!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BBC-nin aparıcısı Paşinyanı biabır etdi - VİDEO

!Reklam – Yazi

Ermənistanın Baş naziri Nikol Paşinyan BBC-də yayımlanan “Hard talk” verilişində aparıcı Stiven Sakurun sualları qarşısında çətin duruma düşüb.

Oxu.Az-ın məlumatına görə, N.Paşinyan özünün ənənəvi “sülh formulunu” təkrar edib, deyib ki, Azərbaycan Dağlıq Qarabağın erməni əhalisinin mövqeyini nəzərə almalıdır.

Aparıcı isə Ermənistanın iyulun ortalarında Azərbaycanla sərhədin Tovuz rayonu istiqamətində təxribat törətməsindən, Azərbaycan mövqelərini artilleriya ilə atəşə tutmasından söz açıb.

Aparıcı “Sizin siyasətiniz sülhə nail olunmasına əsaslanmır” replikasını atıb. N.Paşinyan mövzudan yayınaraq, Azərbaycanın Ermənistana qarşı hərbi əməliyyatlara başladığını iddia edib və fikrini də əsaslandıra bilməyib.

O, mövzunu yenidən Dağlıq Qarabağ münaqişəsinə gətirib və yenə də arqumentini izah edə bilməyib.

S.Sakur isə N.Paşinyana ötən ilin avqustunda Azərbaycanın işğal altındakı torpaqlarında – Xankəndidə etdiyi çıxışı xatırladıb. Bildirək ki, N.Paşinyan həmin çıxışda “Qarabağ Ermənistandır” demişdi.

“Siz birləşməkdən danışmışdınız, aydındır ki, bu, Azərbaycana qarşı provokasiya idi”, – deyə aparıcı iradını səsləndirib.

N.Paşinyan isə mövzuya dəxli olmayan atəşkəsi hansı tərəfin pozması ilə bağlı beynəlxalq mexanizmlərdən söz açıb.

Bunun ardınca isə Dağlıq Qarabağın guya Ermənistana məxsusluğunu çox bəsit və kasad arqumentlərlə əsaslandırmağa çalışıb.

O, öz aləmində tarixə ekskurs edib və yalan məlumatlar çatdırmaq istəyib. Deyib ki, min illər əvvəl Dağlıq Qarabağda erməni əhali yaşayıb və “Artsax” adının orada qədimi olduğunu bildirib.

Aparıcı isə onun cəfəng fikirlərinə müdaxilə etmək məcburiyyətində qalıb:

“Biz sizin min illər əvvəlki tarixinizə gedə bilmərik, söhbət bugünkü reallıqdan gedir”, – deyən aparıcı BMT Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi dörd məlum qətnaməni xatırladıb.

Aparıcı BMT-nin Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz çıxması barədə tələbini dilə gətirib.

“Siz isə həmin ərazilərin sizə məxsus olduğundan bəhs edirsiniz. Siz aydın şəkildə deyirsiniz ki, sülhməramlı deyilsiniz”, – deyə aparıcı söyləyib.

N.Paşinyan isə qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrində Ermənistan silahlı qüvvələrinin deyil, erməni özünümüdafiə qüvvələrinin adı çəkilir.

“Reallıq budur ki, münaqişə başlayanda Dağlıq Qarabağın əhalisinin 90 faizi ermənilər idi. Buna görə də Azərbaycan erməniləri oradan çıxarmağa çalışdı, münaqişə də bu andan başladı”, – deyə Paşinyan siyasi və tarixi savadsızlığını nümayiş etdirib.

Aparıcı isə Dağlıq Qarabağdan Ermənistana bir neçə yolun çəkildiyini diqqətə çatdırıb, bu amilin beynəlxalq hüququn pozulması halı kimi qiymətləndirilməsini bildirib.

Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinin olmadığını deyən N.Paşinyanı isə aparıcı yenidən çətin duruma salıb.

Aparıcı 1980-ci illərin sonlarında və 1990-cı illərin əvvəllərində Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ da daxil olmaqla digər ərazilərdə hərbi cinayətlər törətdiyini vurğulayıb.

Aparıcı “Bir çox müstəqil müşahidəçilərin kataloqlarında bu cinayətlər barədə yazılıb. Siz bunlara görə üzr istəyəcəksiniz?” sualını verib.

Baş nazir suala cavab vermək əvəzinə, mövzunu başqa istiqamətə yönəltməyə cəhd edib, deyib ki, Ermənistan həmişə kompromisə hazırdır.

Aparıcı isə bir daha xatırladıb:

“Avropa Məhkəməsinin işlərində Ermənistan ordusunun insan hüquqlarını pozması ilə bağlı məsələlər var. Siz buna görə üzr istəyəcəksiniz?”

Baş nazir konkret cavab əvəzinə Azərbaycanın guya insan hüquqlarını pozmasından danışmağa başlayıb. Aparıcı isə qəzəblə “Mən Azərbaycanla danışmıram, mən sizinlə danışıram” deyib.

Paşinyan Sumqayıt hadisələrindən söz açıb, aparıcı Paşinyanın düzgün cavab verməyəcəyini görərək deyib: “Aydındır, siz üzr istəməyəcəksiniz!”

Verilişdə aparıcı Cənubi Qafqazda Azərbaycan və Gürcüstanla müqayisədə, Ermənistanda koronavirus pandemiyasına nəzarətlə bağlı vəziyyətin bərbad olduğuna işarə edib.

N.Paşinyan isə bildirib ki, pandemiya ilə mübarizədə nəticə çıxarmaq hələ tezdir.

Müsahibədə Ermənistan-Rusiya əlaqələrinə də toxunulub, Paşinyan bildirib ki, Rusiya ölkəsinin strateji tərəfdaşıdır.

Halbuki Paşinyan hakimiyyəti bu günə qədər anti-Rusiya ritorikası göstərib, vəziyyətləri çətinləşəndə isə Moskvanı strateji müttəfiq kimi xarakterizə etməyə başlayırlar.

Ümumilikdə müsahibə əsnasında N.Paşinyan özünün siyasi savadsızlığı ilə yanaşı diplomatik bacarıqsızlığını da nümayiş etdirib.

www.yenicag.az

529
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv