Baydendən Azərbaycana bir həftədə iki MÜHÜM MƏKTUB: Bakı-Vaşinqton əlaqələri önəmli məcraya daxil olur

“Azərbaycanla ABŞ arasındakı münasibətlər son dövrlər artan xətt üzrə inkişaf edir”.

Bu sözləri Yenicag.az-la söhbətində politoloq Tural İsmayılov deyib.

Siyasi təhlilçi Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılış mərasimində səslənən mühüm mesajlardan, eləcə də ABŞ lideri Co Baydenin 1 həftə ərzində 2 dəfə Azərbaycana məktub göndərməsindən söz açıb.

T. İsmayılovun sözlərinə görə, bir məsələyə xüsusi fokuslanmaq lazımdır ki, ABŞ prezidenti Co Bayden 1 həftə ərzində ikinci dəfədir ki, Azərbaycana məktub göndərir, Azərbaycan Prezidentinə müraciət edir:
“Bunlardan birincisi, 28 May – Müstəqillik Günündə idisə, ikincisi isə Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılış mərasimində qeydə alındı”.

Siyasi şərhçinin fikrincə, dünyada çox nadir haldır ki, Co Bayden, yaxud hər hansı bir ABŞ prezidenti bu kimi enerji tədbirlərinə müraciət ünvanlasın:

“Bu, əlbəttə ki, Azərbaycanın Birləşmiş Ştatlar üçün, özəlliklə də enerji təchizatı məsələsində oynadığı önəmli rolu özündə ehtiva edir. Həm də ABŞ-Azərbaycan münasibətlərində son dövrlər artan müsbət tendensiya və dinamikaları əks etdirir. Nəzərə almaq lazımdır ki, ABŞ-Azərbaycan münasibətlərində bir xeyli yaxşılaşma və irəliləmə müşahidə edilir”.

Həmsöhbətimiz hesab edir ki, son dövrlər Azərbaycanla ABŞ arasında münasibətləri pozmaq üçün, özəlliklə də ABŞ-dəki ANCA adlı erməni lobbisi və onun təsiri altında olan bəlli konqresmenlər dəridən-qabıqdan çıxırlar:

“Lakin ABŞ bundan sonra Azərbaycan-Ermənistan münasibətlərində neytrallığını qorusa, Bakı-Vaşinqton əlaqələri bundan daha da önəmli məcraya daxil olacaq. Nəzərə almaq lazımdır ki, Yaşıl Dünya Naminə Həmrəyliyin bu qədər aktual olduğu bir dövrdə Bakıda 37 ölkədən 300-dən artıq şirkətin iştirakı ilə belə bir tədbirin keçirilməsi və bu tədbir münasibətilə dünyadan önəmli simaların Azərbaycana qonaq gəlməsi fonunda ABŞ-nin Azərbaycana diqqət göstərməsi 2 ölkə arasındakı münasibətlərin yavaş-yavaş daha da yaxşılaşdığını göstərir”.

Rafi Müslümov

COP29