Baxış: “Maarifçilik” – Rövşən Nəcəfov yazır

13401300_1117586428298530_1629107556_nTarix insanların hislərini ifadə etmək üçün müxtəlif mərhələləri keçib artıq. Tarix insanların taleyini yazmır. İnsanlar bütün ideologiyaları daxilində daşıyaraq gətirib bu günümüzə çıxarıb. İdeologiyalar isə insanların hislərini keçmişdə yazıb. Tarix bütün yazdıqlarını insanların hislərinə uyğun formalaşdırıb. İnsanlar taleyini başqalarının taleyi üzərində yazmağa başladığı müddətdə, insan tarixi yazmağa başladı. Tarixi yazan insanlar fərd anlayışını təqdim etdilər. Cəmiyyəti bilikləndirmək və məlumatlandırmaq tələbatı formalaşdı. İnsan tək qala bilmədi. Tək davam etmək üçün şərtlər dəyişdi. Tək davam etməmək üçün hər kəsi özümüzə bənzətmək istəyirik. Bəlkə bütün rənglər və dəyişikliklərin səbəbi TƏKlikdir.

İnsanın tək qalmaması üçün cəmiyyət aydınlanmalıdır. Aydınlanmış cəmiyyətin keçmişi və gələcəyi məlumdur. Cəmiyyətin inkişafı təhsil, gənclik və gələcək anlayışlarını özündə cəmləşdirməlidir. Təhsilimizdən gəncliyimizə, gəncliyimizdən gələcəyimizə istiqamətimiz maarifçilikdir. Yəni bir-birimizə bağlılıqlar yaratmaq, uğur körpüləri inşa etməliyik. Təhsil, gənclik və gələcək anlayışları maarifçiliyin əsas tərkibidir. Təhsil hər kəsi aydınlatmır. Aydınlanma maarifçiliyin son mərhələsidir. Maarifçilik gələcəyə hesablanmış ideyadır. Təhsilli gənclə maarifçi gəncin fərqi odur ki, təhsilli gənc özünü yetişdirir, maarifçi gənc isə hər şeyi gələcəyə hesablayır. Yaşadığı cəmiyyətin mədəniləşmə prosesində iştirakçılıq edir. Maarifçilik odur ki, bu ölkənin gələcəyi, bu ölkənin taleyi biz gənclərdən asılıdır. Maarifçilik dövlət qurmağa aparan yoldur, həm də o dövləti yaşadan yoldur. Təhsilli vətənpərvər gənc – maarifçidir!

Maarifçilik sahiblənməkdir.

Daşıdığımız və qazanmalı olduğumuz dəyərlərə sahib olmalıyıq. Tarixin tozlu və pozulmuş səhifələrini vərəqləyəndə maarifçilik anlayışının bizim üçün yeni olmadığını görürük. Azərbaycanda maarifçiliyin tarixi məhz tarixi şəxsiyyətlərimizin həyatı ilə bağlıdır. Onların sahib olduğu dəyərlər bu gün bizim istinad nöqtələrimizdir. Həsən bəy Zərdabidən başlayan maarifçilik bu gündə davam edir. Cəmiyyətdə hər zaman maarifləndirmə prosesi gedir. Cəmiyyət hər zaman yenilənir. “Əkinçi” qəzetindən əvvəlki tariximizdə yazılmış və deyilmiş maarifləndirici fikirlər mövcuddur. Amma fəaliyyət yoxdur. Həsən bəy Zərdabi deyilmiş və yazılmış fikirləri fəaliyyətə gətirdi, ictimailəşdirdi. Yəni, ictimai fəaliyyətin əsasını qoydu. Qəzet, teatr və təşkilat yaratdı. Maarifçilərimiz xalqın mədəniləşmə prosesini sürətləndirəcək bütün fəaliyyət növlərinin əsasını qoydular. Tarixi şəxsiyyətlərimizin tairixini cəmləşdirdikdə Azərbaycan anlayışı yaranır. Bu tariximizi fərdi təşəbbüslər üzərində cəmiyyətə təqdim edilmiş ictimai fəaliyyət yaşadır. Tarixi şəxsiyyətlər tarixin özüdür. Dövlət bu günümüzün tarixi istinadıdır. Maarifçilik tarixi yox etməyə qoymur. Maarifçilik tarixə yenidən qayıdır. O yenidən özünə qayıdış edir.

