!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Bavariya"nı "avariya"ya salan olacaqmı? - Bundesliqaya baxış

!Reklam – Yazi

Almaniya Bundesliqasında yeni mövsümə start verilib.

Yenicag.az xəbər verir ki, 28 dəfə ölkə çempionu olan “Bavariya” yenə birincilik iddiasını davam etdirir.

Geridə qalan iki tur ərzində maksimum nəticə göstərən Yup Xaynkesin komandasına baş ağrısı ola biləcək “Şalke”, “Bayer” kimi rəqiblər isə mövsümə uğursuz başlayıblar. Hər iki komandanın iki turdan sonra qələbə üzünə həsrət qalması yerli azarkeşləri düşündürməyə bilməz.

Maraqlıdır ki, Münhen təmsilçisi yeni mövsümə cəmi iki transferlə başlayıb. Kanadanın “Vankouver” klubundan Alphonso Daviesi heyətinə cəlb edən son çempionun anlaşdığı digər futbolçu isə “Şalke”dən Leon Qoretzkadır.

Serge Qnabari, Renato Sançesin icarə müddəti başa çatdığı üçün geri qayıdıblar.

Əvəzində Duqlas Kostanı “Yuventus”a, Arturo Vidalı “Barselona”ya, Sebastian Rudini “Şalke”yə, Juan Bernatı PSJ-yə satan “Bavariya” bu transferlərdən 100 milyon avroya yaxın gəlir əldə edib.

Mövsümə maksimum nəticə ilə başlayan “Volfsburq” isə heyətinə ən çox futbolçu cəlb edənlərdəndir. “Canavar”lar 13 futbolçu ilə güclənib ki, bunlardan 6-sı icarə müddəti başa çatdığı üçün geri qayıdıb. 10 futbolçu ilə yollarını ayıran “Volfsburq”un satdığı ən bahalı futbolçu isə Daniel Didavidir. “Ştutqart”a transfer olunan Benindən olan futbolçunun qiyməti 4 milyon avrodur.

İki turdan sonra 6 xal toplayan və bununla da üçüncü sırada qərarlaşan “Herta” isə daha çox gənclərlə güclənib. Maraqlıdır ki, klub aşağı yaş qruplarında əsas komandaya 5 futbolçu cəlb edib. “Herta”nın yeni mövsüm öncəsi etdiyi ən bahalı transferin qiyməti isə 6,5 milyon avrodur. Bu məbləğ “Salzburq”dan tranfer edilən Valentino Lazaro üçün xərclənilib.

8 dəfə Almaniya çempionu olan “Barussiya” Andrey Yarmolenkonu “Vest Hem”ə, Sokratisi “Arsenal”a, Nuri Şahini “Verder”ə satsa da, onların yerini daha yaxşıları ilə doldurub. Hər halda “Maynts”dan heyətə cəlb olunan Abdou Diallo, “Verder”dən gələn Tomas Delaney və Çinin “Quanjian” klubundan transfer olunan Aksel Vitsel Dortmund təmsilçisi üçün daha faydalı olacaqlar. Maraq üçün onu da qeyd edək ki, “Borussiya” üç transferə ümumilikdə 70 milyon avroya yaxın pul ödəyib. Satdığı futbolçulardan əldə etdiyi gəlir isə 50 milyon avroya bərabərdir.

Ötən mövsüm sürpriz çıxışı ilə diqqət çəkən “Leypsiq”in başı isə Avropa Liqasına qarışıb. 2 oyundan sonra aktivinə bir xal yazdıran komanda Avroliqada uğurlu çıxışa ümid edir. Qrup mərhələsində “Seltik”, “Rosenborq”, “Salzburq” kimi komandalarla mübarizə aparan “Leypsiq”in 1/16 finala adlamaq şansı yüksək qiymətləndirilir. Hər halda qrupda “Red Bull” şirkətinin sponsorluq etdiyi iki komandanın – “Leyspiq”lə “Salzburq”un duelini izləmək maraqlı olacaq.

II Bundesliqadan əsas liqaya çempion kimi yüksələn “Fortuna”nın da necə çıxış edəcəyi maraqla gözlənilir. Hələlik aktivində xalı olmayan Friedhelm Funkelin komandasının 40 milyon avroluq büdcə ilə Bundesliqada tab gətirib-gətirməyəcəyi sual altındadır. Bir illik fasilədən sonra yenidən Bundesliqaya qayıdan “Nurnberq” isə “Fortuna”dan fərqli olaraq artıq bir xal qazanmağı bacarıb. Bu komandaların ilk işi sözsüz ki, Bundesliqada möhkəmələnməkdən ibarət olacaq.

Ümumilikdə Bundesliqaya nəzər yetirdikdə, “Bavariya” qarşısında duruş gətirəcək komandanın olmadığını görərik. Lakin onu da nəzərə alaq ki, futbol sürprizlərlə doludur. Bəzən istək də gücə qalib gələ bilir.

Emin Səfərov

www.yenicag.az

1591
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv