Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsi ilə birgə iyulun 28-də İsmayıllının İvanovka kəndində mədəniyyət təsisatlarına və mədəni əməkdaşlığa dəstək naminə mədəniyyət mərkəzləri və onların filiallarında çalışan bədii rəhbərlər üçün I Beynəlxalq elmi-praktik seminar keçirib.
Yenicag.az Diaspor.az-a istinadən xəbər verir ki, tədbirdə memorandum da imzalanıb.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət bayrağına qarşı hörmətsizlik edilib.
Memorandum imzalanan masanın üstündə olan bayrağımız təşkilatçılar tərəfindən səhv asılıb. Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev əyləşdiyi masaya baxdıqda bayrağımız yaşıl, qırmızı və göy rənglərdə görünürdü.
Deyəsən, Mədəniyyət və Turizm Nazirliyi ilə tədbir təşkilatçıları bayrağımızın rənglərini, asılması, qaldırılması və istehsalı qaydalarını unudublar.
Etdikləri səhvləri bir daha təkrarlamamaqları üçün Mədəniyyət və Turizm nazirliyinin əməkdaşlarına Dövlət bayrağı haqqında olan qanunun bir neçə bəndini xatırlatmaq istərdik:
“Azərbaycan Respublikasının dövlət bayrağı eni bərabər olan üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq göy, orta zolaq qırmızı, aşağı zolaq isə yaşıl rəngdədir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilib. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir. Dövlət bayrağı ya bayraq dirəyinin, ya da xüsusi tutqaclara bərkidilən dəstək üzərində qaldırılır. Bu zaman bayrağın mavi zolağı dirəyin uc tərəfi istiqamətində olmalıdır. Dövlət bayrağı binanın divarına dirəksiz şaquli vəziyyətdə asıldıqda və ya xüsusi tutqaclara bərkidildikdə onun mavi zolağı qarşıdan baxarkən sol tərəfdə yerləşməli, ayla ulduz isə üzüaşağı olmalıdır. Dövlət bayrağı binanın divarına dirəksiz üfüqi vəziyyətdə asıldıqda və ya xüsusi tutqaclara bərkidildikdə mavi zolaq qarşıdan baxarkən yuxarıda olmalı, ayla ulduz isə sağ tərəfə baxmalıdır. Dövlət bayrağı barəsində təhqiredici hərəkətlərin qarşısının alınması və bu məqsədlə müvafiq tədbirlərin görülməsi hər kəsin borcudur.(Diaspor.az)
***
A.Usubəliyev AFN-ə açıqlamasında bunun heç bir bəraəti olmayan hal olduğunu dedi: “Mən xəbər tutan kimi dərhal əməkdaşlarımıza dedim, bildirdilər ki, mağazadan bu formada alınıb. Təbii ki, bu da bizə haqq qazandırmır. Bizim bütün fəaliyyətimiz zatən bayrağımızın uca tutulmasına yönəlib. Biz necə olur-olsun o bayrağı masanın üzərinə elə qoymalı deyildik. Bizim imzaladığımız əməkdaşlıq müqaviləsinin əsas predmetlərindən biri də elə azərbaycançılığın təbliğidir. Bu, texniki səhv, böyük yanlışlıqdır. Nə tədbir lazımdır bizim tərəfimizdən görüləcək. Mən məsuliyyəti əməkdaşların üzərinə də qoya bilmərəm, çünki sonucda o masanın arxasında mən özüm oturmuşam. Mən onu görməli idim. Amma həyəcan, tədbirin reallaşdırılması gərginliyi və s. mənim diqqətimi yayındırıb. Heç bir halda özümüzə bəraət qazandırmıram. Bayraq “Tarqovı”da Nizami küçəsində ofis ləvazimatları mağazasından alınıb, mən əməkdaşımızı göndərdim mağazaya desin ki, bayrağı düzəltsinlər, bizdən başqa heç kim bu duruma düşməsin. Mən hər kəsdən bu yanlışlığa görə üzr istəyirəm. Bunu görüb diqqətimizə çatdıranlara isə təşəkkür edirəm”.