Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon danışığı aparılıb.
Bu barədə Yenicag.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, telefon danışığı zamanı ATƏT gündəliyində duran məsələlər, eləcə də regional vəziyyət müzakirə edilib.
Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri, hazırda ATƏT-in üzləşdiyi çağırışlar barədə ölkəmizin mövqeyi diqqətə çatdırılıb.
C.Bayramov, həmçinin post-münaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi, ölkəmizin məsələlərə yanaşması barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.
Bununla yanaşı, ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ATƏT və sədrlik ilə mümkün əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.