Prezident İlham Əliyevin müvafiq Fərmanının icrası istiqamətində mühüm addım olaraq Novruz bayramına qədər 1200 şəhid üzrə 1928 vərəsəyə birdəfəlik ödəmənin verilməsi təmin ediləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, nazirlikdə fəaliyyət göstərən Komissiyanın növbəti iclasında həmin şəhid vərəsələrinə birdəfəlik ödəmə (11 min manat) verilməsi barədə qərar qəbul edib. Onların siyahısı müvafiq ödənişin həyata keçirilməsi üçün aidiyyəti quruma göndərilib.
Dövlət başçısının 28 yanvar 2019-cu il tarixli Fərmanı ilə birdəfəlik ödəmə verilən şəhid vərəsələrinin əhatə dairəsinə vərəsələri 11000 manatdan az sığorta ödənişi almış şəhid hərbi qulluqçuların və şəhid polislərin vərəsələri də daxil edilib. Beləliklə, vərəsələrinə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhidlərin sayı 12268-ə çatıb.
İndiyədək artıq 5491 şəhidin 7894 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub.