İngiltərənin BBC yayım qurumu “Qəzza: Müharibə bölgəsində necə sağ qalmaq olar” adlı sənədli filmində yol verilən ciddi səhvlərə görə üzr istədiyini açıqlayıb. BBC sözçüsünün verdiyi məlumata görə, sənədli film yayımlandıqdan dərhal sonra BBC-nin seç-izlə platforması “iPlayer”dən çıxarılıb və aparılan ilkin araşdırma nəticəsində filmin hazırlanmasında həm prodüser şirkətin, həm də BBC-nin ciddi xətalar etdiyi müəyyən edilib.
Yenicag.az xəbər verir ki, sözçü bu səhvlərin qəbuledilməz olduğunu və BBC-nin etibarına zərər vurduğunu bildirib: “BBC News bu xətalara və qurumun imicinə vurulan ziyana görə tam məsuliyyəti öz üzərinə götürür. Buna görə üzr istəyirik”.
BBC sözçüsü filmin aparıcısı olan 14 yaşlı Abdullah əl-Yazurinin Fələstində Hamas hökumətində Kənd Təsərrüfatı nazirinin müavini olan Eymən əl-Yazurinin oğlu olduğunu bildirib. Onun sözlərinə görə, BBC bu məsələni sənədli film yayımlandıqdan sonra öyrənib. BBC bu faktın prodüser şirkət “Hoyo Films” tərəfindən quruma bildirilmədiyini etiraf edib.
Bundan əlavə, sənədli filmin aparıcısı olan Abdullah əl-Yazuriyə roluna görə pul ödəndiyi də açıqlanıb. Sözçü “Hoyo Films”in Hamas üzvlərinə birbaşa və ya dolayı yolla hər hansı bir ödəniş etmədiyinə dair BBC-yə zəmanət verdiyini, lakin tam şəffaflıq üçün şirkətdən maliyyə hesabatlarının tələb edildiyini bildirib.
BBC Editorial Şikayət və Araşdırma Bölməsinin rəhbəri Piter Conston məsələni müstəqil şəkildə araşdıracağını açıqlayıb. BBC isə sənədli filmi yenidən yayımlamaq və ya “iPlayer” platformasına yükləmək planlarının olmadığını bəyan edib.
BBC-nin sənədli filmi yayından çıxarması, 500-dən çox televiziya və media nümayəndəsinin etirazına səbəb olub. Onların arasında tanınmış aparıcı Qari Lineker, aktyorlar Çarlz Dans və Xalid Abdalla kimi məşhur simalar da var.
Etirazçılar BBC rəhbərliyinə məktub ünvanlayaraq “Abdullah əl-Yazurinin atası qida istehsalına cavabdeh olan mülki idarəçidir və onun bu vəzifədə olması terrorçuluqla əlaqələndirilə bilməz” deyə bildiriblər. Məktubda həmçinin, BBC-nin sənədli filmi siyasi təzyiq nəticəsində yayından çıxardığı qeyd olunaraq, bunun mətbuat azadlığı üçün ciddi narahatlıq doğurduğu vurğulanıb./yenisabah