Xəzərdə batmaq təhlükəsində olan iki nəfər xilas edilib.
Dövlət Sərhəd Xidmətindən Yenicag.az-a verilən xəbərə görə, Sahil Mühafizəsinin Baş komanda idarəetmə mərkəzinə “Abşeron Milli Parkı”nın Şahdili burnu ərazisində 2 nəfər şəxsin dənizdə batma təhlükəsi barədə məlumat daxil olub.
Qısa müddət ərzində Sahil Mühafizəsinin xidmətdə olan “Şahdağ” sərhəd gözətçi gəmisi həmin istiqamətə göndərilərək xilasetmə əməliyyatına cəlb edilib.
Saat 18:15-də Şahdili burnunun qərb istiqamətində, sahildən təxminən 1000 metrədək məsafədə köməksiz vəziyyətdə qalmış Abşeron rayon Masazır qəsəbə sakinləri 22 oktyabr 1995-ci il təvəllüdlü Əsədov Hüseyn Sultan oğlu və 31 mart 1991-ci il təvəllüdlü Novruzlu Nicat Elşad oğlu sərhədçilər tərəfindən xilas edilərək, ilkin tibbi yardım göstərildikdən sonra “Abşeron Milli Parkı” ərazisində sahilə çıxarılıblar.