“Türkiyənin ABŞ-a verə biləcəyi ən gözəl siyası cavab “İncirlik” və “Kürəcik” hərbi bazalarının bağlanmasıdır”.
Bu fikirləri Yenicag.info-ya açıqlamasında Amerika Birləşmiş Ştatları (ABŞ) prezidneti Co Baydenin 1915-ci il hadisələrini “soyqırımı” adlandırmasına münasibət bildirən türkiyəli ekspert, Rusiya üzrə mütəxəssis Mehmet Perincek deyib.
Perincek qeyd edib ki, Baydenin məlum ifadədən istifadə etməsinin başqa bir səbəbi də yaradılması planlaşdırılan 3+3 formatını provokasiya etməkdir:
“Qarabağın işğaldan azad edilməsindən sonra münasibətlərin normallaşdırılması istiqamətində Türkiyə və Azərbaycan prezidentləri 3+3 əməkdaşlıq formatını təklif etmişdilər. Ermənistan daxilində də bunu götür-qoy edirlər. İrəvanda da Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılması dilə gətirilir.
Baydenin “soyqırımı” ifadəsini işlətməsinin bir səbəbi də Ermənistanın Qərbin qucağından qurtarılıb bu formata daxil olmasının qarşısının alınmasıdır. Paşinyan hökümətinin Xarici İşlər Nazirliyi bu ölkənin ABŞ-dakı səfirliyinə 24 apreldə təşkil ediləcək tədbirlərə mümkün qədər az adamın qtılması və daha az tədbir təşkil edilməsi təlimatını vermişdi.
Burada məqsəd Türkiyə ilə münasibətləri gərginləşdirməmək və qeyd etdiyimiz normallaşma prosesinə xətər yetirməmək idi. İrəvan belə bir addım atdığı zaman Baydenin həmin ifadəni işlətməsi bu prosesi əngəlləmək məqsədi daşıyır”.
Mehmet Perincek bildirib ki, bu qərarın verilməsi erməni lobbisinin fəaliyyəti ilə bağlı deyil:
“Bir məqamı da qeyd etmək lazımdır ki, bu, erməni lobbisinin təzyiqləri altında qəbul edimliş qərar deyil. Lobbilərin ABŞ kimi böyük bir dövlətə təsir imkanı yoxdur. Bu, tamamilə Amerikanın Türkiyəyə qarşı düşmən münasibətindən qaynaqlanır.
Təhdidin nə olduğunu və haradan gəldiyini düzgün müəyyənləşdirmək bu yalanla mübarizə aparmaq baxımından çox önəmlidir. Siyasi cəhətdən Türkiyənin ABŞ-a verə biləcəyi ən gözəl cavab “İncirlik” və “Kürəcik” hərbi bazalarının bağlanmasıdır”.
Aqil Bəkir