Adətən, bayram ərəfəsində əksər məhsulların qiymətlərində artım müşahidə olunur. Bu hal, xüsusilə, Yeni il və Novruz bayramları öncəsi müşahidə olunur. “Bahalaşma ənənəsi” bu il də özünü göstərməkdədir.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, qiymət artımının əsas səbəbi inhisarçılıqdır:
“Bazar iqtisadiyyatının əsas və aparıcı elementlərindən biri rəqabətdir. Rəqabətin yaranmasını kompensasiya edən qiymətlərin sərbəstləşdirilməsidir. Bazar iqtisadiyyatında qiymətə heç bir nəzarət tətbiq olunmur. Azərbaycanda isə bu təəssüf ki yoxdur. Ona görə də demək olar ki, hər il bayramlardan öncə və bayram ərzində demək olar ki, bütün məhsullarda qiymət artımı özünü göstərir. Məsələn, adi vaxt qozun bir kiloqramı 5-6 manat olduğu halda, bayram ərəfəsi gələn kimi qiymətlər 15-20 manata qalxır.
İnhisarçı iqtisadiyyatda sahibkarlar həmişə dövriyyəni gözləyir. Dövriyyə artırsa, qiymətlər də qaldırılır. Qonşu ölkələrdə, o cümlədən Türkiyə və Gürcüstanda tamam əks tendensiya müşahidə olunur. Onlarda bayram ərzində əksinə, qiymətlərin ucuzlaşması özünü göstərir. Çünki bazarda məhsullar artır və rəqabət mühiti olduğu üçün sahibkarlar müştəri cəlb etmək məqsədi ilə qiymətləri aşağı salırlar”.
Ekspert bildirib ki, builki Novruzda bir çox məhsulun qiyməti bahalaşacaq.
“Hətta bir çox məhsul artıq bahalaşıb. Adi vaxtlarda 5 manata satılan qoz hazırda 10 manat, fındıq isə 6-7 manata satılırdısa, indi 10-12 manatdır. Yəni Novruz bayramında daha çox istifadə olunan məhsulların qiyməti nisbətən daha tez artıb. Ətin, meyvə və tərəvəzlərin qiymətində də yaxın günlərdə ciddi artımın şahidi olacağıq”.