Səfərin maraqlı tərəfi ilk növbədə xarici işlər naziri səviyyəsində NATO sammitində iştirakdır. Bütün Cənubi Qafqaz ölkələri XİN başçıları səviyyəsində tədbirdə təmsil olunur. Bu o deməkdir ki, Azərbaycan üçün NATO ilə münasibətlər var və digər geosiyasi mərkəzlərlə əlaqələr onu məhdudlaşdırmır.
Bu sözləri Yenicag.az-a NATO-nun Vaşinqtonda keçirilən sammitində Azərbaycan və Ermənistan XİN başçılarının mümkün hesab olunan görüşü barədə danışan Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov deyib.
Siyasi şərhçi ABŞ-ın özünü vasitəçi kimi önə çıxarmaq istədiyini bildirib:
“Ceyhun Bayramovun Ararat Mirzoyanla görüşünün olub-olmamasına gəldikdə isə mətbuata verilən məlumata diqqət yetirsək, orada ancaq sammitdə iştirakdan və ikitərəfli görüşlərdən bəhs edilir. ABŞ tərəfi müxtəlif spekulyasiyalara yol verərək özünü tərəflər arasında vasitəçi kimi göstərmək istəyir. Lakin bu belə deyil. Orada görüş baş tutsa da, ikitərəfli olacaq. Orada ABŞ-ın hər hansı bir formada iştirakı nəzərdə tutulmur. Əgər görüş təşkil edilməsə, Azərbaycan belə görüşlərin yalnız özünün məqbul hesab etdiyi məkanlarda keçirilməsinə razı olduğu mənasına gələcək”.
Fərhad Məmmədov görüşlərin keçirilməsində hamı üçün məqbul olunan yerlərin seçilməsinin önəmini vurğulayıb:
“Vasitəçisiz görüşlər yalnız Almaniya və Qazaxıstanda baş tutub. Əgər ABŞ da bura əlavə edilsə, sabah Moskva və Tehrandan da belə dəvətlərin gəlməsi mümkündür. Fikrimcə, bu o qədər də düzgün deyil. Çünki görüşlər üçün elə məkanlar seçilməlidir ki, bu əlavə gərginlik və rəqabətə səbəb olmasın”.