Baydenə sponsor TƏHDİDİ: ABŞ prezidenti bu səbəbdən geri çəkildi – Seçki yenidən başlayır

“ABŞ prezidenti Co Baydenin namizədliyini geri götürməsi heç də qəfildən baş vermədi. Əslində, bu, gözlənilən idi”.

Bu sözləri Yenicag.az-la söhbətində politoloq Oktay Qasımov deyib.

O, ABŞ prezidenti Co Baydenin namizədliyini geri götürməsi məsələsini şərh edib.

Onun sözlərinə görə, xüsusilə də Donald Trampla son debatdan sonra onun reytinqi ciddi şəkildə zədələndi və Demokratlar Partiyası daxilində artıq Baydenin namizədliyi ilə bağlı sıxıntılar yaşandı:

“O cümlədən, partiyanın seçki kampaniyasının əsas sponsorları sözügedən prosesdə yardımlarını ya geri çəkəcəklərini qeyd etdilər, ya da bunu dondurdular. Məhz bu da Bayden üçün kifayət qədər problematik oldu deyə, belə bir qərar verildi.

O ki qaldı Kamala Harrisin namizədliyinin verilməsi məsələsinə, hesab edirəm ki, bundan sonra Trampın işi kifayət qədər çətinləşəcək. Çünki Trampın bu günə qədər siyasəti və təbliğat tezisləri Baydenin yaşlı olması, ölkəni idarə edə bilməməsi, zəif iradəli olması və sağlamlığının prezidentlik fəaliyyəti üçün uyğun olmaması üzərində qurulmuşdu. Baydenin geri çəkilməsi ilə gənc və enerjili namizədin önə çıxması, eləcə də onun qadın və Afro-asiyalı olması –Demokratların seçicilərinin əhəmiyyətli hissəsi bu insanlardır – Tramp üçün bir növ dezavantaj oldu”.

Həmsöhbətimiz əlavə edib ki, artıq Tramp Bayden üzərində qurduğu taktikanı dəyişmək məcburiyyətində qalacaq:

“Hətta seçki yenidən başlandı deyə bilərik. Baydenin geri çəkilməsindən sonra Trampın seçki qərargahı, çox güman ki, yeni dövr üçün yeni taktika üzərində işləyəcək. Çünki artıq Bayden yoxdur və hazırkı gənc namizədin qarşısında məhz 78 yaşlı Tramp dayanır. Bu isə indiyə qədər Bayden qarşısında üstün olduğu vəziyyəti onun əleyhinə çevirmiş oldu”.

Mütəxəssisin fikrincə, K. Harris Demokratlar tərəfindən ciddi şəkildə dəstəklənəcək:

“Nəzərə almalıyıq ki, Demokratlar ABŞ-də mediaya ciddi şəkildə nəzarət edirlər və sözügedən media resursları Tramp əleyhinə ciddi şəkildə təbliğata başlayacaqlar. Trampın seçki kampaniyasında ciddi problemlərdən biri budur ki, onun danışığı kəskin ritorikadır. O, bu ritorikadan Baydenə qarşı istifadə etdiyi kimi xanım Harrisə istifadə etsə, ona dezavantaj gətirəcək. Çünki bütün cəmiyyətlərdə, o cümlədən, ABŞ cəmiyyətində qadınlarla münasibətdə həssaslıq mövcuddur.

Düşünürəm ki, Trampın komandası bu dəyişiklikləri nəzərə alacaq. Əgər Harrsi hakimiyyətə gələrsə, Obama və Bayden dönəmindən qalan siyasət davam etdiriləcək. Xüsusilə də Cənubi Qafqaz və Ukrayna məsələlərində də eyni proseslər davam edəcək”.

Rafi Müslümov

COP29