Bakı Şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində paytaxtın Nizami rayonu, Naxçıvanski küçəsi, 47 ünvanında yerləşən bazarda cibgirliklə məşğul olan şəxs saxlanılıb.
Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Əməliyyat zamanı əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum edilmiş Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydiyyatda olan Said Göyçayev tutulub. Araşdırma zamanı onun “8-ci kilometr” bazarında aprel və may aylarında yaşlı qadınların ciblərindən pul kisələri oğurladığı məlum olub.
Hələlik zərərçəkən şəxslərdən ikisinin müvafiq olaraq 150 və 435 manat pulunun S.Göyçayev tərəfindən oğurlandığı sübuta yetirilib.
Qeyd edilən faktlarla bağlı saxlanılan şəxsin ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir. S.Göyçayevin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi də istisna olunmur.
Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə məlumat verə bilərlər.