Başqasını yaşatmaq xoşbəxtliyi: Kimlər qan donoru ola bilər?

Qan donorluğu haqqında müxtəlif çağırışlar eşidir və görürük. Gündəlik həyatda, filmlərdə, sosial şəbəkələrdə…

Ümumiyyətlə, qan donorluğu nədir?
Qan donorluğu insanların sağlamlığını və həyatını qorumaq üçün başqasına qan köçürülməsi prosesidir. Donorluq könüllü prosesdir və müxtəlif tibbi əməliyyatlarda, travmalarda, qan xəstəliklərində və digər təcili tibbi hallarda həyati əhəmiyyət daşıyır.

İmmun sisteminin reaksiyaları və qan qruplarının fərqliliyi haqqında anlayışların məhdud olduğu bir dövrdə ilk qanköçürmə cəhdi heyvanlardan insanlara olub və uğursuz nəticələnib.

Fransız həkimi Jean-Baptiste Denis tərəfindən 1667-ci ildə bir insanın damarına heyvan qanının köçürülməsi ilə eksperimentlər bir müddət dayandırılıb.

Daha sonra ingilis həkimi James Blundell ilk uğurlu insan qan köçürməsini həyata keçirdi və qanköçürmə təcrübəsinin əsasını qoydu.

XX əsrin əvvəllərində avstriyalı həkim Karl Landsteiner qan qruplarını (A, B, AB və 0) kəşf etdi. Bu, əsl inqilab idi. İkinci Dünya müharibəsi zamanı qan donorluğu böyük əhəmiyyət kəsb edirdi. Kütləvi qan ehtiyacı yaranan zaman qan bankları yaradıldı və qan donorlarından qan yığılmağa başlandı. Müasir qan bankçılığının tarixi məhz o gün başladı.

Qan qruplarının uyğunluğu və qanköçürmədə steril şəraitin təmin edilməsi, həmçinin mütəmadi olaraq qan ehtiyatlarının saxlanması mühüm əhəmiyyət daşıyır. Həmçinin, donorlardan alınan qan müxtəlif komponentlərə (plazma, eritrosit, trombosit) ayrılaraq ehtiyaca uyğun olaraq istifadə olunur.
Dünyada qan donorluğu ilə bağlı qəbul edilən öhdəliklər və qaydalar hər ölkənin qanunlarına və sağlamlıq sisteminə görə dəyişsə də, ümumi olaraq qan donorlarının bir sıra öhdəlikləri vardır. Bu öhdəliklər həm donorların, həm də qan qəbul edəcək şəxslərin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.

Qan donorları sağlam olmalıdırlar. Qan verməzdən əvvəl donorun sağlamlıq vəziyyəti qiymətləndirilir. Yüksək təzyiq, infeksion xəstəliklər, anemiya və digər tibbi vəziyyətlər qan verməyə mane ola bilər.
Donorlar özlərinin xəstəliklərdən azad olduğunu bəyan etməli və qan vermədən əvvəl verilən sağlamlıq suallarına dəqiq cavab verməlidirlər. Onlar müntəzəm olaraq qan verə bilər, lakin müəyyən müddətin keçməsinə riayət etməlidirlər.
Qan donorları üçün yaş (adətən 18-65 yaş arası) və çəki (ən azı 50 kq) məhdudiyyətləri vardır. Bu, donorun sağlamlığını qorumaq və qanvermənin təhlükəsiz olmasını təmin etmək üçün vacibdir.

Qan donorluğu ilə bağlı hökumət və qeyri-hökumət təşkilatları tərəfindən müxtəlif təşviq və kampaniyalar həyata keçirilir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hər il 14 iyun Ümumdünya Qan Donoru Günü kimi qeyd olunur. Günün məqsədi könüllü qan donorluğunu təşviq etmək və donorların öhdəliklərini vurğulamaqdır.
Ölkəmizdə də mütəmadi olaraq qanvermə aksiyaları təşkil olunur. Hər il müxtəlif vaxtlarda, xüsusilə Aşura mərasimlərində kütləvi qanvermə aksiyaları keçirilir.
Qan xəstəliyi olan insanlara ən böyük diqqət və qayğı isə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın birbaşa dəstəyi ilə həyata keçirilir.

Aparılan maarifləndirmə və təbliğat nəticəsində qazanılan uğurlar onu deməyə əsas verir ki, Azərbaycanda irsi qan xəstəliklərsiz həyat mümkündür və buna az qalıb…

Məhbubə Mehtiyeva
Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin əməkdaşı
Araşdırmaçı, sosioloq

COP29