Beynəlxalq müstəviyə çıxarılan Qərbi Azərbaycana qayıdış məsələsi – Tənzilə Rüstəmxanlı yazır

İspaniyanın paytaxtı Madrid şəhərində Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunan “Qərbi Azərbaycana qayıdış beynəlxalq müstəvidə” Avropa Forumu bir çox baxımdan mühüm əhəmiyyət kəsb edirdi.

Son illərdə ölkə xaricində Azərbaycanın haqq davasını tanıdan bir çox tədbirlər təşkil etmişik. Amma bu tədbir strateji baxımdan fərqli və daha üstün anlam daşıyırdı. Bu günə qədər təbliğatımız Xocalı soyqırımı, Azərbaycan torpaqlarının işğalı, qondarma erməni genosidinin yalanları təşkil edirdisə, Madriddə keçirilən tədbir həm diaspora, həm də Qeyri Hökumət Təşkilatlarının fəaliyyətində müdafiədən hücum taktikasına keçidin başlanğıcı sayıla bilər. Bu səbəbdən Azərbaycan-Türkiyə Qadınlar Cəmiyyəti və Azərbaycan-Türkiyə Evi olaraq xeyli sayda tədbirlərin təşkilatçısı olsaq da bu tədbirlə bağlı bir həyacan var idi.

Əvvəla, həmin ərəfədə Azərbaycan prezidenti Türkiyənin iştirak etməməsi səbəbindən İspaniyanın Qranada şəhərində keçiriləcək görüşdən imtina etmişdi və bununla bağlı Avropada bir diplomatik gərginlik mövcud idi. Eyni zamanda İspaniyada erməni diasporası da güclüdür və tədbirdən öncə Azərbaycan səfirliyi qarşısında keçirdikləri aksiya, apardıqları təbliğatla pozuculuq işləri görmüşdülər.

Bütün bunlar tədbirlə bağlı müəyyən həyacan yaratmışdı. Amma hər şeyə rəğmən tədbir çox yüksək səviyyədə keçirildi. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Azərbaycanın İspaniyadakı Səfirliyinin rəsmi tərəfdaşlığı ilə keçirilən tədbirdə Avropa Birliyində fəaliyyət göstərən diplomatlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri və media təmsilçiləri bir araya gəldilər. Avropa Birliyində xüsusi çəkisi olan İspaniyanın paytaxtında Serbiya Respublikası Prezidentinin xüsusi müşaviri Damjan Krnjeviç Miskoviç, Avropa Qonşuluq Şurasının icraçı direktoru Samuel Doveri Vesterbay, Brüssel İdarəetmə Məktəbinin professoru, Belçika Baş nazirinin keçmiş müşaviri Köyert Debüf, Türkiyənin Madrid Böyük Elçisi Nüket Küçükel Ezberci, məşhur fotoqraf Reza Deqati kimi Avropada tanınmış şəxslərin “Qərbi Azərbaycana qayıdış” mövzusunda bir araya gəlməsi mühüm bir hadisə idi.

Tədbirin təşkilatçısı kimi giriş çıxışımda Avropanın insan haqları məsələsinin bu qitə üçün böyük dəyər olduğunu vurğulamaqla qərbli diplomatlara bu dəyərin qorunmasının həm də dünyada Avropanın nüfuzunun qorunması ilə ekvivalent olduğunu bildirdim. Bu dolayısı ilə Azərbaycanın haqq davasına, eyni zamanda Qərbi Azərbaycandan deportasiya olunmuş yüz minlərlə insanın hüquqlarına laqeydliyin Avropanın ölkəmizdəki nüfuzuna ağır zərbə vuracağının mesajı idi. Həm sovetlər birliyi dönəmində həm də ondan sonra erməni şovinizminin xalqımıza qarşı yürütdüyü deportasiya və soyqırım siyasətinin konkret faktlarla Avropalı diplomatlarının diqqətinə çatdırılması vacib bir məqam idi.

Azərbaycan Respublikasının İspaniya Krallığı və Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri Ramiz Həsənov çıxışında məsələnin siyasi tərəfinə diqqət çəkərək dünyanın uzun illərdir məruz qaldığı köç məsələsində acizliyini vurğulayaraq, öz yurdundan didərgin salınmış milyonlarla insanın hüquqlarının bərpa olunmasında beynəlxalq qurumların fəaliyyətsiz qaldığını diqqətə çatdırıb.

Millət vəkili Sabir Rüstəmxanlı isə çıxışında heç nəyi gizləməyin mümkün olmadığını bildirərək həqiqətin gec-tez üzə çıxdığını bildirib. Lakin siyasi məqsədləri həqiqət kimi təbliğ edilən yalanların da olduğunu deyən millət vəkili onların dünyanın böyük dövlətlərinin maraqlarına xidmət etdiyinə görə yer üzündə yayılmaqda davam etdiyini vurğulayıb.

Avropa Parlamentinin üzvü, 2014-2019-cu illərdə Avropa Parlamentinin vitse-prezidenti olmuş Riçard Çarnetski qaçqın və məcburi köçkünlərlə bağlı Avropa təcrübələrindən danışıb, sistemin işləmə mexanizmi barədə məlumatı da böyük maraqla qarşılandı. Bütün bu məlumatların fonunda “Westin Palace Hotel”də təşkil olunan forumda dünyaca tanınmış fotoqraf, Azərbaycan həqiqətləriin dünyaya çatdıırlmasında böyük əməyi keçən Reza Deqati foruma vizual təqdimatı və Qərbi Azərbaycandakı izlərimizə dair foto-sərgi tədbir iştirakçılarının nəzəri məlumatlandırılmasını praktik faktlarla da qüvvətləndirmiş oldu.

