Bayram tonqalından ətrafa “saçılan” TƏHLÜKƏ: “Həmin yer elektrik naqillərindən, ağaclardan və…”

“Küləkli hava şəraitində bayram tonqalından qığılcımlarının yayılaraq yanğın törətmə riski daha çoxdur”.

Bu fikirləri çərşənbələrdə və Novruz bayramında tonqal qalayarkən əməl edilməsi vacib olan qaydalar haqda danışan təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev Yenicag.az-a açıqlamasında deyib.

Onu sözlərinə görə, küləkli hava şəraitində bayram tonqalının yandırması məqsədəuyğun hesab edilmir:

“Novruz bayramının gəlişi ilə əlaqədar yanğın təhlükəsizliyi məsələləri yenidən aktuallaşır. O baxımdan, bayramla əlaqədar keçirilən tədbirlərdə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməlidir.

Bu çərçivədə ən vacib məsələlərdən biri bayram tonqalı yandırılarkən, düzgün yerin seçilməsidir. Yəni həmin yer elektrik naqillərindən, ağaclardan, quru otlardan, avtomobillərdən və digər yanar materiallardan aralı olmalıdır.

Bayram tonqalı qalanarkən ətrafda suyun olmasına da xüsusi diqqət yetirilməlidir. Bu zaman ətrafda mütləq su dolu çəlləklər saxlanmalıdır. Çünki bərk materiallardan törəyən yanğın A sinfinə aid edilir və o halda yanağınları su ilə söndürmək mümkündür.

Həmçinin bayram tonqalının hündür qalanması da tövsiyə olunmur. Tonqalın 1, ya da 1,5 metr hündürlükdə olması daha münasib və az risklidir. Bayram tonqalı sönənə qədər ona nəzarət olunmalı və sonda üzərinə su, yaxud da torpaq tökərək tam söndürülməldir.

Bunlara yanaşı, azyaşlı uşaqların tonqal ətrafında nəzarətsiz yığışmaları da ciddi təhlükədir. Tonqalın üzərindən atlanma da ehtiyatlılıq tələb edən hallardan biridir. Bu zaman insanın geyimi alışa və şəxs də nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri ala bilər.

Ona görə də tonqalın hündürlüyünə, həcminə və yanma dərəcəsinə diqqət edilməlidir. Küləkli hava şəraitində bayram tonqalının yandırması məqsədəuyğun hesab edilmir. Belə hava şəraitində qığılcımların yayılaraq yanğın törətmə riski daha çoxdur”.

Nuray Məmmədzadə

COP29