“Bayraktar” PUA-ları Ağdamda istehsal oluna bilər” – HƏRBİ EKSPERT

“11 səhifədən ibarət yeni Bəyannamə hər iki qardaş ölkənin strateji tərəfdaşlığını daha yüksək səviyyəyə daşıyır”.\

Bu fikirləri Yenicag.az-da açıqlamasında Türkiyə ilə Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsinin mahiyyətini şərh edən hərbi ekspert Ədalət Verdiyev səsləndirib.

Ədalət Verdiyev “Bayraktar” PUA-larının Ağdamdakı Sənaye Parkında istehsal oluna biləcəyini vurğulayıb:

“11 səhifədən ibarət yeni Bəyannamə 2010-cu ildə Bakıda imzalanan “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” müqavilənin və ardınca İstanbulda imzalanan “Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılmasına dair Birgə Bəyannamə”nin məntiqi davamı kimi, hər iki qardaş ölkənin strateji tərəfdaşlığını daha yüksək səviyyəyə daşıyır. Əvvəlcədən gözlənildiyi kimi, Türkiyənin Şuşada konsulluğunun açılması da razılaşdırılıb. Bundan əlavə, prezident İlham Əliyevin “Baykar Makina” şirkətinin texniki direktoru Səlçuk Bayraktarı və şirkətin Baş direktoru Haluk Bayraktarı “Qarabağ” ordeni ilə təltif etməsi bu pilotsuz vasitələrin Azərbaycanda istehsalını gözləməyə imkan verir.

Ərdoğanın Şuşa səfəri Türkiyə rəhbərliyinin müstəqil Azərbaycan tarixində ilk Qarabağ səfəri olsa da, mühüm hadisələrlə zəngin oldu. 6 ay əvvəl planlaşdırılan səfər çərçivəsində Şuşada “Müttəfiqlik haqqında Şuşa Bəyannaməsi”nin imzalanması bütün regionun təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Ermənistan və havadarları bu bəyannamənin onlara qarşı imzalandığını düşünə bilər. Əslində, bu heç bir dövlətə qarşı imzalanmayıb. Bu, Azərbaycanda və Türkiyədə gözü olan, iki ölkədən birinə qarşı təcavüz etmək istəyən dövlətlərə qarşı imzalanıb. İmzalanan bu sənədlər həm də regionun təhlükəsizliyi üçün çox önəmlidir.

Baş verən bu hadisələr, imzalanan sənədlər və səslənən bəyanatlar Ermənistan tərəfinin ən qısa müddətdə və əlavə şərt irəli sürmədən sülh sazişinin imzalanmasına dair danışıqlara başlamasını şərtləndirir”.

Səxavət Məmməd