkədə revanşist hisslərin hər keçən gün yüksəlməsi və ayrı-ayrı sərhəd bölgələrində atəşkəsin pozulması fonunda baş verənlər vəziyyəti gərginləşdirir. Bu gərginliyin isə hərbi əməliyyatlara gətirib çıxarma ehtimalı da kifayət qədər yüksəkdir” – deyə o, əlavə edib.
R. Bayramova görə, Ermənistan hakimiyyətinin müstəqil qərar qəbul etmək səlahiyyəti olmadığından, Paşinyan hökumətinin Qərbin maraqlarından çıxış etməsindən və Qərb dövlətlərinin Azərbaycan-Ermənistan münasibətlərinin gərgin qalmasına fürsət kimi baxdığından vəziyyət gərgin olaraq qalır:
“Nəticə etibarilə, Paşinyan hakimiyyətinin konstitusional dəyişikliklərlə bağlı referendumun 2027-ci ildə keçirilməsi haqqında bəyanat yayması, Naxçıvan istiqamətində ərazilərimizin atəşə tutulması və s. faktlar onu göstərir ki, İrəvan sülhə hazır deyil. Ona görə də Azərbaycan davamlı şəkildə güzəştə getmək və məsələləri qabartmamaq mövqeyindən geri çəkilib və hücum mövqeyini bərpa edib”.
“Prezidentin köməkçisi Hikmət Hacıyevin szöügedən məsələ ilə bağlı səsləndirdiyi fikirlər də yeni deyil və zaman-zaman bu barədə açıqlamalar olub və bunun yenidən gündəmə gətirilməsində fayda var. Çünki Ermənistanın havadarları müxtəlif istiqamətlərdə Azərbaycanla bağlı xoşagəlməz kampaniyaların aparılmasına start veriblər. Bu baxımdan, Azərbaycan tam haqlı olaraq Ermənistandan üzrxahlıq tələb etmək və onların sülhə hazır olmaması ilə bağlı bəyanat səsləndirmək hüququ mövcuddur və bundan da istifadə edir. Düşünürəm ki, bundan sonra bu məsələni daha da kəskinləşdirib, Ermənistanın qarşısına konkret şərtlər qoymaq lazımdır”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Rafi Müslümov