Bayramov Belqradda mühüm konfransda çıxış etdi

23 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Serbiya Respublikasının dəvəti əsasında bu ölkəyə işgüzar səfəri çərçivəsində Serbiyanın Səfirlər Müşavirəsində iştirak və çıxış edib.

Bu barədə Yenicag.az-a XİN-dən məlumat verilib.

Məlumata görə, Ceyhun Bayramov çıxışı zamanı Azərbaycan-Serbiya strateji tərəfdaşlığının siyasi, iqtisadi, enerji, humanitar aspektlərindən, ölkələrimizi birləşdirən ümumi çağırışlar və bu çağırışlarla mübarizədə ortaq yanaşmamızdan ətraflı bəhs edib.

İki ölkə arasında 30 ilə yaxın tarixi olan diplomatik münasibətlərin bu gün Azərbaycan və Serbiya rəhbərliyinin birbaşa iştirakı ilə özünü əməldə, çoxşahəli strateji tərəfdaşlıqda göstərdiyi qeyd olunub.

Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurası, Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya, habelə siyasi məsləhətləşmələr mexanizminin əməkdaşlığın inkişafında vacib rolundan bəhs olunub.

Ölkələrimiz arasında enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın perspektivlərindən geniş şəkildə bəhs edilib, Azərbaycanın Avropada enerji diversifikasiyasının transformasiyasında oynadığı rolun əhəmiyyəti, o cümlədən cari ildə qaz ixracı sahəsində Serbiya ilə əməkdaşlığın nəticələr verməsi məmnunluqla qeyd olunub. Yaşıl enerji sahəsinin ölkəmizin prioritetlərindən biri olduğu, bu istiqamətdə Qara dəniz sualtı enerji kabeli layihəsi, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında “yaşıl enerji” sahəsində strateji tərəfdaşlıq kimi təşəbbüslərin Xəzər və Qara dəniz hövzələrindən keçməklə Avropa və Mərkəzi Asiyanın əlaqələndirilməsində mühüm addımlar olduğu diqqətə çatdırılıb.

Nazir Ceyhun Bayramov, həmçinin bu il ölkəmizdə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) nəticələri barədə Müşavirə iştirakçılarını ətraflı məlumatlandıraraq, yeni iqlim maliyyəsi hədəfinin razılaşdırılması, Paris sazişinin 6-cı maddəsi üzrə danışıqların yekunlaşdırılması, İtki və Zərər Fondunun fəaliyyətə başlaması üçün hazır vəziyyətə gətirilməsi istiqamətində əldə olunan uğurların qlobal iqlim gündəliyində əhəmiyyətindən bəhs edib.

Azərbaycan və Serbiyanı birləşdirən ortaq xüsusiyyətlər qismində ölkələrimiz arasında ərazi ölçüsü, əhali sayı, xalqlarımız arasında mövcud tarixi bağlar ilə yanaşı, təxminən eyni tarixi dövrdə müstəqillik qazanan hər iki ölkənin beynəlxalq hüququn selektiv tətbiqinə məruz qaldığı, ölkələrimizin ikili standartlar problemi ilə üzləşdiyi qeyd olunub.

Ölkələrimizin xarici aktorlara arxalanmamağın, geosiyasi qarşıdurmalarda tərəf olmamağın, manipulyasiya və müdaxilələrdən qaçınmaq üçün birbaşa danışıqlara üstünlük verilməsinin əhəmiyyətini anladığı qeyd edilib. Bu baxımdan, Azərbaycan və Serbiyanın xarici siyasətində eyni dəyərləri, xüsusilə ərazi bütövlüyü və suverenliyə daimi dəstəyi rəhbər tutmasının və bunun davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.

Tədbirdə Serbiya xarici işlər naziri Marko Curiç, XİN-in heyəti, xaricdəki səfirləri, habelə Serbiya Parlamentinin sədri Ana Brnabiç iştirak edib.