Baydenin Netanyahuya telefon zəngi: Yüksək rütbəli komandir vəzifəsindən qovuldu – SƏBƏB

İsrail ordusunun hücumu nəticəsində 7 beynəlxalq humanitar yardım əməkdaşının ölümündən sonra İsrail Baş Qərargah rəisi Herzi Halevi Nahal briqadasının komandirini işdən çıxarıb.

Yenicag.az xəbər verir ki, Kanal 14-ün məlumatına görə, Halevi daha bir yüksək rütbəli briqada zabitini işdən çıxarmaq və Cənub bölgəsi komandirinə və 162-ci zirehli diviziya komandirlərinə “sərt xəbərdarlıq” etmək qərarına gəlib.

Maraqlıdır ki, İsrail Baş Qərargah rəisinin bu addımı ABŞ prezidenti Co Baydenlə İsrailin baş naziri Benyamin Netanyahu arasında telefon danışığından sonra atılıb.

Bayden Netanyahuya Qəzza zolağında yardım işçilərinə hücumların “qəbuledilməz” olduğunu və ABŞ-ın İsrailə gələcək yardımının “mülki insanları qorumaq üçün hərəkətə keçməsindən” asılı olacağını söyləyib.

Aprelin 1-də İsrailin Qəzza zolağının Deyr əl-Bələh bölgəsinə hücumu nəticəsində “World Central Kitchen” (WCK) beynəlxalq humanitar təşkilatının 7 işçisi həlak olub.

WCK ölən işçilərin Avstraliya, Polşa, Böyük Britaniya, ABŞ-Kanada və Fələstin vətəndaşları olduğunu bildirib. Hücum zamanı onlar təşkilatın loqosu olan iki zirehli maşında döyüş əməliyyatlarından kənar bir ərazidə olublar.

İsrail ordusu həmçinin bildirib ki, “ordu bu faciəli hadisənin şəraitini anlamaq üçün ən yüksək səviyyədə hərtərəfli araşdırma aparır”.

COP29