Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Başımı soyuducuya çırpdı, qarnımı təpiklədi..." - 29 yaşlı Gülnarənin ağır həyat hekayəsi

… Sakitcə ağlayırdı… Aradabir iniltisini də eşidirdim. Az qala 1 saat idi ki, yanımdakı çarpayıya yerləşdirmişdilər. Bir Allah bəndəsi yaxınlaşıb, adi bir ağrıkəsici də vurmurdu: həkimi gözləyirdilər. Üstünə atılan nazik mələfənin altında tir-tir əsirdi. Üzündəki şişi gizlətmək üçün saçlarını sifətinə töksə də xeyri yox idi…

Döyüldüyü bəlli idi… Amma israrla ” hamamda yıxıldım”, deyirdi.

Həkim gəldi. Daha doğrusu, çırtma çala-çala palataya daxil olub, üzünü qıza tutdu: ” Hə, gözəlim… necəsən?”…

Bayaqdan bəri ancaq yediyini qaytaran “gözəlinsə” danışmağa taqəti yox idi. Həkim təyinatını yazıb, üzünü mənə çevirdi. Pıçıltı ilə dediklərini güclə eşitdim: “Əri döyüb”.

Ürəyimin başı gizildədi. 25 illik ailə həyatımda rəhmətlik yoldaşımın mənə bircə dəfə sillə vurduğunu xatırlayıram. O da uşaqların üstündə olmuşdu, vəssalam. Mən bunu nə atamdan gördüm, nə də yoldaşımdan… Ona görə də yanımdakı çarpayıda uzanan bu 29 yaşlı qadına ürəkağrısı ilə baxır, halına acıyırdım.

O, yenə titrəyirdi. Təzyiqimi ölçmək üçün gələn tibb bacısından yorğan gətirməyini xahiş etdim. Sağ olsun, sözümü yerə salmadı. Titrəyən əlləri ilə sifətini yorğanın altında gizlədən “qonşum” ağrıdan qıvrılsa da minnətdarlıq etməyi də unutmadı. Bir az sonra isə hıçqırığını və pıçıltısını eşidirdim: “Əllərin qurusun sənin, əllərin…”.

Özümü saxlaya bilmədim.

“Sənin yıxılmadığına adım kimi əmin idim,” dedim.

Başını yorğanın altından çıxarıb, qəmli-qəmli üzümə baxdı.

“Necə deyim, ərim döyüb? Xəcalət çəkirəm axı… Deyim, ondan da pis günə qoysun məni? İki qızım var. Onlara görə dözürəm hər şeyə…”.

Daha suala ehtiyac yox idi. Özü danışırdı. Mən isə onun taleyinə acıyır, bir qız anası kimi özümü onun anasının yerinə qoyur, “görəsən mən övladımın müdafiəsi üçün nə edərdim?”, deyə düşünürdüm.

Adını olduğu kimi yazıram: Gülnarə. 29 yaşı vardı. 10 illik evlilik hekayəsini nəfəsi darala-darala, ağrıdan qıvrıla-qıvrıla danışırdı… Danışdıqca yüngülləşirdi sanki… Onu dinləyən birini tapdığı üçün…

xxx

… ” Yoldaşım bibimoğludur. Atam məni ona güclə verib. Dedim: “istəmirəm”, qayıtdı ki, “elə etmə ki, pəncəyimi götürüb, çıxım bu evdən”. Çox qısqanc adamdır. Hər işə deyinir. Evi az qala dilimlə təmizləsəm də… xeyri yoxdur. Nəsə bir əmma tapacaq. Hirslənməyə bəhanə axtarır elə bil… Həmişə də bəhanə tapır… nəticədə üz-gözümün qarasını görən olmasın deyə, günlərlə evdən çıxmıram. Qonşulardan da utanıram. Onun bağırtısından, mənimsə yalvarışlarımdan beziblər. Dərdimə əlac tapan yoxdur. Səsimi çıxardan kimi anam ancaq bir söz deyir: “sus, atan ürək xəstəsidi, kişiyə bir şey olar, öldürərəm səni”.

Bir gün qardaşım döyülməyimdən xəbər tutdu. Yoldaşımın boğazından yapışıb dedi ki, ” bir də o qıza barmağın dəysə, məndən incimə”. Amma heç vecinə də deyil”.

– Bəs yaxşı bu dəfə “günahın” nə oldu?

– Qızımı gətirmək üçün məktəbə getmişdim. Məktəblə bizim evin arasında bir çəpər var. Müəllimə də yaşlı qadındır, danışmağa başladısa dayanmır. Mən də sözünü kəsməyim deyə, bir az ayaq saxlamalı oldum. Heç 10 dəqiqə çəkmədi. Baxdım ki, yoldaşım arxadan məni çağırır. Evə necə qalxdığımı bilmirəm. Bir də gördüm sillə-təpik gəldi… Bəhanə də o idi ki, “sən niyə müəllimə ilə danışırdın?”. İndi mən izah etməyə çalışıram, qulaq asmır. Bilə-bilə ki, ödümdən əməliyyat olunmuşam qarnıma o qədər təpik vurdu ki… Sonra da başımı tutub, soyuducunun tininə çırpdı. Üzümün bu tərəfini də təpikləyib. Qızım ayaqlarına sarılmasaydı, öldürəcəkdi məni…”.

