Bayram günlərinin “exchange” problemi

15841380_788236397991535_406800381_nBakıda bayram günləri ilə əlaqədar bir çox banklar işləmir. Bu da ölkəmizdə olan turistlərə və öz vətəndaşlarımıza müəyyən problemlər yaradır. Çünki Bakı şəhərində banklardan başqa heç bir yerdə valyuta mübadilələri aparılmır.

Beləcə, bayram günlərində xarici valyutanı milli pula dəyişdirmək böyük bir problemə çevrilir.

Məsələ ilə bağlı Yeniçağ.az-a açıqlama verən iqtisadçı-ekspert Pərviz Heydərov deyir ki, bank sektoru iqtisadiyyatın ən mühüm infrastrukturudur:

“Bu, ticarət şəbəkələri, enerjidaşıyıcıları və sair sahələr kimi bilavasitə əhaliyə bağlı olan sferadır. Məsələn, belə bir misal çəkim: necə təsəvvür etmək olar ki, qeyri-iş günlərində ticarət obyektləri və yaxud enerji sektoru çalışmasın və buna müvafiq olaraq da əhalinin qaz, işıq və digər resurslarla təminatı da dayandırılsın? Bəlkə bayram günlərində hətta adi yanacaqdoldurma məntəqələri də qapılarından “qıfıl” asaraq, istirahətə getsinlər?! Bu, mümkündürmü? Şübhəsiz ki, yox… Əksinə, sadaladığım xidmət sahələri üzrə sektorlar istirahət və xüsusən də bayram günləri gücləndirilmiş iş rejimə keçir. Bu da təbiidir… Bu baxımdan banklar da öz xidmətlərini fasiləsiz olaraq göstərməlidirlər”. Pərviz Heydərov ile ilgili görsel sonucu

Ekspertin sözlərinə görə, təəssüf ki, bizdə bu ənənə hələ də formalaşmayıb:

“Bank xidməti elə bir sahədir ki, o, bütün sutka ərzində fəaliyyət göstərməlidir. Bank iqtisadiyyatın qan-damar sistemidir. Onun fəaliyyətində heç bir məhdudiyyət yaranmamalıdır. Və bu, təkcə ölkəyə gələn turistlərlə əlaqədar məcburi xarakter daşıyan bir məsələ deyildir. İlk növbədə əhalinin ehtiyaclarının qarşılanması ilə də bağlıdır. Eyni zamanda, bankların özlərinin normal fəaliyyətləri, gəlirləri üçün də məcburidir. Hesab edirəm ki, ölkədə normal bank sistemi və fəaliyyəti prinsipləri tam olaraq təşəkkül tapdıqca, get-gedə banklar özləri də fasiləsiz iş rejimində maraqlı olmağa başlayacaqlar. Bunun üçün isə sivil bank xidməti mexanizmi mövcud olmalıdır. Bizdə isə bu gün bir çox banklarımız hətta adi günlərdə belə bütün zəruri xidmətləri tam olaraq göstərə bilmirlər”.

Gülnarə Eynullaqızı
Yeniçağ.az