“Son bir həftədə ABŞ-də baş verən yanğınlar, onların miqyasının genişlənməsi və Kaliforniya ştatının yanğınsöndürmə xidmətlərinin indiyə qədər bu vəziyyətin öhdəsindən gələ bilməməsi diqqətçəkən məqamlarla yanaşı, müxtəlif iddialar və spekulyasiyalar doğurub”.
Bu sözləri Yenicag.az-la söhbətində politoloq Oktay Qasımov deyib.
Siyasi təhlilçi yanvarın 7-i başlayan və 24 adamın həlak olduğu Kaliforniya yanğınları ilə bağlı səslənən iddialara münasibət bildirib.
Qeyd edək ki, sözügedən meşə yanğınlarının Donald Trampın hakimiyyətə gəlməsinə 13 gün qalmış başlaması bir çox analitiklər tərəfindən şübhəli qarşılanıb. Müstəqil ekspertlər hesab edirlər ki, Trampın LGBT, habelə Amerika cəmiyyətində köklü dəyişikliklər edəcəyi ilə bağlı çıxışlar başda demokratlar olmaq üzrə, bir sıra dairələrdə qıcıq doğurub. Sözügedən yanğınların Baydenin komandası tərəfindən planlaşdırılması isə səslənən iddialar arasına yer alıb.
Mövzunu şərh edən O. Qasımov isə əlavə edib ki, adıçəkilən məsələdə müxtəlif fikirlər səsləndirilir:
“Hətta Trampın oğlu belə bir iddia irəli sürüb ki, bölgənin yanğınsöndürmə avadanlıqlarının böyük bir hissəsi Ukraynaya göndərildiyindən xidmətlər hazırda öz vəzifələrini tam yerinə yetirə bilmirlər. Bu məsələ ətrafında müxtəlif nəzəriyyələr irəli sürülməkdədir. İddia edilir ki, bu vəziyyət məqsədli şəkildə yaradılıb və Tramp hakimiyyətə qayıdarsa, onun ciddi problemlərlə üzləşməsi üçün hazırlıq görülüb. Bundan əlavə, bəzi spekulyasiyalar hətta Los-Anceles səmasında yadplanetlilərə məxsus uçuş aparatlarının qeydə alınmasını da bu vəziyyətə bağlayır. Lakin bu iddiaların doğru olub-olmadığını təsdiqləmək üçün zamana və daha dəqiq araşdırmalara ehtiyac var”.
Analitik əlavə edib ki, Amerika cəmiyyətində son on ildə mövcud olan dərin bölünmələr də diqqətəlayiqdir:
“Xüsusilə Trampın 2016-cı ildə hakimiyyətə gəlməsi ilə bu bölünmələr daha da dərinləşdi. Hazırda Trampın mümkün qayıdışı ilə bağlı bu ziddiyyətlər yenidən gündəmə gəlir. Trampın ilk hakimiyyəti dövründə ona qarşı müxtəlif ittihamlar irəli sürüldü, məhkəmə çəkişmələri aparıldı və onun qələbəsində Rusiya faktorunun rolu vurğulandı. Bu hallar ölkədə siyasi düşərgənin nə qədər kəskin şəkildə bölündüyünü göstərir və cəmiyyətdəki mövcud ziddiyyətlərin daha da kəskinləşməsinə səbəb olur. Bütün bu iddialar, mövcud vəziyyətin təhlili və araşdırma nəticələri olmadan yalnız spekulyasiya xarakteri daşıyır. Ancaq Amerika kimi dərin dövlətçilik təcrübəsinə malik, qlobal super güc statusuna sahib bir ölkədə partiya maraqlarının milli maraqlardan üstün tutulması inandırıcı görünmür”.
Rafi Müslümov