Batırılan təhsil və siniflərdə şagird sayı PROBLEMİ: “Hətta bəzi fənlərin tədrisi zamanı…”

“Xarici təcrübəni olduğu kimi yox, öz spesifikamıza uyğunlaşdırılmış şəkildə tətbiq etməliyik”.

Bu fikirləri təhsil naziri Emin Əmrullayevin bir sinifdə 40 şagirdin olmasının təhsilin keyfiyyətinə mənfi təsir etmədiyinə dair yanaşmasına münasibət bildirən ekspert Nadir İsrafilov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, bəzi fənlərin tədrisi zamanı sinifdə 20-dən çox şagirdin olması belə keyfiyyətə təsir edir:

“Sinqapurda bir sinifdə standart olaraq, 40 şagird təhsil alır və bu da həmin ölkədəki təhsil sisteminin mükəmməlliyi ilə əsaslandırılır. Kimsə buna qarşı əks arqument gətirə bilər ki, əgər bizim müəllimlərin orta aylıq maaşı 1600-3500 dollar olsaydı, Azərbaycanda da bir sinifdə 40 şagirdin oxuması mübahisə doğurmazdı.

Subyektiv fikrim bundan ibarətdir ki, “hansısa ölkədə belədir, bizdə niyə elə deyil” düşüncəsi ilə müqayisə aparmaq və konkret nəticə çıxarmaq o qədər də uğurlu yol deyil. Sual oluna bilər ki, niyə bir sinifdə 20 şagirdin təhsil aldığı Finlandiya modelini deyil, məhz 40 şagirdlik Sinqapur modelinə üstünlük verməliyik?

Belə misalların sayını dəfələrlə artırmaq olar. Deməyim odur ki, xarici təcrübəyə istinad etmək vacibdir, lakin onu olduğu kimi yox, öz spesifikamıza uyğunlaşdırılmış şəkildə tətbiq etməliyik. Əks halda, gözlədiyimiz nəticəni almaq çətin olacaq. Hər sinifdə 40 şagird olsa, bəs onda sıxlıqla bağlı sanitar tələblərə, hər kvadrat metrə düşən şagird sayını müəyyənləşdirən normalara necə əməl ediləcək?

Bir də elə fənlər var ki, onları bir sinifdə 40 uşağa tədris etmək olar. Ancaq bəzi fənlərin tədrisi zamanı sinifdə 20-dən çox şagirdin olması belə keyfiyyətə təsir edir. Yekun nəticəyə varsaq, istər-istəməz “azın az dərdi var, çoxun da çox qəmi” qənaətinə gələcəyik. Şagird sıxlığı məsələsinə gəldikdə isə bu hal heç də ölkənin bütün məktəbləri üçün xarakterik deyil və vurğulanan istiqamətdə müəyyən işlər görülür. Ümid edək ki, vəziyyətin normallaşdırılması istiqamətində işlər bundan sonra da davam etdiriləcək”.

Nuray Məmmədzadə

COP29