Fəaliyyətini itirməyən mədəni və ictimai fikir maarifçilikdir. Maarifçilik gəncliyi gələcəyə bağlıyan ideyadır. Maarifçilik mədəni və ictimai biliklərin ötürülməsi, yəni yayılması ilə əlaqədar fəaliyyətdir. Tarixin özü bu fəaliyyəti kitablara ötürərək kitabxanalar yaradıb. İnsanlar tarixin bu mərhələsinə kömək edir. Şopenhauer deyirdiki, kitabxanalar insanlığın tək etibarlı və qalıcı olan yaddaşıdır. Yəni, insan tarixin özüdür. Maarifçilik gələcək üçün yazılmış tarixdir. Biz, tariximizin bağlı səhifələrində açıq fikirlər görürük. Aydınlanmanın fəlsəfəsi fikir qapılarının açıq olmasıdır. Biz sərbəst olaraq, həmin qapılardan öz dünyamıza daxil ola bilirik. Öz dünyamızın rəflərinə yığdığımız kitablar mənəvi zəngin olmağımızı gücləndirir. Oxumalıyıq!

Sahib olduğumuz dəyərləri tapmalıyıq. Tapdığımız dəyərlərin mərkəzində insanımız olmalıdır. Tariximizin fikir adamlarının fəaliyyətinin mərkəzində insan dayanırdı. Onu mərkəzdən qaçırmaq olmaz. O insan bizik. Mərkəzdən qaçmış insan fikir boşluğunda özünü axtarır. Onun səni tapması üçün, onu mərkəzə dəvət edəcək fikir olmalıdır. Fikir insanı yenidən yaradır. Fikir insanı yenidən mərkəzə gətirir. Maarifçilik yeni doğulan uşağın gülüşü ilə qidalanır. Maarifçilik böyüyən uşağın gözlərinə ümidlə baxır. Maarifçilik gəncliyin təhsil açarıdır. Maarifçilik özümüzdən sonrakı nəsilə inşa etdiyimiz fikirlərdir. Ölüm insan həyatının son mərhələsidir. Ölümdən sonra bizi yaşadan inşa etdiyimiz fikirlərdir. Tarixi maarifçilərimizdən olan Cəlil Məmmədquluzadənin dediyi fikir maarifçiliyin tərifidir: “Elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən – həyatın məqsədi məhz budur.”

“Fikir estafeti”

Əlimizdə tutduğumuz estafeti təhsilimizə, gəncliyimizə və gələcəyimizə ötürməliyik. Bu estafet bir mesajdır! Bir gəncin uğuru, onun atdığı addımlarda etdiyi fədakarlıqların bəhrəsidir. İnsanlara dəyər aşılamaq, insanların dəyərinə çevrilmək onların xoşbəxtliyi ilə bağlıdır. Biz, xoşbəxt olmaq üçün dəyərimizi təqdim etməkdən çəkinmək yox, əksinə, dəyərimizin doğru olduğunu tapmaqda və onları təqdim etməkdə cəsarətli olmalıyıq. Bizim cəmiyyət bəzən dəyər anlayışlarını müxtəlif formada qəbul edir. Çünki hər kəs öz xoşbəxtliyinin axtarışındadır. Bizim isə axtardığımız xoşbəxtlik, bəlkə də bizi xoşbəxt etməyə nəsib olmayacaq. Amma xoşbəxtlik fədakarlığa görə verilən dəyər deyil, fədakarlığın özüdür!

Təhsil insanı xoşbəxtlik axtarışında güclü edir. Güclü olmaq üçün öz gəncliyinlə gələcəyini inşa etməlisən. Gələcək üçün bənnalıq etdiyimiz bütün fikirləri ucaltmalıyıq. İdeyamızın üç açar sözü var: “təhsil”, “gənclik” və “gələcək”. Göstərdiyimiz bütün təşəbbüslərdə və fəaliyyətlərdə adları çəkilən üç açar sözlərini tərkib hissəsi etməyimiz fikirlərimizi açır. Fikir bənnalarının qələmində, fəaliyyətində və danışıqlarında “təhsil”, “gənclik” və “gələcək” var. Tariximizin maarifçiləri bizdən sonrakı nəsil üçündə fikirlər inşa ediblər. Dağılmış fikirləri yenidən bərpa etmək və ya inşa etməliyik! Davam etməliyik! Daşıdığım dəyərlər, qazandığım insanlar mənim itirilməyəcək xəzinəmdir!