Sankt-Peterburqda bir nəfəri sırsıra öldürüb.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiyanın REN TV kanalı məlumat yayıb.
Dekabrın 18-də səhər saatlarında Sankt-Peterburqda bir nəfər başına buz düşməsi nəticəsində dünyasını dəyişib. Hadisə səhər saat 5 radələrində Meçnikov prospektindəki evlərdən birinin yaxınlığında baş verib.
“Növbətçi məntəqə ilə əlaqə saxlayan hadisə şahidi bir nəfərin küçədə başı qarın içində yatdığını söylədi”, – telekanalın həmsöhbəti bildirib.
Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları kişinin öldüyünü müəyyən ediblər.
Hazırda hadisənin baş vermə şəraiti və mərhumun şəxsiyyəti müəyyənləşdirilir.
Sankt-Peterburqun Kalininski rayonunun administrasiyası bildirib ki, ölən 31 yaşlı kişi olub və mağazanın girişinə yaxın olub, üzərinə sırsıra düşüb.
Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq üzrə Baş İstintaq İdarəsinin Kalininski rayonu üzrə istintaq şöbəsi “Ehtiyatsızlıqdan ölümə səbəb olma” maddəsi ilə cinayət işi açıb.
“Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq üzrə Baş İstintaq İdarəsi şəhər sakinlərinə və qonaqlarına müraciət edir: soyuq mövsümün başlaması ilə əlaqədar buzlu hava şəraitində binaların damlarından donmuş buzun düşməsi nəticəsində vətəndaşların, o cümlədən uşaqların xəsarət alma riski artır”, – Rusiya Federasiyası İstintaq Komitəsinin Sankt-Peterburq üzrə Baş İstintaq İdarəsinin mətbuat xidmətindən bildirilib.
Xuraman Etibarlı