“Qoy, nə qədər istəyirlər, meydan sulasınlar, at oynatsınlar”.
Bunu bir çox hitlərin müəllifi, tanınmış bəstəkar İmruzə Hüseynova Yenicag.az-a açıqlamasında deyib.
Bəstəkar “bu gün meydanda yalnız bayağı mahnılar təbliğ olunur, əsl sənətkarlar niyə susub” sualını cavablandırıb:
“İstər yazıçı, şair olsun, istər bəstəkar, aktyor, fərq etməz, Azərbaycanın nə qədər ziyalıları var… Hanı o ziyalılar?! Bu gün efirdə, ekranlarda onları görə bilirsiniz?! Gərək, onlar efirlərdə görünsünlər, sözlərini desinlər, fikirlərini bölüşsünlər ki, yazdıqlarını da ortaya çıxara bilsinlər.
Yəni bu gün ekranları kimlər zəbt edib, hamıya bəllidir. Ziyalılar o çoxluğun içərisində “ağ qarğa”ya dönüb. “Qara qarğa”ların içərisində “ağ qarğa” kimi görünürlər və hamı onlara qəribə baxır. Bütün ziyalılar, əsl sənət adamları, yaşlı sənətkarlarımız hamısı yaddan çıxıb bu gün. Meydan kimlərindir, hamı görür. Efir, ekran notu, ladı, mətni bəlli olmayan mahnılarla doludur. Televiziyalarda yalnız sosial şəbəkələrdə məşhurlaşan bayağı mahnılar təbliğ olunur.
Qoy, nə qədər istəyirlər, meydan sulasınlar, at oynatsınlar. Aydın məsələdir ki, onlar tarixdə qalmayacaqlar, silinib gedəcəklər. O üçgünlük-beşgünlük mahnılar da yaddaşlarda qalmayacaq. Trend, hit adı ilə insanlara sırınan, gənclərin zövqünü korlayan, əsl musiqimizə, mədəniyyətimizə ağır zərbə vuran o bayağı “hitlər” itib-batacaq, gələcək nəsillərə lazım olmayacaq”.
Cəvahir