Tədbirin əsas çıxışlarından sonra panel müzakirələri təşkil edildi. Diplomatiya İnstitutunun Siyasi araşdırma, təhlil və nəşrlər üzrə direktoru, BMT-nin keçmiş yüksək vəzifəli rəsmisi və Serbiya Respublikası Prezidentinin xüsusi müşaviri Damjan Krnjeviç Miskoviçin moderatorluğu ilə keçirilən “Qaçqınlar probleminə Avropa yanaşması: Çağırışlar və beynəlxalq əməkdaşlıqlar yolu ilə mümkün həll yolları” adlı birinci paneldə çıxış edən Avropa Qonşuluq Şurasının icraçı direktoru Samuel Doveri Vesterbay, Brüssel İdarəetmə Məktəbinin professoru, Belçika Baş nazirinin keçmiş müşaviri Köyert Debüf, Madrid San Pablo-CEU Universitetinin tarix professoru Antoniyo Alonso Markos, Kral Xuan Karlos Universitetinin Beynəlxalq ictimai hüquq və Beynəlxalq münasibətlər üzrə fəlsəfə elmləri doktoru Yelena Diyaz Qalan Aİ-nin məcburi köçürmə və deportasiya ilə bağlı siyasəti, qaçqınların üzləşdiyi problemlər, qaçqınların mühafizəsi və onların reinteqrasiyası üzrə mövcud strategiyalar, qaçqın qadınların üzləşdiyi problemlərin həllinə yönəlik müasir yanaşmalar, qaçqın, məcburi köçkün və miqrasiya problemində Avropa İttifaqının tərəfdaş ölkələri ilə praktiki əməkdaşlıq kimi məsələlər ətrafında fikir mübadiləsi apardılar.

“Məcburi deportasiya və qaçqınlar mövzusunda Azərbaycan təcrübəsi: Qərbi Azərbaycana qayıdış” adlı ikinci panel isə Türkiyənin “Ülke TV” yayım şirkətinin Baş redaktoru Həsən Öztürkün maoderatorluğunda baş tutub. İkinci paneldə mən, Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli, Kral Xuan Karlos Universitetinin Hüquq professoru, “Pan-Avropa” Hərəkatının İspaniya nümayəndəliyinin Baş katibi Karlos Uriarte Sançez və Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgərin qatıldığı paneldə qaçqınlar probleminin hüquqi çərçivələri və beynəlxalq ictimaiyyətin öhdəlikləri, qaçqın səslərinin dünyaya eşitdirilməsi və onların hislərinə şərik çıxmaq səylərinin gücləndirilməsi, Azərbaycanlı qaçqınların qayıdışı, onların hüquqlarının müdafiəsinə yönəlik mövcud mexanizm və strategiyalar mövzularında müzakirələr keçirildi.

Forumun sonunda Azərbaycanlı qaçqınlar adından beynəlxalq ictimaiyyətə çağırış edildi. Foruma qatılan Avropalı diplomatların və elm adanlarının Qərbi Azərbaycandan sürgün edilən soydaşlarımızın öz yurdlarına qayıtmaq haqqı etiraf olunub ki, bu da əslində tədbirin öz məqsədinə çatdığı anlamına gəlir.

Bir sözlə, Avropanın mərkəzində tarixi haqqımızın tanıdılması istiqamətində keçirilən bu tədbir xaricdə diaspor fəaliyyətimiz baxımından müdafiədən hücuma taktikasının başlanğıcı kimi böyük bir əhəmiyyət daşımış oldu. Beynəlxalq səviyyədən ölkəmizin təbliği və milli haqqlarımızın qəbul etdirilməsinə müstəsna dəstək olan bu tədbirin keçirilməsində əməyi keçən hər kəsə, xüsusilə Prezident Adminstrasiyasına, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, Xarici İşlər Nazirliyinə, Azərbaycan Respublikasının İspaniya Krallığı və Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri Ramiz Həsənova, Türkiyənin Madrid Böyük Elçisi Nüket Küçükel Ezberciyə, məşhur fotoqraf Reza Deqatiyə, Serbiya Respublikası Prezidentinin xüsusi müşaviri Damjan Krnjeviç Miskoviçə, Avropa Qonşuluq Şurasının icraçı direktoru Samuel Doveri Vesterbaya, Brüssel İdarəetmə Məktəbinin professoru, Belçika Baş nazirinin keçmiş müşaviri Köyert Debüfə, Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərliyə, Kral Xuan Karlos Universitetinin Hüquq professoru, “Pan-Avropa” Hərəkatının İspaniya nümayəndəliyinin Baş katibi Karlos Uriarte Sançezə, “Ülke TV”nin baş redaktoru Həsən Öztürkə, səfirliyimizin əməkdaşları Nadir müəllimə, Püstə və Nərmin xanımlara bə bu təbirin çəfasını ən çox çəkənlərdən Aqil və Toğrula hədsiz təşəkkürümü bildirirəm.

Cənab Prezidentimizin dediyi kimi, biz birlikdə güclüyük!

COP29