“ABŞ İsrail-Həmas müharibəsi başlayan gündən xəbərdarlıq etməklə məşğuldur”.
Bunu Yenicag.az-a açıqlamasında İsrail-Fələstin arasındakı münaqişənin həllində ABŞ-nin təşəbbüslərinin nə qədər səmimi olduğu ilə bağlı fikirlərini səsləndirən siyasi elmlər üzrə fəlsəfə doktoru Əlimusa İbrahimov deyib.
Onun sözlərinə görə, dəfələrlə ciddi xəbərdarlıq edilməsinə baxmayaraq, Təl-Əviv Həmasa, Qəzzaya qarşı planlarından əl çəkmir və geri addım atmır.
“Baydenin İsrailə ağır silahların satılmasına qadağa qoyması da məhz İsrailin ABŞ-nin xəbərdarlıqlarını qulaqardına vurmasının nəticəsidir. Ağ Evin rəhbəri Netanyahuya təsir və təzyiq imkanlarından bir an belə əl çəkmir. Bu isə birbaşa ABŞ-də Fələstin və ya ərəb lobbisinin təsiri ilə əlaqəlidir. Çünki Bayden ABŞ-dəki növbəti prezidenti seçkiləri üçün Yəhudi lobbisindən çəkindiyi qədər ərəb lobbisinin də fəaliyyətini nəzərə alır”, – deyə siyasi şərhçi bildirib.
O əlavə edib ki, ABŞ seçkilərə qədər İsraillə Həmas arasında pis-yaxşı sülhə nail olmağa çalışır:
“Baydenin təklif etdiyi sülh planı da bu təşəbbüslərin bir hissəsidir. Sülh planında həm İsrail, həm də Həmasın mövqeyi müəyyən qədər nəzərə alınıb. Amma Netanyahunun və İsrail hökumətinin Həmasla bağlı planlarının tam həyata keçməsi Baydenin təklif etdiyi layihədə yer tutmur. Yəni Bayden Həmasın tamamilə ləğv edilməsini deyil, onunla hansısa formada əməkdaşlığı nəzərdə tutur. Bu isə İsrailin narazılığına səbəb olur.
Hətta İsrail hökumətindəki iki ifrat sağçı nazir Netanyahunun Baydenin sülh planına razılıq verərsə, hökuməti dağıdacaqları ilə hədələyiblər. Yaranan bu kritik vəziyyət isə sülh planının və ABŞ-ın növbəti təşəbbüslərinin iflasa uğrayacağına işarədir”.
Nəsimi Ələsgərli