Ağrısı şiddətləndi deyəsən…  İki əli ilə başını tutub, “ölürəm, ay Allah”, dedi.

Keçirtdiyim qəza nəticəsində kəllə-beyin travması alan mənə ayağa durmaq qadağan olunsa da canımı dişimə tutub qalxdım. Başımı dəhlizə uzadıb, tibb bacısını çağırdım.

Yenə üzrxahlıq, yenə göz yaşları…

– Bəs bura necə gəldin?

Bir o yadımdadır ki, qızı da götürüb qonşuda yaşayan bibimgilə getdim. Dedim, hamamda yıxılmışam, özümü pis hiss edirəm. Uşağı orda qoyub, yaxınlıqdakı “təcili yardıma” getdim. İstəyirdim, təzyiqimi ölçsünlər. Orda mənə dedilər ki, kəllə-beyin travması almısan. Götürüb, bura gətirdilər”.

 

– Bəs xəstəxanada olduğunu kimsə bilir?

Heç kim bilmir. Telefonum da yoxdu. İnanın, kiminsə bilməyini istəmirəm də…

Bir az sonra atasının nömrəsini deyir. Öz telefonumdan yığıb, xəbər verirəm. “Nolub ona? Necə yəni yıxılıb? Harada?”. Sadəcə, “Semaşkodadır, bura gətiriblər”, deyirəm, vəssalam.

xxx

2 saat sonra 55 yaşlarında arıq, fağır görünüşlü bir qadın içəri girir. Anası idi. “Ay bala, sən burda nə qayırırsan? Otur evində də…”.

Gülnarə ağrısını unutmuşdu. “Məni öldürürdü o əliqurumuş… Sən başa düşürsən?”.

Ana öz ampluasında idi: ” A bala, atan yazıqdı, bax, sənin xəbərini eşidən kimi qolu qurudu… Ərdi də… döyüb-döyüb də… El-oba var ay bala… Özü də bibin oğludu”.

“Məni elə atam bədbəxt elədi. Ona nə olsa da… azdır”, dedi Gülnarə.

Ana ağlamsındı. Onun kimin halına yandığını aydınlaşdırmaq çətin idi. Hər halda o gözyaşları Gülnarəyə görə deyildi. Çünki ayaqyoluna getmək üçün səndirləyərək qalxan qız mənim çarpayımdan tuta-tuta getdi; ana bircə dəfə də olsun onun qolundan yapışmadı…

xxx

Səhəri dirigözlü açdım. Nə o yatdı… nə də mən. O, içində inildəyirdi… Məni narahat etməmək üçün abrından səsini belə çıxartmırdı. Məni isə narahat edən onun sonrakı taleyi idi. “Nə etməli? Necə etməli?”, deyə elə hey düşünürdüm.

Bəlkə yoldaşının həyatında kimsə var, yoxsa ağıllı adam gül kimi arvadını niyə bu kökə salsın ki?

– Bəlkə niyə?? Var. Atamın xalası nəvəsidi. 1 uşaqla yoldaşından ayrılıb. Biz tərəflərdə dişinə vurmadığı kişi qalmayıb. Bir-iki ildir ki, yoldaşıma qırmaq atıb. Bu ağıllı da qoşulub ona… Onları oteldən çıxan da görüblər. Gəlib mənə dedilər. Səsimi çıxarda bilərəm? O dəqiqə başlayacaq təpik-yumruğa… Ona görə məcbur olub, susdum. Amma hər gün deyirəm ki, Allah onun bəlasını versin.

… Günorta saat 2-dir. Səhərdən bəri ağzına bir tikə də almayıb. Yediyi ancaq mənim verdiyim bir dənə yoqurt olub. “Anam harda qaldı görəsən?”, dedi. Bir saat da keçdi… Qapı açıldı, həmin arıq cüssəli qadın bu dəfə içəri qəribə hikkə ilə daxil oldu.

“Dur gedək evə”, dedi, “burda analizlərə verməyə pulum yoxdu mənim, dur”.

“Axı ağrıdan ölürəm, ay ana. Başım üstümdə dayanmır”, deyə Gülnarə az qala yalvarırdı.

“Heç nə olmaz sənə. Həkimlə də danışdım. Dur sənə deyirəm…”.

Yenə səndirləyərək qalxan qız… yenə tutula-tutula gedilən divarlar… Son sözü indi də qulağımdadı: “Haqqınızı halal edin, Zakirə xanım”…

Zakirə Zakirqızı

P.S.  Günlərdən bəri içimi qəribə bir narahatlıq gəmirir. Mən həyatımda ilk dəfə gördüyüm bir qızdan – Gülnarədən nigaranam… Axı anayam. Amma mən o fağır görünüşlü qadından fərqli olaraq, səndirləyən qızımın qolundan tutardım, mütləq tutardım…

P.P.S. Yazının ərsəyə gəlməsində Liatris Holdingə minnətdaram. Onlar “Qadına qarşı şiddətə son” layihəsinə start verməsəydilər, mən də şahidi olduğum bu həyat hekayəsini yazmayacaqdım. 

www.yenicag.az

5250
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100